Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin məqsədyönlü və geniş fəaliyyəti
Digər xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin məqsədyönlü və geniş fəaliyyəti

“Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda keçirilmiş VIII Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyəti böyükdür

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən 30 sentyabr 2012-ci ildə Gəncə şəhərində keçirilmiş dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirində təsis edilmişdir. Azərbaycan Prezidentinin dəstəyi ilə Mərkəz Bakı şəhərində yerləşməklə fəaliyyətini davam etdirən müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertləri öz ətrafında birləşdirir. Ali idarəetmə orqanı dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən ibarət İdarə Heyətidir. İdarə Heyəti 20 nəfər üzvdən ibarətdir. Mərkəzin Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 görkəmli üzvləri vardır.

Mərkəzin həmsədrləri Latviya Respublikasının sabiq prezidenti (1999-2007) xanım Vayra Vike-Freyberqa, Dünya Bankının sabiq vitse-prezidenti (1992-2000) dr. İsmayıl Seragəldin, İcraçı direktoru Elnur Əliyev, Baş katibi Rövşən Muradovdur.

2012-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Nizaminin poeziyası ilə təbliğ etdiyi dəyərləri özündə cəmləşdirən çox görkəmli şəxsiyyətlərə və qurumlara təqdim etmək üçün “Nizami Gəncəvi Beynəlxalq Mükafatı”nı təsis etmişdir. Onu da xüsusi olaraq qeyd edək ki, ümumilikdə mərkəz tərəfindən dünya üzrə 21 görkəmli şəxs “Nizami Gəncəvi Beynəlxalq Mükafatı”nı almışdır. 

2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. 2013-cü ildən bu günədək sayca 7 Qlobal Bakı Forumu və 42 yüksək səviyyəli toplantı keçirilib. Hər bir forumda ümumilikdə 500-dən çox xarici qonaq iştirak etmişdir. 2020-ci ildə VIII Qlobal Bakı Forumu COVİD-19 pandemiyası ilə əlaqədar təxirə salınmışdır.

Mərkəz Podgoriçki Klubu (Bosniya), Marianna V.Vardinoyannis Vəqfi (Yunanıstan), Quqenhaym (ABŞ), Çin İnnovasiya və İnkişaf Strategiyası İnstitutu (ÇXR), Çin Xalq Xarici İşlər İnstitutu (ÇXR), Taihe İnstitutu (ÇXR), Amerika Xarici Siyasət üzrə Milli Komitə (ABŞ), Berqqruen İnstitutu, Robert F.Kennedy İnsan Hüquqları (ABŞ), Schwarzman Alimləri (ÇXR), İtalyan Beynəlxalq Təşkilatları Cəmiyyəti (İtaliya), Dünya Sənət və Elm Akademiyası (WAAS) kimi nüfuzlu beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq edir.

2014-cü ilin 28-30 aprel tarixlərində Madrid Klubunun təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə II Qlobal Açıq Cəmiyyətlər Forumu Bakıda keçirilmişdir. Forumda mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac, yüksək keyfiyyətli təhsil, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, təbii sərvətlər və qlobal sərhədlərin rolu, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti ətrafında geniş müzakirələr aparılmışdır.

28-29 aprel 2015-ci ildə keçirilən “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III Qlobal Bakı Forumunda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemlər və onların həll yollarının tapılması istiqamətindəki məsələlərə xüsusi diqqət yetirilmişdir.

2016-cı ilin 10-11 mart tarixlərində Bakıda İnteraction Council, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlığı çərçivəsində IV Qlobal Bakı Forumu keçirilmişdir. Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentləri iştirak etmişdir. Bundan başqa, 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə də tədbirə qatılmışdır.

“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən Forumda dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunmuşdur. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxil olmuşdur.

V Qlobal Bakı Forumu 16-17 mart 2017-ci ildə Bakıda keçirilmişdir. Forumun mövzusu “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumda iştirak ediblər. Həmçinin Forumda Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Giorgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal, Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal iştirak etmişlər.

VI Qlobal Bakı Forumu üç gün davam etməklə 2018-ci il 15-17 mart tarixlərində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilmişdir.

“Dünyanın yeni xarici siyasəti” mövzusunda 2019-cu il, 14-16 mart tarixlərində Bakıda VII Qlobal Bakı Forumu keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak etmişdir.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mükafatının 2019-cu ilin təqdimat mərasimi keçirilmişdir. Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə və Robert F. Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennediyə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə “Nizami Gəncəvi Beynəlxalq mükafatı” təqdim olunmuşdur.

2020-ci ildə keçirilməsi nəzərdə tutulan VIII Qlobal Bakı Forumu COVİD-19 pandemiyası ilə əlaqədar təxirə salınmışdır.

