OĞULLAR ƏSGƏR GEDİR
Region

OĞULLAR ƏSGƏR GEDİR

“Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidenti cənab  İlham Əliyevin Sərəncamına müvafiq olaraq Yevlaxda  gənclərin hərbi xidmətə yola salınması münasibətilə təntənəli tədbir keçirilib.

Tədbirdə Yevlax Şəhər  İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri,  Rayon Ağsaqqallar Şurasının sədri, çağırışçıların valideynləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları ilk öncə,  şəhərin mərkəzində yerləşən ulu öndər  Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzərək,  ehtiramlarını bildiriblər. Çağırışçılar Şəhidlər Xiyabanında Vətənimizin azadlığı uğrunda canlarından keçən vətən oğullarının müqəddəs məzarlarını ziyarət ediblər.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yevlax Rayon Şöbəsinin rəisi mayor Samir Qurbanov ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan, 44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının igidliklərindən söhbət açmışdır. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tədbirdə bildirib: “İlk öncə, bu əlamətdar gündə çağırışçılarımızın üzlərində sevinc, qəlblərində əzmkarlıq, ruhlarında isə qəhrəmanlıq aydın görünür. Sizlər böyük inam, sağlam əqidə, ən əsası isə yüksək vətənpərvərliklə Vətənin səsinə səs verərək, həyatınızın ən məsuliyyətli mərhələsinə başlayırsınız. Bu gün bu böyük coşqunun, insan izdihamının içində yadıma tam bir il öncəki hadisələr düşür. Hamımızın xatirindədir. Ötən ilin bu günlərində rəzil düşmən Tovuz istiqamətində təmas xəttində süni gərginlik yaradaraq, açıq savaşa başlamışdı. Bir il öncə bu izdiham Yevlaxda da yaşanırdı. Hər kəs Vətən uğrunda mübarizəyə və müharibəyə hazır olduğunu nümayiş etdirirdi.  Sentyabrın 27-də müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı başlayarkən də yevlaxlılar döyüşə ilk qoşulanlar sırasında oldu. Yüzlərlə gəncimiz Qüdrətli Sərkərdəmiz İlham Əliyevin çağırışı ilə ilk Zəfərimiz olan Suqovuşandan son hədəfimiz olan Şuşayadək qəhrəmanlıq yolu keçdi. Azad edilən hər bir rayonumuzda, kəndimizdə yevlaxlılar qəhrəmancasına döyüşdülər, şəhidlərimizin qisası alındı. Əminik ki, Siz dünyanın ən güclüləri sırasında olan bir ordunun layiqli əsgərləri olacaqsınız. Vətənimizin etibarlı keşikçiləri olacaqsınız. Harada xidmət etməyinizdən asılı olmayaraq, Vətənə olan borcunuzu layiqincə ödəyəcək, böyük şücaətlər göstərəcəksiniz”.

Çıxışının sonunda, şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev çağırışçılara şərəfli xidmətlərinin yerinə yetirilməsində  uğurlar arzuladı.

Təntənəli mərasimdə çağırışçıların valideynləri,  Vətən müharibəsi qaziləri  çıxış edərək,  gənclərə bu şərəfli missiyanın yerinə yetirilməsində uğurlar arzuladılar. Çağırışçı gənclər  Azərbaycan bayrağını öpüb, müqəddəs Qurani-Kərimin altından keçərək,  böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yollanıblar.

Zabit XƏLİLOV,

“Respublika”.