Oğuz: Padarda  tikinti və abadlıq da  genişlənir
Region

Oğuz: Padarda  tikinti və abadlıq da  genişlənir

Hələ sovetlər birliyi dövründə bu kənd qaynarlığı ilə seçilirdi. Çünki o vaxtlar kənd təsərrüfatının inkişafına dəstək olan bir sıra qurumlar, ən əsas da keçmiş MTS-lərin (maşın-traktor stansiyası) buradakı şöbəsi həmin kənddə idi. Lap keçmişindən Oğuzu Qəbələ ilə birləşdirən magistral yol da Padar kəndinin içindən keçirdi. Bir sözlə, Padar o vaxt da, elə indi də gəlimli-gedimli, həmişə qonaqlı-qaralı yaşayış ünvanıdır. Burada o vaxt da, indi də sözünün qüdrəti, gücü, eyni zamanda hamıyla sipər ünsiyyəti ilə sayılıb- seçilən el ağsaqqalları çox olub. Onlardan biri də Mirismayıl kişidir. İyirmi il bundan öncə həmsöhbət olmuşdum, şirin, maraqlı xatirələrini dinləmişdim. Sözü-söhbəti bu idi ki, gərək heç kim öz keçmişini unutmasın, sabahına nikbinliklə baxsın. Bu yazını hazırlayanda təsadüf elə gətirdi ki, oğlu Qəriblə həmsöhbət oldum. Evdə olmadığını, səhhətindəki problemləri nizamlamaq üçün Bakıya həkimə getdiyini dedi. Qərib rayon icra hakimiyyətinin bu kənd üzrə ərazi icra nümayəndəsidir, - Ot kökü üstə bitər, - deyə Qəriblə söhbətimizə müdaxilə edən gənc dilləndi və özünü təqdim edib, bələdiyyə sədri olduğunu dedi. Öyrəndik ki, Rəşid Səfərov da ali təhsilli gənc kimi bu etimada layiq görülüb. O da vaxtilə bu nümayəndəliyə daxil olan Yemişənli kəndinin hörmət-izzət qazanan, təsərrüfatda yetişən sakinlərindən birinin - Səfəralı kişinin oğludur. Yuxarıdakı qısa təqdimatda məqsəd heç də ərazi icra nümayəndəsini, bələdiyyə sədrini tanıtmaq yox, Oğuz rayonunun böyük nümayəndəliklərindən olan Padarın və ətrafında birləşən Yemişənli, Dəymədərə kəndlərinin adlarını çəkdiyimiz yerli qurumların, rəhbərlərinin öz köklərindən qaynaqlanan, qayğıkeşlik və işgüzarlıqla daha da inkişafına nail olmalarını təqdim etməkdir. İcra nümayəndəsi bu barədə bələdiyyə sədri Rəşid Səfərovun məlumat verməsini məsləhət bildi.

- Bələdiyyəmiz 3 kəndi əhatə edir. Bu ilin yanvar ayının 1-nə Padar kəndində 2563, Dəymədərə kəndində 595, Yemişənli kəndində isə 595 nəfər olmaqla ərazidə 3753 nəfər əhali yaşayır. Son illərdə yaşayış məntəqələrimizdə geniş abadlıq və quruculuq işləri aparılıb. Padar kənd tam orta məktəbinin və kənddəki uşaq bağçası-körpələr evinin binası əsaslı təmir olunub. Dəymədərə kəndində müasir tələblərə cavab verən məktəb binası, Yemişənlidə modul məktəb istifadəyə verilib. Padar-Böyük Söyüdlü avtomobil yolu asfaltlaşdırılıb,  kənddaxili yolların da bir hissəsinin asfaltlaşdırılması təmin edilib. Son illərdə kəndlərimizə qaz xətti çəkilib və normal qaz verilməsi təmin olunub. Su təminatının yaxşılaşdırılması sahəsində də xeyli iş görülür.

Vətən müharibəsində qazanılan qələbə, torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətəndaşımızın ruh yüksəkliyini artırıb. İkinci Qarabağ müharibəsində ərazimizdən də onlarla gənc iştirak edib. Onların 2 nəfəri şəhid olub. Beləliklə, hər iki Qarabağ savaşında şəhid olan qəhrəmanlarımızın sayı 5 nəfərə çatıb. Dəymədərə kəndindən olan birinci Qarabağ müharibəsi şəhidi Elbrus Haşımov, İkinci Qarabağ müharibəsi şəhidi Abid Məmmədovdur. Kənd məktəbində və Dəymədərə-Oğuz magistral yolunun kənarında Abid Məmmədovun xatirə bulağı tikilib istifadəyə verilib. Padar kəndində uşaq bağçası-körpələr evinin yanında 3 nəfər Qarabağ müharibəsi şəhidinin uyuduğu məzarlıq var. Bu kiçik Şəhidlər xiyabanının girişində bulaq tikilib, hər 3 şəhidin adı və şəkli onun üzərinə həkk olunub. Bunlar Birinci Qarabağ müharibəsi şəhidi Arzu Əliyev, Həsən Həsənov və İkinci Qarabağ müharibəsi şəhidi Süleyman Şirəlizadədir. Məzarlığın ətrafı abadlaşdırılıb, hasara alınıb, ərazi dekorativ otla örtülüb, dekorativ ağaclar əkilib.

Ərazimizdə 2020-ci ildə 1130 hektar sahədən 3390 ton taxıl məhsul götürülüb, hektarın məhsuldarlığı dəmyə şəraitində  30 sentner olub. 2021-ci ilin göstəricisi də ürəkaçan olub. Ənənəvi təsərrüfat sahələri olan tütünçülüyün və baramaçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. 2020-ci ildə 19 hektar sahədə tütün əkilərək 57 ton quru tütün istehsal olunub. Bu il də tütün əkini optimal müddətdə həyata keçirilib, 7,5 hektar sahədə əkin aparılıb. Artıq neçə vaxtdır məhsul yığımına başlanılıb. Bələdiyyəmizə daxil olan kəndlərdə heyvandarlıq məhsulları istehsalının artırılması da diqqət mərkəzində saxlanılır.

Bağçılığın inkişafına da ciddi fikir verilir. Yalnız 2020-ci ildə 17 hektar sahədə yeni bağlar salınıb. Bunun 15 hektarı qoz, 2 hektarı fındıq bağlarıdır.

Qeyd etmək istərdim ki, taxılçılıq, tütünçülük, baramaçılıq, arıçılıq, yeni bağların salınması sahəsində fermerlərə verilən subsidiyalar, gübrə təminatının yaxşılaşdırılması kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayır. Qeyd etdiyim bu uğurlu göstəricilər Padar kəndinin, eyni zamanda ərazidəki digər kəndlərdə tikinti və abadlığın genişləndirilməsinə təkan verir.

 Rasim AMANOV,

   "Respublika".