Nəhayət, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Qlobal Bakı Forumu bu il mayın 21-də “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda videoformatda keçirilmişdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyət göstərdiyi ötən səkkiz il ərzində səmərəli işi ilə beynəlxalq səviyyədə böyük nüfuz qazanmaqla, dünyada aparıcı təsisatlardan birinə çevrilmişdir. Mərkəz keçirdiyi tədbirlərin mövzu dairəsini getdikcə genişləndirib, bəşəriyyətin üzləşdiyi çağırışların- pandemiya ilə mübarizədə qlobal həmrəylik, formalaşan dünya nizamı, ərzaq təhlükəsizliyi, təhsilin inkişafı kimi önəmli məsələlərin müzakirə edildiyi əhəmiyyətli platforma kimi, dözümlülük, anlaşma və dialoq ünvanı kimi tanınıb. Bəli, mərkəz öz məqsədyönlü və geniş fəaliyyəti ilə dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edir. Qurumun üzvləri ölkələrinə, yaxud beynəlxalq təşkilatlara uzun illər rəhbərlik etmiş məşhur dünya siyasətçiləridir. Onların təcrübələri, həqiqətən unikaldır. Belə zəngin təcrübənin bir araya toplanması dünyada nadir hadisədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxış edərək dedi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yeni şəraitə özünü çox müdrik formada uyğunlaşdırdı. Pandemiya ilə bağlı vəziyyətdən asılı olmayaraq, öz fəaliyyətini yeni formada davam etdirdi. Eyni zamanda, bu fəal işin aparıldığı səkkiz il ərzində Mərkəz dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Onun geniş fəaliyyəti, əslində, dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edir. Bu, Cənubi Qafqaz regionunda yaranan kəskin dəyişikliklərlə, yeni vəziyyətdə yeni yanaşmaların tələb edilməsi ilə bağlıdır. Bütün bunlar, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, əslində, dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmətindən xəbər verir.

Müzakirələrdə 2005-2007-ci illərdə ABŞ-ın Milli Təhlükəsizlik Şurasında Cənubi və Mərkəzi Asiya Məsələləri üzrə direktor, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi Deyvid Merkel, 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, 2008-ci ildə Gürcüstanın xarici işlər naziri olmuş xanım Eka Tkeşelaşvili, 2002-2010-cu illərdə İsrailin xarici işlər naziri xanım Tzipi Livni, 2005-2010-cu illərdə Ukraynanın Prezidenti olmuş Viktor Yuşşenko, ABŞ-ın Azərbaycan Respublikasındakı sabiq səfiri Robert Sekuta, 2008-2011-ci illərdə İtaliyanın xarici işlər naziri, 2004-2008-ci illərdə Avropa İttifaqının komissarı olmuş cənab Franko Frattini, 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti olmuş cənab Roşen Plevneliyev, 1987-2015-ci illərdə Anti-Diffamasiya Liqasının direktoru olmuş cənab Abraham Foksman, 2013-2019-cu illərdə Çinin xarici işlər nazirinin müavini, hazırda isə Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti cənab Vanq Çao, 2001-2011-ci illərdə Ərəb Liqasının Baş katibi və 1991-2001-ci illərdə Misirin xarici işlər naziri cənab Amr Musadan və başqaları iştirak ediblər.

Prezident İlham Əliyev müzakirələrdəki çıxışında bildirib ki, hazırda Azərbaycanın yerləşdiyi regionda cərəyan edən son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişib. Bu səbəbdən də, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac yaranıb.

Dövlətimizin başçısı daha sonra bu gün Azərbaycanın ehtiyac duyduğu “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda aparılan müzakirələri yüksək dəyərləndirdiyini bildirib: “Demək olar ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır. . . “.

Məhz belə bir mötəbər mərkəzin təşkil etdiyi tədbirdə İlham Əliyev bütün məsələlərə mahiyyəti üzrə aydınlıq gətirdi, onlara sistemli yanaşma nümayiş etdirdi, məntiqlə və əhatəli şəkildə təhlil etdi. Cənubi Qafqazdakı mövcud durumu və qarşıdakı perspektivləri dəyərləndirərkən yaranmış yeni imkanları diqqətə çatdırdı və postmüharibə dövrü üçün reallıqları açıqladı. Hər zamankı kimi İlham Əliyevin yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslərə də münasibətini ortaya qoydu.

Azərbaycanın bir çox ölkələrlə, superdövlətlərlə, həmçinin beynəlxalq təşkilatlarla münasibətləri və bundan sonrakı əlaqələrin hansı formada davam etdiriləcəyinə də aydınlıq gətirən İlham Əliyev yeni informasiya strategiyası ilə postmüharibə dövründə də regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı və bunun mənəvi, hüquqi nəticələri barədə dolğun məlumatlar verdi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu dəfəki müzakirələrə çıxardığı mövzu son dərəcə aktualdır. Azərbaycan Prezidenti mövzunun əhəmiyyəti barədə belə dedi: “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirəni yüksək dəyərləndirirəm, çünki bizim məhz buna ehtiyacımız var. Demək olar ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər”.

Bu gün Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionda və bütün dünyada sülhün və ədalətin bərqərar olunmasına çalışır. Cənubi Qafqaz xalqlarının tərəqqi və rifahı yalnız ədalətli sülhdən, tolerantlıq və dialoqdan keçir. Bunu, təəssüf ki, Ermənistandakı revanşist qüvvələr hələ də başa düşmür, yaxud başa düşmək istəmirlər. Əlbəttə, böyük yanlışlığa yol verirlər. Onlar öz bəd əməllərindən nə qədər tez əl çəksələr, regionda uzunmüddətli sülhün bərqərar olunması üçün imkanlar yaranar.

Tədbirdə çıxış edən natiqlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək dəyərləndirərək, müzakirə olunan mövzu ilə bağlı fikir və mülahizələr səsləndirdilər. Onlar əmindirlər ki, mərkəz bundan sonra da dahi mütəfəkkir Nizaminin irsini və Azərbaycanın zəngin mədəniyyətini dünyaya çatdırmağa çalışacaq, bununla da regionda və bütün dünyada sülhə və ədalətin bərqərar olunmasına töhfə verəcək.

Azərbaycan gələcəyə baxan dövlətdir. Prezident İlham Əliyev tədbirdə bu fikri xüsusi qeyd etdi: “Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq”.

Bəybala BƏYBALAYEV,

“Respublika”.