O GÜN UZAQDA DEYİL
Region

O GÜN UZAQDA DEYİL

“Şərəf nişanı” ordenli, Azərbaycan Respublikasının Əməkdar müəllimi Əbülfəz Qazıyev qədim İrəvanın zadəgan nəslindəndir. O, 1911-ci ildə Göyçə mahalının Əştərək diyarının Təkyə kəndində dünyaya göz açıb. Uşaq yaşlarında ikən valideynləri faciəli şəkildə erməni cəlladları tərəfindən qətlə yetirilib.

Bu barədə o, xatirələrində yazırdı: “Qərbi Azərbaycan Vətənim. İrəvan məmləkətim. Göyçə həsrətim. Əştərək doğulduğum yurdum. Həsrət boğur məni...

 Atam Əbdülhəsən müəllim idi. Ailədə altı uşaq idik. İki bacı, dörd qardaş. Evin ən kiçiyi mən idim.  Ermənilər bizi didərgin salana qədər çox xoşbəxt yaşayırdıq. Bir gün əlisilahlı ermənilər kəndə girdilər. Evlərə od vurub yandırırdılar. Kənd camaatını işgəncə ilə öldürürdülər.

 Yaxşı xatırlayıram. Əmim təlaş içində bizə gəlib atama dedi: “Uşaqları götür, tez çıx evdən. Atam isə bura mənim torpağım, buranı tərk etmək bizə yaraşmaz. Öləcəyiksə elə burada ölək, dedi”.

Həyat öz zalım üzünü elə o gecə bizə göstərdi. Gözümüzün önündə atamın başını kəsdilər. Anam hamilə idi. Onun ölümünü xatırlamaq mənə çox ağır gəlir. Dəhşətli isgəncələrlə öldürülən anamı bir an belə unuda bilmirəm. Biz altı uşaq taleyin hökmunə qaldıq. İrəvandan çıxdıqdan sonra bir bacım yolda ikən öldü.

Fazil qardaşımla mən Gəncəyə uşaq evinə gətirildik. O biri qardaşlarımın və sağ qalan bacımın taleyindən xəbərsiz idim. İllər ötdü, mən Qori seminariyasını bitirdim. Bakıya gəldim və təhsilimi burada davam etdirdim. Bakıda ağır sınaqlarla üzləşsəm də böyük qardaşım Məmmədbağırı tapdım. Sonra Əbdüləli qardaşımın övladlarını Mingəçevirdən, bacım Nabatın övladlarını Tərtərdən Fazil qardaşıma məktub yazaraq bu xoş xəbəri verdim. Bir neçə gün sonra bir araya gəlib həsrətimizə son verdik. Çox xoşbəxt idim. Çünki artıq həm əmi, həm dayı olmuşdum. Amma təyinatımın Lerikə-ucqar rayona verilməsi ilə təkrar ayrılıq qapımızı kəsdi. Hər tətildə Gəncəyə gedirdim, axı Gəncə ikinci yurdum sayılırdı...

İllər keçdi. Mən öz ailə səadətimi bu torpaqda tapdım. Xoşbəxtəm. Dörd oğlum və iki qızım var.

Əməyim yüksək qiymətləndirilib. Azərbaycan SSR Əməkdar  müəllimi kimi fəxri ada layiq görüldüm. Sinəmi "Şərəf nişanı" ordeni, "Fədakar əməyə görə" medalı bəzəyir. Bir qərib üçün bundan gözəl xosbəxtlik nə ola bilərdi. Bütün arzularıma çatdım. Bir Vətən həsrətim bitmədi.  Buralarda ölərəmsə qərib məzarıma öz yurdumun torpağından gətirərsiz”.

Həyatın ağır sınaqlarından çıxmış gənc Əbülfəz sevimli müəllimi, yaxın dostu, görkəmli yazıçı Abdulla Şaiqdən dərs almışdı. Cəfər Cabbarlı,  Abbas Zamanov, Mikayıl Müşfiqlə dostluq edirdi.  “Şahin” təxəllüsü ilə şeirlər yazırdı. Şeirlərini M. Müsfiqə oxuyur və ondan məsləhətlər alırdı. Neçə-neçə xalq əfsanəsini, rəvayəti, el deyimlərini nəzmə çəkmişdi. Qəzəlləri, satirik, mənzum şeirləri dövri mətbutatda çap olunmuşdur. Ədəbi aləmdə istedadlı, safqəlbli, kövrək, incə ruhlu, rəvan təbli şair kimi tanınırdı.

1932-ci ildən Əbülfəz müəllim taleyini Lerikə bağlamışdı. Rayon mərkəzində, Xanəgah, Bülüdül, Boykəndil, Şingədulan kəndlərində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, Lerikdə neçə-neçə ziyalı nəslin yetişməsinə gərgin əmək sərf etmişdir. Ömrünün sonuna-1970-ci ilə qədər ucqar kənd məktəbində dərs demişdir.

Həyat yoldaşı  Qızqayıt xanımla cəmiyyətə layiqli dörd oğlan, iki qız böyütmüşlər. Ailənin üçüncü övladı Yadigar Qazıyev Lənkəran şəhərində yaşayır. Hazırda Lənkəran şəhərinin Mənzil İstismar-Kommunal Müəssisələri İdarəsində işləyir. Oğlu Anar və nəvəsi Elvin 44 günlük Vətən müharibəsinə könüllü yollanaraq cəbhədə fədakarlıq və şücaət göstəriblər. Nümunəvi xidmətləri Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə medallara layiq görülüb.

Yadigar dövlətimizin başçısının ötən ilin dekabr ayının 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşünü televiziya vasitəsilə sevinclə, məmnunluqla izlədiyini bildirdi:

-Möhtərəm Prezidentimizin çıxışını həyəcanla dinlədim. Cənab Prezidentin dediyi kimi, bugünkü Ermənistan ərazisi Azərbaycan torpağıdır. Ermənilərin son iki əsrdə xalqımıza qarşı törətdiyi terror, etnik təmizləmə siyasəti nəticəsində soydaşlarımız zorla ata-baba yurdlarından çıxarılıb. Qərbi Azərbaycan ərazisi, yəni Zəngəzur, Göyçə və İrəvan qədim Azərbaycandır. Bunu tarixi mənbələr, xəritələr də sübut edir. Amma heç bir tarixi sənəd bu torpaqlarda erməni dövlətinin mövcudluğunu təsdiq etmir.

1969-cu ildə atamın təşəbbüsü ilə İrəvan Kənd Təsərrüfatı texnikumuna daxil oldum. Tələbəlik dövründə Göyçə mahalının əksər kəndlərində oldum. Haçapara, Yuxarı Necili, Aşağı Necili, Zəhmət, Şorca və digər kəndlərdə ancaq azərbaycanlı əhali yaşayırdı. İrəvan şəhərinin mərkəzində Naxçıvan məhəlləsi var idi. O yerlərdə yaşayan soydaşlarımız ermənilərin şovinist, etnik təmizləmə siyasətinin qurbanı oldular. Sonuncu dəfə 1988-ci ildən başlayaraq onları zorla, hərbi güc tətbiq etməklə ata-baba yurdlarından çıxartdılar.

Möhtərəm Prezidentimizin atdığı hər addımı ürəkdən bəyənir və dəstəkləyirik. Dövlətimizin başçısının görüşdə dediyi kimi. “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

O gün uzaqda deyil. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə Vətən torpağına, əsir yurdlarımza, dədə-baba ocaqlarımıza qayıdacağıq, - deyə Yadigar Qazıyev bildirdi.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.