“Nur Retail” MMC-nin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub
Digər xəbərlər

“Nur Retail” MMC-nin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub

“Nur Retail” MMC-nin “Armo Store” mağazalar şəbəkəsinin “Yasamal” filialının müdiri Ağafərid Ağayevin qanunsuz əməlləri ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Yasamal Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış ibtidai istintaqla Ağafərid Ağayevin 2017-ci il noyabrın 27-dən 2018-ci il mayın 5-dək olan müddətdə həmin vəzifədə işləyərkən müdiri olduğu müəssisənin büdcəsindən ümumilikdə 20 min 216 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

İş üzrə toplanmış sübutlar əsasında Ağafərid Ağayevə Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (mənimsəmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan olunmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İş üzrə vurulmuş ziyan tam ödətdirilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.

AZƏRTAC