O, işığını itirmiş gözlərə nur bəxş etdi
Sosial həyat

O, işığını itirmiş gözlərə nur bəxş etdi

Azərbaycan Prezidenti İlham Əliyev akademik Zərifə Əliyevanın 2023-cü ildə 100 illiyinin keçirilməsi barədə Sərəncam imzalayıb

O, təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq dünyasında qadın fəallarının ən parlaq simalarından biri idi. Görkəmli alim-oftalmoloq Zərifə xanım tibb elminin həmin dövrdə bir qədər təzadlı vəziyyət almış bir sahəsində tədqiqatlar aparırdı. Bu sahə ağır olmaqla, təkcə oftalmoloji savad yox, həm də fundamental təcrübi bilgi, ən əsası isə yüksək təşkilatçılıq bacarığı tələb edirdi. Bütün bu keyfiyyətlər isə Zərifə xanımda birləşmişdi. Beləliklə, onun səyi nəticəsində görmə orqanının peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıldı. O vaxta qədər belə bir laboratoriya mövcud deyildi. Təbii ki, hər işin başlanğıcı çətin olur. Elə yox yerdən elmi laboratoriya yaratmaq da o qədər asan olmadı. Əlbəttə, birdən-birə əmək fəaliyyətinin bütün sahələrini əhatə etmək və hər sahədə görmə qabiliyyətinin mühafizəsi üçün əsasən hansı tələblərin olduğunu müəyyənləşdirmək çətin idi. Belə məqamda heç şübhəsiz, istinad nöqtəsi tapmaqdan, nədən başlamaqdan çox şey asılı idi. Və Zərifə xanım istədiyinə nail oldu: kimya sənayesində göz xəstəliyinin yaranma səbəblərini öyrənməyə başladı. Bu sahə mürəkkəb idi, az öyrənilmişdi, amma eyni zamanda elmi-tarixi inqilablar dövründə mövzu olduqca aktual idi.

1976-cı ildə Helmqolts adına İnstitutun İxtisaslaşmış Elmi Şurasında onun tibb elmləri doktoru alimlik dərəcəsi adı almaq üçün etdiyi dissertasiya müdafiəsini sonralar həmkarları böyük rəğbətlə xatırlayaraq qeyd edirdilər ki, əgər əcəl Zərifə xanıma bir neçə il də möhlət versəydi, o, elm aləmində yeni bir istiqamətin yaradıcısı və rəhbəri ola bilərdi. Bu elmi məktəbi isə "peşə oftalmologiyası", yaxud "sosial oftalmologiya" adlandırmaq mümkün idi...

Əgər ömür vəfa etsəydi... Nəcib bir ailədə - ictimai-siyasi və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmış, 1923-cü il aprelin 28-də doğulmuşdu. Atası Əziz Əliyev xalqı qarşısında ictimai borcunu dərindən dərk edərək daim öz xalqına ləyaqətlə xidmət göstərmiş, övladlarını da bu ruhda böyüdüb ərsəyə çatdırmışdı. Azərbaycan dövlətinin inkişafı üçün əlindən gələni əsirgəməyən Əziz Əliyev qızı Zərifə xanımı da belə yüksək mənəvi dəyərlər zəminində tərbiyə etmişdi.

Zərifə xanım çoxları üçün mərhəmət ünvanı idi, ona pənah gətirənləri ümidsiz qaytarmazdı. İşinin çoxluğuna baxmayaraq, dəvət edildiyi bütün tədbirlərdə iştirak etməyi özünə borc bilirdi. İnsani keyfiyyətləri, hər şeyi incəliyi ilə qiymətləndirmək bacarığı, adamlarla dil tapmaq qabiliyyəti ictimai işdə Zərifə xanımın köməyinə çatırdı. O, uzun müddət Sülhü Müdafiə Komitəsinin, Azərbaycan "Bilik" Cəmiyyətinin, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin, "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Bütün bunlar böyük enerji tələb edirdi, lakin Zərifə xanıma "ictimai yük" ifadəsini aid etmək düzgün olmazdı, çünki bu, onun təbiəti üçün adi hal idi...

Zərifə xanım işinin gərginliyinə baxmayaraq, həmişə bir qadın olaraq qalırdı, özünün cazibədarlığı, mülayimliyi, heyranlığı ilə... Zərifə xanımın ailəsinə böyük sevgisi vardı. Bunu onu yaxından tanıyanların hamısı duyur, görür və dəyərləndirirdi. Əlbəttə, təəccüblərini də gizlətmirdilər: "Axı, o, bütün bunlara necə nail olurdu?".

Görkəmli alim, gözəl qadın, qayğıkeş ana, etibarlı, sədaqətli ömür-gün yoldaşı, ailəsinə dayaq olan insan idi Zərifə xanım. Onun bu məziyyətlərinə ümummilli lider Heydər Əliyev də yüksək dəyər verirdi.

