Oğuz : Elin cəngavər oğlu, qəhrəman Nail
Sosial həyat

Oğuz : Elin cəngavər oğlu, qəhrəman Nail

Onu yaxından tanıyanlara da, uşaqlıq dünyasını bir yaşayıb, yeniyetməlik dövrünü birlikdə keçirənlərə də, orta məktəb illərinin şagird yoldaşlarına da, əsgərlik həyatının enişli, yoxuşlu günlərini ən yaxın sirdaş və dost kimi başa vuranlara da nəhayət, Vətən müharibəsinin igidliklə dolu səhnələrini, o səhnələrdə göstərdiyi şücaətləri, Murovdan Şuşaya kimi keçən şərəfli döyüş yolunu, bu yolla ən unudulmaz zirvəni, şəhidlik zirvəsini fəth etməsini bilənlərə də, hər səhifəsi bir tarix olan ömür kitabını sətirbəsətir oxuyanlara da gün kimi aydındır ki, qorxmaz, əyilməz, əqidəsindən, məqsədindən dönməz cəngavər olub qəhrəman Nail. Ömür kitabında Vətən Müharibəsi Qəhrəmanı başlığı ilə açılan yeni səhifəni kiçikdən böyüyə kimi hamı maraqla oxuyur. Uşaqlar Nail kimi böyüməyə can atır, yaşlılar isə gənclərə onun kimi cəngavər olmağı tövsiyə edirlər.

1994-cü il mart ayının dördündə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gələn və ömrünün iyirmi altıncı ilində dünyasını dəyişən Nail İbrahimli bu gün ürəklərdə vətəninin Qəhrəman oğlu kimi yaşayır və aylar, illər ötəcək, yenə də bu ad onun ömür kitabının ən unudulmaz səhifəsi kimi xatırlanacaq. Çünki qəhrəmanlıq titulunu Nail torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi, otuz ildən sonra yenə doğma Qarabağımızda azərbaycanlı səsinin eşidilməsi uğrunda gedən döyüşlərdə mərdliklə vuruşması ilə qazanıb. Onun ömür kitabının iyirmi altıncı səhifəsində əksini tapan tarix də heç vaxt unudulmayacaq. Çünki həmin səhifənin başında bu sözlər yazılıb: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” medalına layiq görülən şəhid İbrahimli Nail Nəriman oğlu.

Hələ uşaqlıq illərində, orta məktəb həyatında torpağa, vətənə, elə, obaya bağlılığı ilə qürurlanan, təbiətin vurğunu olması ilə seçilən, dostluğa, yoldaşlığa sonsuz sədaqəti ilə fərqlənən Nail həmişə öncül olmağı, hamıdan irəlidə getməyi xoşlayırdı. Valideynlərinin, əzizlərinin, yaxın qohumlarının söz-söhbətlərindən də ancaq bu sözləri eşitdim. Gecələr sübhə kimi beşiyinin başında laylasını oxuyan anası Aqibətin, hər cür zəhmətə qatlaşmağın, igidliyin, qorxmazlığın, sədaqətin sirlərini öyrəndiyi atası Nərimanın, dost-doğmaca dayısı Mürvətin, qardaşı Faiqin xatirələrindən aldım bu təəssüratları.

Təbəssümündəki sevinc, fərəh, ən başlıcası da böyük qürur, ucalıq əlamətlərini açıq-aydın görsəm də, bilirdim ki, Nailin uşaqlığından bu günə kimi olan həyatını gözləri qarşısında canlandıra-canlandıra göz yaşlarını ürəyinə axıdan Aqibət ananın — Nail təbiətin vurğunuydu, torpağının dəlisiydi, düşməninin cəlladı, elinin, obasının, millətinin əsl sirdaşıydı, canıydı — deməsi, atası Nərimanın — Nail istəməzdi ki, heç kimdən geri qalsın, hər işdə, hər yerdə özünü birinci görməyə çalışırdı — fikirlərini dönə-dönə xatırlatması, qardaşı Faiqin onunla cəbhədə — Murovda olan görüşündən son xatirələrini ürək yanğısı ilə  danışmasını — inşallah, Şuşaya kimi kişi kimi vuruşa-vuruşa gedəcəyik, erməniləri torpaqlarımızdan birdəfəlik qovacağıq — kimi sözlərini yanıqlı-yanıqlı söyləməsi bu igidin qəhrəmanlıq tablosunu gözlərimiz qarşısında canlandırırdı. Dayısı Mürvət isə — bacım oğlu Nailin hamımızın qəlbində xüsusi yeri var. Xaçmazın, elə Oğuzun dağlarını, meşələrini qarış-qarış tanıyırdı, sanki bir cəngavər idi Nail. Dosta, yoldaşa, Vətənə hədsiz məhəbbəti, düşmənə kəskin nifrəti vardı Nailin — sözləri ilə ürəyini boşaltması, bir qədər də kövrəkliklə — o cismən aramızda olmasa da, mən həmişə onunla söhbətdə oluram, heç cürə unuda bilmirəm Naili — deməsi və əlavə edib — sevinirəm ki, o igidliyi, cəsurluğu ilə rayonumuza, doğma kəndimizə, Azərbaycanımıza yeni bir qəhrəmanlıq dastanı bəxş etdi, ən uca zirvədə, şəhidlik zirvəsində özünə əbədi və heç vaxt unudulmayan ən müqəddəs bir məskən saldı.

