Normal suvarma yüksək məhsuldarlığa təminat yaradır
İQTİSADİYYAT

Normal suvarma yüksək məhsuldarlığa təminat yaradır

Hacıqabul rayonunun Qarasu kəndində fermer Kamil Abdullayevlə görüşəndə təsərrüfat payızlıq taxıl biçininə hazırlaşırdı. Kamil bir neçə ildir ki, ölkədə qida təhlükəsizliyinə ən etibarlı sahələrdən olan taxılçılıqla məşğuldur. Öhdəsində 500 hektara yaxın taxıl sahəsi var. Hər il yüksək aqrotexniki qaydalar əsasında becərilən buğda və arpa zəmilərindən yüksək məhsuldarlıq əldə olunur. Söhbət əsnasında Kamil Abdullayev dedi:

- Qarasu torpağı bərəkətlidir. Amma bitki optimal müddətdə suvarma suyu ilə təmin edilərsə, məhsuldarlığın əsası qoyula bilər. Razılıq hissi ilə deməliyəm ki, cari ilin əkin mövsümündə su sarıdan korluq çəkməmişik. Arpa və buğda tarlalarını Yuxarı Şirvan kanalından götürdüyümüz su ilə iki dəfə, yonca sahələrini isə istənilən qədər suvarma suyu ilə təmin etmişik.

Taxıl biçini çoxdan başa çatıb. Kamilin fermer təsərrüfatında əldə olunan məhsuldarlığın vəziyyəti ilə maraqlandıq. Fermer bildirdi ki, hektardan rekord həcmdə, 60-70 sentner məhsul götürdük.

Yeri gəlmişkən deyək ki, fermer Kamil Abdullayevin təsərrüfatında bütün lazımi texnika vasitələri var. "Nevholland" markalı taxılbiçən kombayn da şəxsi təsərrüfata məxsusdur. Təsərrüfat həm də toxumçuluq təsərrüfatı kimi ixtisaslaşıb. Burada istehsal olunan "Qarabağ-22", "İosif" arpa sortları, "Qobustan" buğda sortu öz məhsuldarlığına görə alıcılar tərəfindən yüksək qiymətləndirilir. Kamil Abdullayev əvvəlki söhbətlərdə olduğu kimi, bir daha əlavə etdi:

-Yüksək məhsuldarlığa normal suvarma suyu sayəsində nail olduq. Bu gün hər bir təsərrüfat sahibinin qarşısında duran əsas vəzifə sudan istifadədə israfçılığı azaltmaq, bu təbii nemətdən qənaətlə istifadə etməkdir.

Hacıqabul Suvarma Sistemləri İdarəsinin kollektivi ərazidə yaranan su qıtlığından zərər çəkməmək üçün var qüvvə ilə səmərəli yollar axtarışındadır. Rayonun təsərrüfatlarında növbəlilik cədvəli yaradılmış, su itkisinin qarşısını almaq məqsədilə suvarmaya nəzarət gücləndirilmişdir. İdarənin rəisi Mafisət Cəfərov deyir:

- Rayonun iqtisadiyyatının əsasını təşkil edən aqrar sahəyə xidmət göstərən Suvarma Sistemləri İdarəsinin əsas vəzifəsi rayonun 18.972 hektar suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərini, meşə zolağını və rayonun 34 min hektar qış otlaqlarında su təminatını həyata keçirməkdən, mülkiyyətdə olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etməkdən, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Bu əsas vəzifəmizin yerinə yetirilməsi üçün idarənin balansında olan suvarma sistemlərinin qorunub saxlanılması, onların normal iş rejimində istismar olunması fəaliyyətimizdə başlıca yer tutur. Su mənbələri barədə məlumat vermək istəyirəm; Kür çayından 6585 hektar, Yuxarı Şirvan kanalından 7263 hektar, Pirsaat Su Anbarından 1652 hektar, Atqı kanalından götürülən su ilə 3472 hektar ərazi suvarma suyu ilə təmin olunur. Cari ildə təsərrüfatların 12.284 hektarında taxıl, 247 hektarda pambıq, 252 hektarda şəkər çuğunduru, 198 hektarda qarğıdalı, 2155 hektarda yem bitkiləri və sair əkin aparılmışdı.

Bundan əlavə, 34.000 hektar ərazidə qışlama keçirən şəxsi və fermer təsərrüfatlarla müqavilə bağlamış, həmin təsərrüfatları mütəmadi olaraq su ilə təmin etmişik. Rayon ərazisində əkinlərin suvarılması üçün cari ilin 9 ayında su mənbələrindən 110.850 milyon kubmetr su götürülmüş, suayırıcılarından SİB-lərə 37,58 milyon kubmetr su verilmişdir.

Rayon ərazisində Ədliyyə Nazirliyinin Dövlət qeydiyyatından keçmiş 6 Sudan İstifadəedənlər Birliyi fəaliyyət göstərir ki, onlar suayırıcılarından suyu müqavilələr əsasında qəbul edərək növbəliliklə su istifadəçiləri arasında paylayırlar. 2022-ci ildə idarə üzrə 79 min manat sudan pullu istifadə planlaşdırılmışdır.

İdarə rəisi onu da əlavə edir ki, bəzən ortaya çıxan çətinliklərin aradan qaldırılmasında təbiət özü balans yaradır. May ayında düşən aramsız yağışlar Pirsaat çayında daşqınlar yaratmış, Pirsaat Su Anbarı altında olan əkinlərin su təminatında baş verən çətinliklərin aradan qaldırılması üçün daxili imkanları səfərbər edilərək vəziyyətdən çıxmaq mümkün olmuşdur.

Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq ərazilərdə kəndlərin yerli icra, bələdiyyə və ictimaiyyət nümayəndələri ilə birgə aparılmış məqsədyönlü işin nəticəsi olaraq razılaşma əsasında kəndlərin suvarma növbəliliyi tətbiq olunmuş və bunun sayəsində Pirsaat Su Anbarından suvarılmalı olan Navahı, Atbulaq, Qızılburun kəndlərinin ərazilərində olan əkinlər Navahı Nasos Stansiyası hesabına suvarılmışdır.

İdarə rəisi deyir:

- Kollektivimiz 2022-ci ilin son aylarında üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün qüvvələri səfərbər edərək səylə işləyir, ölkədə kənd təsərrüfatı məhsulları bolluğunun yaranması istiqamətində mütəşəkkillik göstərir.

Tofiq HÜSEYN,

"Respublika".