Zərifə xanım üçün ailə qayğıları birinci növbədə idi. Həyatını mənalandıran nə vardısa - onun elmi fəaliyyəti, ailəsi, xeyirxahlığı, səmimiyyəti, insanlara doğma münasibəti - hamısı bu nəcib qadının ruhundan, nurundan şölələnmiş, görkəmli övladlar tərbiyə etmişdi. Bu isə qadın, ana üçün böyük xoşbəxtlik idi. Övladlarına çox bağlı idi, Zərifə xanım. Onun şəxsiyyətinə yaxından bələd olanlar Zərifə xanımın qızı Sevil xanımla münasibətini xüsusi qeyd edirdilər. Onlar yaxın dost, rəfiqə, bəlkə də dərd ortağı idilər. Elə bu səbəbdən də, Zərifə xanımın itkisi Sevil xanıma böyük mənəvi zərbə olmuşdu. O, içinin ağrısını, acısını, kədərini, sevgisini sonralar nota çevirmiş, hamının sevə-sevə dinlədiyi "Ana" mahnısını bəstələmişdi.

Bu həyatı çox tez tərk etdi, çox şeyləri görmədi. Həmişə dəstək olduğu ömür-gün yoldaşı Heydər Əliyevin uğradığı haqsızlıqları, yaşadığı sarsıntıları görə, təsəlli verib qəmini-qüssəsini dağıda bilmədi. Sonralar haqqın, ədalətin zəfər çaldığını, xalqın təkidli xahişi ilə Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıtdığını da görmək qismət olmadı ona. Sevimli oğlu İlham Əliyevin atasının siyasətini uğurla davam etdirdiyini, xalqının müasir və əvəzolunmaz liderinə çevrildiyini görüb, Prezident anası kimi onunla qürur duya bilmədi. Ancaq ruhu duydu bunları yəqin ki...

Zərifə xanımı itirmək Heydər Əliyev üçün də əsl sarsıntı idi: "Zərifə xanım böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam".

Heydər Əliyev Zərifə xanım haqqında danışanda kövrəlirdi. Elə 1997-ci il aprelin 15-də Ömər Eldarovun akademik Zərifə Əliyevanın xatirəsini əbədiləşdirən "Elegiya" əsərinin təqdimat mərasimində də ulu öndərin rəsmi görkəmində bir həzinlik, kövrəklik duyulurdu. Əsərin yaranmasından, müəllifin əməyindən söz açır, abidənin insanı valeh edən, xoş duyğular yaradan cəhətlərindən, fəlsəfəsindən, məna yükündən danışır, içindəki qəm, qüssə, kədər hissini bəlli etməməyə çalışırdı.

Yeri gəlmişkən deyək ki, Zərifə xanımın büstü onun ölümündən bir qədər sonra hazırlanmış, lakin müəyyən səbəblərdən səkkiz il emalatxanada qalmışdı. Heydər Əliyev bu illərdə dəfələrlə emalatxanaya gələr, saatlarla dayanıb ona heyranlıqla tamaşa edərdi. Qarşısındakı bu sənət əsəri onun üçün adi daş, mərmər parçası deyildi, ürəyinin parası, həyat ortağının qırılıb qalmış ömür çırpıntıları, sevdiyi, dəyər verdiyi insanın daşlaşmış varlığı, vücudu idi. Bəzən onun cansızlığını da unudurdu...

Həmin gün ulu öndər çıxışını bu sözlərlə bitirmişdi: "Bu gün bizim üçün əziz, eyni zamanda kədərli gündür. Əzizdir o mənada ki, Zərifə xanımın xatirə günüdür. Kədərlidir, o mənada ki, Zərifə xanım 12 ildir ki, bizdən ayrılıbdır. Ancaq bu hadisə bu gün buraya toplanmağımızda bir məna daşımır. Ailəmiz üçün bir xatirə günü olaraq biz bu günü həmişə yad edirik. Eyni zamanda, bu gün Zərifə xanımın surətini əks etdirən gözəl bir incəsənət, heykəltəraşlıq əsəri nümayiş etdirilir...".

Zərifə xanım bütün ömrünü insanlara işıq bağışlamağa həsr etmişdi. Bu ömrün mənası zülmət və qaranlıqla mübarizə aparmaqdan ibarət idi. İşığını itirmiş gözlərə nur çiləmək istəyi onun parlaq obrazını ilahi bir nəcibliyə qovuşdururdu. Cismən bizdən ayrılsa da, onun qoyub getdiyi yadigar işıq yenidən günəşi görmək imkanını qaytardığı insanlarda, onunla bağlı kövrək xatirələrdə əbədiləşib...

Zümrüd QURBANQIZI,

"Respublika".