Növbəti diplomatik qələbə
Digər xəbərlər

Növbəti diplomatik qələbə

Son günlər Avropadan gələn xoş xəbərlər hər birimizi qürurlandırır. Belə ki, oktyabrın 6-da Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfər etmişdi. Qırx dörd ölkə rəhbərinin iştirak etdiyi bu toplantıya xüsusi dəvət dövlətimizin dünyada artan nüfuzunun göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada mövqeyinin güclənməsi, söz sahibi olmasının bariz nümunəsidir. Hazırda hər bir dövlət üçün enerji təhlükəsizliyi və nəqliyyat kommunikasiyasının önəmi artıb. Bu gün Avropa dövlətləri bu baxımdan Azərbaycanla əməkdaşlığa daha çox maraqlıdır.

Prezident İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində Avropa İttifaqı ilə əməkdaşlığın önəmini vurğulayıb: "Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır. İlk növbədə, enerji sahəsində. Buna misal olaraq cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu qeyd oluna bilər. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Avropa İttifaqı ilə əməkdaşlığın önəmli istiqamətlərindən biri siyasi dialoqdur. Yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb". Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanların yaradıldığını deyən dövlət başçısı Avropa İttifaqı ölkələrinin Azərbaycanın əsas ticarət tərəfdaşları olduğunu qeyd edib. Cənab Prezident hər zaman diplomatik və iqtisadi müstəvidə Azərbaycanın mənafeyini əsas götürür.

Azərbaycan regional lider statusunu məhz Prezident İlham Əliyevin mükəmməl xarici siyasəti nəticəsində möhkəmləndirib. Prezident İlham Əliyevin Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərinin gərgin keçdiyini müşahidə etdik. Cənab Prezidentin qeyd etdiyi kimi, görüşlərin bir məqsədi var ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın. "Təmaslar davam edir. Sülh prosesinə artıq təkan verildi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bunun ardı kəsilməməlidir. İşçi qrupu sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olmalıdır", - deyə ölkə başçısı Praqada bildirib.

Dördtərəfli formatda keçirilən bu görüşlərdə Azərbaycanın mövqeyi yenə də mərkəzdə idi. Bu görüşlərin nəticəsi olaraq Azərbaycan növbəti diplomatik qələbəsini əldə etdi. Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanatın qəbul edilməsi hər birimizi sevindirdi. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Bununla Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımış oldu.

Azərbaycanın məqsədi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Buna görə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması vacib şərtdir. Praqada cənab Prezident diplomatik savaş apararaq Ermənistanı sülhə məcburetmə işini uğurla həyata keçirdi. Dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyana masada növbəti dəfə dəmir yumruğu göstərdi. Azərbaycanın haqlı, Ermənistanın isə haqsız, təcavüzkar olduğunu Paşinyan qəbul etmək zorunda qaldı. Azərbaycan Praqada öz mövqeyini təmin edərək ərazi bütövlüyünə sahib çıxdığını nümayiş etdirdi.

Nəbi AĞAYEV,

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu.