Oğuz: Tütünçülüyün yaxşı potensialı var
Region

Oğuz: Tütünçülüyün yaxşı potensialı var

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sahəyə xüsusi diqqət və qayğısı ilə əlaqədar qarşıya qoyduğu möhtəşəm vəzifələr kənd təsərrüfatının unudulan sahələrinin önə çəkilməsi, onların əvvəlki şöhrətlərinin bərpa edilməsi zərurətini irəli atmışdır. Əlbəttə, bu sahədə tütünçülük də istisna deyil. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Tütünçülüyün böyük potensialı var". Biz bu sahəni də bərpa etməliyik.

Oğuz rayonunda da mühüm əhəmiyyət kəsb edən tütünçülüyün yenidən bərpa olunub keçmişdəki vəziyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər müəyyənləşdirilib həyata keçirilir.

Artıq bu yolda ilk uğurlu addımlar atılır. Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Azad Əliyev bizimlə söhbətində dedi ki, Oğuzda kənd təsərrüfatının baramaçılıq, fındıqçılıq, üzümçülük, taxılçılıq, heyvandarlıq sahələri ilə yanaşı, tütünçülük də prioritet məsələ kimi gündəmdədir. 2016-cı ildən bu işə başlanmışdır. Unudulan təsərrüfat sahəsində ilk sınaq pis olmamışdır. Birinci il 13,7 hektara şitil əkilmiş, 102,7 ton yaşıl yarpaq yığılmış, 3 min tona yaxın quru tütün əldə olunmuşdur. 2020-ci ildə isə bu göstərici 5478,5 tona çatdırılmışdır. Əlbəttə, bu, günün tələbi baxımından çox aşağı göstəricidir. Bu sahədə zəngin təcrübəsi olanların da demək olar, tam azalmaması həmin ildən atılan ilk addımın bu günün inkişafı üçün möhkəm stimul yaratması oğuzlularda bu sahəyə yenə də yaxşı maraq olduğundan soraq verir. Elə buna görə də Oğuzda tütünçülük iqtisadiyyatın mühüm sahəsi olub.

- Oğul evləndirib qız köçürmək istəyənlər, maşın almaq, ev tikdirmək arzusunda olanlar həmişə tütünçülükdən ilin sonunda olan qazancını gözləyib və elə bununla da istəklərinə nail olub, yenə belə olacaq, - deyən mərkəzin direktoru bizə yerlərdə olub işlə maraqlanmağı təklif etdi. Qeyd edək ki, rayonda tütün əkini ilə məşğul olmaq istəyənlərin sayı əvvəlki illərdəkinə nisbətən xeyli artmışdır. Yaşayış məntəqələrində bu cür ürəkaçan faktlarla rastlaşdıq. 2016-cı ildəki 13.7 hektardan bugünkü 200 hektara çatmaq, əlbəttə, yüksək məsuliyyət, işə səriştəlilik, qayğıkeşlik sayəsində mümkün olub. Öyrəndik və söhbət əsnasında bildirdilər ki, rayon kəndlərində də böyük potensiallı sahəyə axın ildən-ilə artır.

  Artıq neçə vaxtdır ki, Oğuzda yaşıl cərgəli tütün plantasiyalarının məhsulu yığılıb satılır, əldə olunan gəlirlərlə ailənin büdcələri tənzimlənir, iqtisadiyyat daha da möhkəmlənir. Oğuzda tütünçülüyə marağın artmasının digər ən mühüm səbəbi burada yığılan məhsulun qəbulu üçün lazımi imkan və şəraitin yaradılmasıdır. Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlərin, ayrı-ayrı tütünçülərin söhbətlərindən rayonda bu sahə üzrə emal müəssisəsinin yaradılmasına ehtiyacın olduğunu eşitdik. Bu, yığılan məhsulun satışına böyük dəstək olar. Bu cür problemin olması elə 2020-ci ildə xeyli məhsulun anbarlarda qalmasına səbəb olmuşdur.

Rayonda məhsul yığımı və tədarükü davam edir. İndiyə kimi 85 ton tütün təhvil verilmişdir. Gördüyümüz mövcud vəziyyətdən verilən məlumatlardan bir daha aydın oldu ki, oğuzlu tütünçülər bu il də əvvəlcədən nəzərdə tutulan proqnozu layiqincə yerinə yetirəcəklər. 

                                                                                                       Rasim AMANOV,

                                                                                                        "RESPUBLİKA".