Oğuzun aqrar həyatı
Region

Oğuzun aqrar həyatı

Dağların qoynunda ünvanlanan Oğuzun təbiəti kimi, aqrar həyatı da ürəkaçandır. 2021-ci ilin kənd təsərrüfatında əldə edilən bəzi nəticələr də bunu aydın göstərir.

Taxılçılıq

Taxılçılar ötən ilin payızında əkilən arpa və buğda sahələrindən bol məhsul istehsalına nail olublar. 12057 hektar buğda sahəsindən 38.885 ton buğda əldə edərək, hər hektardan məhsuldarlığı 32,3 sentnerə çatdırılmışdır. Əldə edilən nəticələr rayonun taxılçılarını daha yaxşı işləməyə sövq etmişdir. Artıq rayonun taxılçıları 2022-ci ilin məhsul üçün yay şumu aparırlar. Toxumçuluq təsərrüfatları tərəfindən payız səpini üçün keyfiyyətli toxum tədarükünə başlanmışdır.

Tütünçülük

Rayonun iqtisadiyyatında həmişə kənd təsərrüfatının bu sahəsi mühüm yer tutmuşdur. Tütünçülüklə məşğul olan fermerlərin birgə səyi ilə 230 hektarda tütün əkilmişdir. Sahələrə əsasən "Virciniya botaniki" növlü tütün şitili əkilmişdir. Aqrotexniki qulluğun keyfiyyətlə aparılması sayəsində plantasiyalarda yaxşı məhsul yetişmişdir. Artıq neçə vaxtdır ki, tütünçülər məhsul təhvilinə başlamışlar. Avqustun doqquzuna kimi 52 tondan çox quru tütün təhvil verilmişdir. İşin gedişi, plantasiyalardakı bolluq, tütünçülərin yüksək əzmkarlığı 2021-ci ilin tapşırığının da layiqincə yerinə yetirilərək rayonun iqtisadiyyatına sanballı dəstək veriləcəyini diktə edir.

Baramaçılıq

Artıq neçə ildir ki, oğuzlu kümdarlar keçmişin bu sahədəki ürəkaçan göstəricilərini qaytarmaq əzmi ilə çalışırlar. Bir neçə il bundan əvvəl yaxşı start götürüldü və ilk nəticələr yaxşı oldu. Amma ötən il respublika üzrə ipəkqurdu toxumlarının yetişdirilməsində yaranan ürək açmayan vəziyyət digər rayonlarda olduğu kimi, Oğuzda da öz mənfi nəticələrini göstərdi. Yekunda kümdarlardan asılı olmayaraq məhsul istehsalında ciddi azalmaya yol verildi. Oğuzlu kümdarlar bu geriliyin əvəzini çıxmaq üçün bütün daxili imkanları, ehtiyat mənbələrini səfərbər ediblər. Hər şeydən öncə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində lazımi tədbirlər görülür. 2016-cı ildən bu ilədək rayonda 26 hektar sahədə 162 min ədəddən çox çəkil tinginin əkilməsi, rayonda daha çox xam ipək istehsalına nail olunacağından soraq verir. Bu gün rayon aqrar inkişaf mərkəzinin rəhbərliyi və mütəxəssisləri də, müvafiq qurumların nümayəndələri də Oğuzda bol xam ipək istehsalına nail olmaq üçün əzmkarlıqla çalışırlar.

Qarğıdalıçılıq

Oğuzda taxılçılığa dəstək olan bu sahənin inkişafı da diqqət mərkəzindədir. 200 hektardan çox sahədə dənlik qarğıdalı əkini aparılmışdır. Mövcud vəziyyət yekun nəticənin ürəkaçan olacağından xəbər verir.  Oğuz əkinçiləri taxılı biçilmiş sahələrdə təkrar qarğıdalı əkməyə həmişə üstünlük verirlər. Bu il də rayonda həmin məsələ unudulmamış, 401 hektarda qarğıdalı əkini aparılmışdır.

      Rasim AMANOV,

      "Respublika".