Növbəti yanlış mövqe
Siyasət

Növbəti yanlış mövqe

Ermənistanın sülh müqaviləsinin imzalanmasını gecikdirmək cəhdləri davam edir

Hazırda postmünaqişə dövründə əldə olunan üçtərəfli bəyanatların icrası və delimitasiya prosesi, o cümlədən kommunikasiya və nəqliyyat xətlərinin açılması həlli vacib məsələlərdir. İşğal faktorunun aradan qaldırılması ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün yeni imkanlar yaranıb. Bu baxımdan ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi zəruridir.

Azərbaycan məsələnin sülh yolu ilə həllinin tərəfdarı olsa və bunu atdığı addımlarla təsdiqləsə də, Ermənistanın daim danışıqlara imitasiya naminə qatıldığı hər kəsə məlumdur. Vaxt qazanmaq üçün təxribatlara əl atır, danışıqları pozur. Təəssüflər olsun ki, bəzi dünya gücləri də ona bu niyyətinin həyata keçirilməsində dəstək olur, ədalət və beynəlxalq hüquq məfhumlarını arxa plana keçirərək dünyada bir etimadsızlıq mühiti yaradırlar. Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil edir. Bununla yanaşı, Qarabağdakı qondarma qurumun başçısı Araik Arutunyan da bir sıra "nazirləri" postlarından azad edir və yaxud onları "səlahiyyətləri icra edən" statusuna keçirir. Bəzi şərhçilər bunu ciddi proses kimi dəyərləndirirlər. Hətta Ermənistanın keçmiş XİN rəhbəri Vardan Oskanyanın qondarma qurumun "xarici işlər naziri" təyin olunacağını proqnozlaşdırırlar. Siyahıda qondarma qurumun kənd təsərrüfatı, ərazi və idarəetmə, sosial inkişaf və miqrasiya, təhsil, elm, mədəniyyət və idman, ədliyyə, şəhərsalma, maliyyə və iqtisadiyyat "nazirləri"nin adları var.

Görünən odur ki, əzəli və əbədi yurdumuz Qarabağda özünü hələ də qondarma qurumun prezidenti kimi qələmə verməyə çalışan cinayətkar Araik Arutunyan o dərəcədə azğınlaşıb ki, yeni "hökumət" formalaşdırır, təyinatlar edir. Üstəlik, son vaxtlar Qarabağda separatçı quldurların silahlı təxribatları da intensivləşib. Bu isə imzalanan üçtərəfli bəyanata açıq-aşkar hörmətsizlikdir. Çünki orada statusla bağlı bir kəlmə də yoxdur. Belə bir vaxtda bu cür sərsəm təyinatlar, Qarabağa təxribat xarakterli səfərlər diqqət çəkmək üçün həyata keçirilir. Reallıq isə budur ki, Qarabağa kimin gəlməsindən asılı olmayaraq heç nə dəyişməyəcək. İstər rusiyalı milyarder Ruben Vardanyan, istər Vardan Oskanyan, istərsə də digər şəxslərdən ibarət "komandanın" formalaşdırılması situasiyanı dəyişmək iqtidarında deyil. Çünki Azərbaycan qəti mövqe ortaya qoyub və nə cəbhədə, nə də masada geri addım atmaq fikrində deyil. Qondarma rejim rusiyalı Vardanyanın, suriyalı Oskanyanın adını tez-tez hallandırır. Əslində isə onların hər ikisi Azərbaycan ərazisinə qeyri-qanuni gəliblər və Azərbaycan qanunvericiliyinə əsasən, cinayət törədiblər. Ona görə də indiki situasiyada Azərbaycanın bu şəxslərlə cinayətkar kimi davranmağa tam haqqı var. Azərbaycan Ermənistan üzərində qazandığı qələbə ilə öz əzəli torpaqlarını bərpa edib və yerdə qalan problemlərin də həlli istiqamətində Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı siyasət yeni reallıqlar yaradıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən sammitinin Nikol Paşinyanın timsalında Ermənistan üçün fiasko ilə nəticələndiyini deməkdə əlavə şərhə ehtiyac yoxdur. Belə ki, baş nazir Nikol Paşinyan KTMT-nin Ermənistana yardımla bağlı sənədini imzalamaqdan imtina etməklə elə sammitdəki məğlubiyyətini etiraf etmiş oldu.

Nikol Paşinyanın növbəti yanlış qərarına Prezident İlham Əliyev sərt münasibət bildirib. Dövlət başçısı Paşinyanın nəzərdə tutulan növbəti Brüssel görüşündə Makronun iştirak etməsi şərtini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirib. Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bildirib ki, dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən həmin görüş keçirilməyəcək.

Qarabağda yaşayan sadə ermənilər onların üzərində qurulmuş oyunların qurbanı olduqlarını anlamalıdırlar. Vaxtilə Robert Köçəryan və Serj Sarkisyan onlardan istifadə edərək Ermənistanda hakimiyyəti ələ keçirdilər, sərvət sahibinə çevrildilər. Qarabağda yaşayan sıravi ermənilər isə onların bu ambisiyasının girovuna və qurbanına çevrildilər. İndi də sıravi ermənilər yeni oyunlara sövq edilirlər.

Bu oyunların heç bir perspektivi yoxdur və Azərbaycan uzun müddət belə vəziyyətə dözmək niyyətində deyil. Azərbaycan bununla bağlı qəti tədbir görmək hüququnu özündə saxlayır. Ermənilər nəhayət anlamalıdırlar ki, belə bir məqamda anidən, gecənin bir vaxtı Azərbaycan XTQ-nin antiterror əməliyyatı keçirməsi hər şeyi həll edə bilər. Ümumən, belə sərsəm təyinat verilməsi yalnız sülh müqaviləsinə imza atılmaması, status-kvonun saxlanılması məqsədi daşıyır. Ermənilərin bu və ya digər oyunbazlıqlarına sərt şəkildə son qoyulmalıdır. Bu cür məsuliyyətsiz addımlarla onlar yenidən məsələni köhnə məcraya qaytarmaq, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, cəhənnəmə göndərdiyimiz, gorbagor olan status məsələsini gündəmə gətirmək istəyirlər. Buna yol verilməməlidir. Azərbaycan bu cinayətkarlarla hər hansı dialoqa getmək niyyətində deyil. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan Konstitusiyası ilə müəyyən olunmuş bütün hüquq və azadlıqlar onlara da şamil olunur. Azərbaycanın qəti mövqeyi belədir ki, kənardan gətirilib xüsusi qaydada statuslandırılan kiminləsə deyil, məhz Qarabağdakı ermənilərin içindən çıxmış və sözün əsl mənasında onları təmsil edə biləcək şəxslərlə müəyyən edilmiş səviyyədə dialoq apara bilər.

Ermənilərin belə yanlış addımlarla sülh müqaviləsinin imzalanmasını gecikdirmək cəhdləri yalnız onların özlərinə zərbədir. Beynəlxalq ictimaiyyət də bunu başa düşməlidir ki, regionda baş verən istənilən neqativ proses beynəlxalq məsələlərə təsir edir. Ona görə də delimitasiya və demarkasiya prosesi başa çatmalıdır. Məsələnin uzanması regionda təhlükəsizliyə təhdidi artırır.

Mustafa KAMAL,

"Respublika".