Nail döyüş yoldaşlarının da qəlbində heç vaxt unudulmayacaq gözəl xatirələrlə əbədiləşib. Döyüş yoldaşları, onun komandiri vaxtaşırı Xaçmazda olur, məzarını ziyarət edir. Aqibət ananın, Nəriman atanın ürəklərinə təskinlik verir, arzu, istəklərinə, lazım gələndə hər hansı problemlərinin həllinə dəstək dururlar. Bu ailənin üzvləri ilə həmsöhbət olanda komandirinin Nailin döyüş səhnələrinin biri haqqında danışdıqlarını xatırlatdılar:

—Murovdan Şuşaya qədər olan döyüşlərin hamısında kəşfiyyatla bağlı verilən bütün tapşırıqları Nail birinci yerinə yetirirdi. Düşmənin üstünə qorxu nə olduğunu bilmədən gedirdi və istədiyinə də nail olurdu. Amma Şuşa uğrunda gedən döyüşlərdən biri heç yadımdan çıxmır. Yoldaşlarımızdan biri yaralanmışdı. Neçə dəfə yaralını tez götürün dedim, amma tapşırığımın icrasız qaldığını gördüm, ona yaxınlaşıb səbəbini soruşmaq istəyəndə gördüm, elə oturub ki, düşünməzsən keçinib. Amma artıq onun da Şuşada qələbədən sonra şənlənmək kimi arzusuna qovuşmağa lap az qalmış dünyasını dəyişməsi ürəyimizə sanki güllə kimi sancıldı. Yaralıları döyüş meydanından təxliyyə edən, onlara ilk tibbi yardım üçün canını əsirgəməyən igid, peşəkar kəşfiyyatçımız Naili bu dəfə mən özüm qucağımda o meydandan kənarlaşdırdım.

Komandirin Nail haqqında ürəkləri riqqətə gətirən, eyni zamanda göynədən çox sözləri olduğunu dedilər. Bir fikrini də xüsusi vurğuladılar: “Qəhrəmanlıq qəhrəmanla birlikdə ölmür, onun ömrü əbədi olur”.

Orta məktəb həyatından şagird yoldaşlarının, müəllimlərinin xoş xatirələrində, əsgərlik dövrünün unudulmaz günlərindən, nəhayət, Vətən müharibəsinə qədər peşəkar xüsusi təyinatlı əsgər kimi yetişməsindən, keçdiyi kurslarda öyrəndiyi yüksək döyüş və kəşfiyyatçılıq sirlərindən, ən axırda da qırx dörd günlük döyüşlərdə göstərdiyi igidliklərindən ibarət ömür kitabına yazılan yeni bir səhifənin adı belə qoyuldu: Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimli. Aqibət anaya, Nəriman ataya da bundan belə ürəklərdə əbədiləşən qəhrəmanın valideynləri kimi hamı böyük hörmət və ehtiramla qayğı göstərəcək. Bəli, qırx dörd günlük müharibədə Oğuz qoynunda dəfn olunan iyirmi beş şəhid və Nail kimi qəhrəmanı ilə bu şərəfli tarixdə öz yerini tutdu. Nail qəhrəman kimi bu gün şəhidlik zirvəsindəki məkanında əbədi uyuyur. Ruhun şad olsun Oğuzun qəhrəman oğlu Nail. Meşələr sultanı, meşələr şahı, aslanın özü də yalqız olmasın. Sizin arxanız da, dayağınız da el, oba, bütün Vətənimizdir. Siz şəhidlərin, igid əsgərlərimizin cəsurluğu, canı, qanı, qazilərimizin böyük fədakarlığı sayəsində qazanılan tarixi qələbə də bunu bir daha təsdiq etdi.

Rasim AMANOV,

“Respublika”.