Oğlun hərbçi olacaq...
Sosial həyat

 Oğlun hərbçi olacaq...

...Bir vaxt adları sıradan adi vətəndaş kimi çağırılırdı. Bu gün el-oba öz qəhrəman oğlundan fəxrlə,qürur hissi ilə söz açır. Elsevərdən söhbət düşəndə cəbrayıllılar istəyirlər söhbət bir az da uzansın, onun tərcümeyi-halı, həyat yolu maraqlı bir kitabın səhifələri kimi dönə-dönə vərəqlənsin.

Elsevər Vaqif oğlu Paşayev 1988-ci il iyulun 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində, müəllim ailəsində dünyaya gəlmişdir. 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşən ailə Beyləqan rayonunun Milabad qəsəbəsində yerləşən mədəniyyət klubunda məskunlaşır. İlk orta təhsilini Cəbrayıl rayonu Qovşudlu natamam kənd məktəbində alır. Evdə atası Vaqif kişidən hər zaman eyni sözləri eşidir;  “mənim oğlum hərbçi olacaq və bizim işğal olunmuş torpaqlarımızı geri qaytaracaq...”.  

Dərslərində əlaçı olan və 5 yaşından məcburi köçkün həyatı yaşayan Elsevər hər zaman düşməndən qisas alaraq torpaqlarımızın geri qaytarılması baradə fikirləşir və qəlbində bəslədiyi arzulara doğru gedir. 2003-cü ildə C. Naxçıvanski adına hərbi liseyə qəbul olur, buranı əla qiymətlərlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsində Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə ilk xidmət fəaliyyətinə başlayır və 3 il burada qulluq edir.

Sonra Bakıda yerləşən Sülhməramlı Qüvvələrin hərbi hissələrində çalışır. Respublikanın müxtəlif rayonlarında yerləşən “N” saylı hərbi hissələrdə zabit kimi hərbi xidmətini davam etdirir. Elsevər aktiv şəkildə idmanla məşğul olur, ümumən həmişə öz fiziki, mənəvi-psixoloji hazırlığı ilə seçilir.

2013-cü ildə baş leytenant rütbəsini, 2017-ci ildə isə kapitan rütbəsini, 2020-ci ilin oktyabr ayında Vətən müharibəsində göstərdiyi şücaətə görə vaxtından əvvəl mayor rütbəsi alır. Elsevər Paşayev olduqca savadlı kadr idi, ingilis və rus dillərini mükəmməl bildiyi üçün tez-tez xarici ölkələrdə, o cümlədən, Çexiyada, Almaniyada, Türkiyədə, İngiltərədə, Macarıstanda, Bolqarıstanda, Əfqanıstanda hərbiçilərə təlimlər keçir. 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin alınmasında onun da rolu olur.

Ən çox sevdiyi idman növü futbol olur və vaxt tapdıqca komanda yığaraq futbol da oynayırdı. Hansı ölkəyə gedirdisə, mütləq çantasında “Qarabağ” futbol klubunun formasını götürürdü ki, xarici ölkədə hədiyyə verərək Qarabağı tanıtsın.

2020-ci il sentyabrın 27-də Azərbaycanda Vətən Müharibəsi başlayınca Elsevər Paşayev də  ilk günlərdən döyüşlərə atılır. Sentyabrın 26-da gecə hazırlaşıb evdən çıxarkən dizi üstündə yeriyərək qızları Nərmin və Banunu öpüb evdən çıxır, bu onun qızları ilə son görüşü olur...

Mayor Elsevər Paşayev Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın bir sıra kəndlərinin düşməndən təmizlənməsində xüsusi xidmətlər göstərib. Xudafərin körpüsünə ilk bayraq sancanlardan biri olub. Döyüşdə qərargah rəisi vəzifəsinə seçilir.

2020-ci il 21 oktyabr... Qubadlının Sarıyataq kəndində minaya düşür və mina ayağını aparır. Ağcabədi rayonunda hərbi hospitala gətirilir, boyun, boğaz və qarın nahiyyələrində qəlpələr olur. 4 gün komada qalan mayor Paşayev 24 oktyabrda 32 yaşında şəhidlik zirvəsinə ucalır.

Azərbaycan Ordusunun şəhid mayoru Elsevər Paşayev ikinci Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, mayor Elsevər Paşayevin xidmət etdiyi hərbi hissənin tabor komandirləri, şəhidin əsgərləri, zabitləri də qatıldı. Məzarının yanında öz arzusu ilə futbol topu qoyulub.

2012-ci ildə sevib-seçdiyi Xəyalə xanımla ailə həyatı qurmuşdu, ailədə 6 yaşında Nəzrin, 3 yaşında Banu adlı qızları böyüyür.

Xidmət zamanı bir sıra beynəlxalq və qiymətləndirmə diplomlarına, sertifikatlara, fəxri fərmanlarla, təşəkkürnamələrlə, medallarla təltif olunub. Elsevər öz davranışı ilə həmişə seçilir, əsgərlərinin sevimlisi idi. Elsevər Paşayev şəhid olduğu günədək Ali Baş Komandanın müvafiq fərmanları ilə bir çox təltiflərə layiq görülüb.

Bir mahnıda deyildiyi kimi, Elsevər və onun döyüşlərdə şəhid olan yoldaşları hətta məzarda olsalar da Vətən üçün heç vaxt öz təravətini itirməyən əmanətlərdir.

Tofiq HÜSEYN,

"Respublika".