Nizami Gəncəvi − 880
Mədəniyyət

Nizami Gəncəvi − 880

Dünya poeziyasının aparıcı nümayəndələrindən biri

Dahi Azərbaycan şairi Nizami Gəncəvi yetkin bir alim-şair, mütəfəkkir filosof sənətkar kimi ədəbiyyatda, söz sənətində yeni üslub, yeni şivə yaratdığını, necə bir dəyər qazandırdığını çox gözəl bilirdi. Bunun elmi-nəzəri əsaslarını da istedadlı bir ədəbiyyatşünas, şeirşünas kimi oxucuların diqqətinə çatdırırdı. Elə bu yeni üslubda yazıb-yaratmaq naminə zəmanə şahlarının dəvətini qəbul etməyərək saraya getməmiş, bir sənətkar kimi azadlığını hər şeydən üstün tutmuşdu.

Nizamiyə qədər dünya ədəbiyyatında, xüsusən İslam xalqlarının ədəbiyyatında böyük şairlər olmuşdur. Buna görə də, Nizami Gəncəvi öz sənətini boş yerdə formalaşdırmadı, onun möhkəm bünövrəsi var idi. Ancaq doğrudan da, Nizami sənəti sələflərindən kifayət qədər seçilən novator bir ədəbi hadisə idi və bu baxımdan o, XII yüzilin  Azərbaycan poeziyasının deyil, ümumilikdə Yaxın və Orta Şərq, bir az da cəsarətli desək, dünya poeziyasının nümayəndələrindən biri sayıla bilər. Daha doğrusu, inamla demək olar ki, Nizami Gəncəvi yeni üsluba söykənən yaradıcılığı ilə bütövlükdə dünya ədəbiyyatında yeni bir keyfiyyət mərhələsi, dünya poeziya tarixində yeni parlaq bir səhifə açmış oldu. Dünya ədəbiyyatında Nizami Gəncəvi daha çox beş poema müəllifi kimi tanınır. Bu poemalar birlikdə “Xəmsə” adlanır.

Nizaminin əsərlərində dərin vətənpərvərlik duyğusu görürük. Şair doğma yurdunu müdafiə etməyə çağırır, fədakarlıq, qəhrəmanlıq, əzəmətli işlər tələb edirdi.

Nizaminin əzəmətini, onun müqəddəs vətənpərvərliyini, xalqa olan məhəbbətini, doğma yurdu ilə sıx əlaqələrini qələmə aldığı müxtəlif şeirlərində aydın görürük. Biz Nizaminin timsalında dahi sənətkarın öz xalqı ilə ülvi surətdə bağlı olduğuna bir daha inanırıq.

Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev Nizami haqqında ürək sözlərini belə ifadə etmişdir: “Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər”.

Nizami böyük humanistdir. Xalqa, insana qarşı məhəbbət, ədalətsiz və zülmkar hakimiyyətə qarşı kəskin nifrət, insan ruhunun dərinliklərində qala bilmək ustalığı Nizamiyə öz dahi və inamlı qələmi ilə ən böyük sənət əsərləri yarada bilməsinə imkan vermişdir. Elə əsərlər ki, humanist bir ruhla, həyat eşqilə doludur.

Dahi azərbaycanlının humanizm dünyagörüşü Qərbi Avropada humanizm epoxasının başlanmasından çox-çox əvvəl inkişaf etmiş idi. XII əsrdəki Azərbaycan dünyanın ən qabaqcıl ölkələrindən biri idi. Şərq də humanizmin beşiyi, insan dühasının ən böyük əsərlərini yaradan Nizaminin vətəni olmuşdur.

Nizaminin yaradıcılığı bəşəriyyətin bədii inkişaf tarixinin önəmli səhifəsidir. O, elə bir sənət yaratmışdır ki, bu gün belə dünya ədəbiyyatında misilsiz bir nümunə sayıla bilər.

Nizami Gəncəvinin yaradıcılığı Azərbaycan və dünya ədəbiyyatının inkişafına böyük təsir göstərmiş idi. Qafqaz və yaxın Şərq xalqlarının ədəbiyyatı əsrlər boyu bu dahi şairin təsiri altında qalmışdır. Onlarca ən böyük şair öz mövzusunu Nizaminin “Xəmsə”sindən almışlar, ondan şairlik sənətini öyrənmişlər.

Nizaminin zəngin şeir xəzinəsindən obrazlar, təşbehlər, fikirlər almışlar.

Nizaminin yaradıcılığı XII əsrdə Azərbaycan ədəbiyyatının ən yüksək bir nöqtəsi idi. Nizami Azərbaycan ədəbiyyatının “qızıl dövrünün” zirvəsi, onun ən parlaq və ehtişamlı bir sərkərdəsi olmuşdur. Vurğulamaq lazımdır ki, hazırda ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə geniş hazırlıq işləri aparılır.

Esmira ƏLƏSGƏROVA,

Göygöl rayonundakı Quşqara kənd orta məktəbinin müəllimi.