Oğuz: Meliorativ tədbirlər bəhrəsini verir
Region

Oğuz: Meliorativ tədbirlər bəhrəsini verir

Məlumdur ki, suvarılan əkin sahələri dəmyə torpaqlara nisbətən daha məhsuldar olur və bunu əsas götürən Oğuz Suvarma Sistemləri İdarəsi rayonda 13 min hektara yaxın suvarılan sahəni su ilə təmin edir. Bu il suvarılacaq sahələrin 4523 hektarını dənli bitkilər, 45 hektarını texniki bitkilər tütün, 408 hektarını yonca, 215 hektarını bostan tərəvəz, 5440 hektarını çoxillik əkmələr və 1664 hektarını isə həyətyanı sahələr təşkil edir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin məlumatında bildirilir ki, Oğuz rayonu ərazisində idarəyə məxsus olan 78 ədəd subartezian və 14 ədəd artezian quyuları var. Həmin quyular rayon ərazisində olan 646 hektar əkin sahəsinin suvarma suyu ilə və 4 kəndi bütünlüklə, 13 kəndi isə qismən içməli su ilə təmin edir. Su istifadəçilərini mütəşəkkil, səmərəli və ədalətli olaraq su ilə təmin etmək məqsədilə Sarca, Fətənburun və Türyançay Sudan İstifadəedənlər birlikləri yaradılıb. Suvarma suyu təsərrüfatlara idarənin balansında ümumu uzunluğu 535.8 kilometr olan 74 ədəd suvarma kanalları vasitəsilə öz axını ilə verilir. Suvarma kanallarının su mənbəyi Daşağıl çay, Oğuz çay, Xal-Xal çay, Qala çay və Qara su sistemləridir.

Oğuz Suvarma Sistemləri İdarəsi suvarma ilə yanaşı, çay məcralarının təmizlənməsi və selə qarşı mübarizə tədbirlərini də həyata keçirir. Dağ çaylarının yaz və payız aylarında güclü yağışlar zamanı sel sularını gətirməsi çayların daşması kanalların tez-tez qum-çınqılla dolmasına və lillənməsinə səbəb olur. Birbaşa çaylardan su götürən kanalların müəyyən hissələri çay yatağında yerləşdiyindən həmin hissələr il ərzində bir neçə dəfə təmizlənir və bərpa olunur. Əlavə olaraq kanalların 200 kilometrdən artıq hissəsi meşə fondunun ərazisindən keçdiyindən təbii proseslər nəticəsində kanallarda su itkisi yaranır. Kanallarda suyun maneəsiz və itkisiz axması üçün idarənin istismar tədbirləri planına uyğun olaraq cari ildə 283 min kubmetr ümumilikdə isə 32 kanalda 138 kilometr lildən təmizlənmə işi görülüb. Bundan başqa, yaşayış məntəqələri və əkin sahələrinin sel və daşqın sularından mühafizəsi məqsədilə çaylarda mexanizmlərlə çay məcrasının tənzimlənməsi, daş-beton bəndlərinin təmiri işləri həyata keçirilir. Su istifadəçilərinin su ilə təmin olunması və idarənin hidrotexniki qurğuları və avadanlıqlarının cari təmiri işləri davam etdirilir.

M.QULUYEV,

"Respublika".