Öhdəliklərini yerinə yetirməyən düşmənin alacağı cəza daha ağır olacaq
Siyasət

Öhdəliklərini yerinə yetirməyən düşmənin alacağı cəza daha ağır olacaq

Bəyanatda 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonunun, noyabrın 20-dək  Ağdam rayonunun, dekabrın 1-dək isə Laçın rayonunun Azərbaycan Respublikasına qaytarılması qeyd olunur. Ermənistanın hərbi əməliyyatlar dayandırıldıqdan sonra üçtərəfli Bəyanatı imzalayarkən üzərinə götürdüyü öhdəliklərdən demək olar ki, bu günə qədər yeganə yerinə yetirdiyi  Kəlbəcər, Ağdam, Laçın rayonlarının bir güllə belə atılmadan Azərbaycana qaytarılması olmuşdur. Bu da səbəbsiz deyildi. Çünki Azərbaycan Ordusunun gücünün, yenilməzliyinin qarşısında tab gətirməyə daha gücü qalmayan mənfur düşmənin başqa çıxış yolu yox idi.

Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata Azərbaycan Prezidenti İlham Əliyevin tələbi ilə ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbədir. Belə ki, imzalanmış bəyanat təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Cənubi Qafqazda Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçı siyasət nəticəsində bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yaradacaq. Bəyanatda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi göstərilir. Həmçinin, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

Heç bir ölkə ilə dəmir yolu əlaqəsi olmayan Ermənistanın əsas müttəfiqləri olan İran və Rusiya ilə ağır yüklərin daşınması imkanları məhduddur. Bu mənada dəhlizin açılması onların özü üçün də mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən Türkiyə ilə Ermənistan əlaqələrinin bərpası da Zəngəzur dəhlizinin açılmasından sonra mümkün olacaq. Lakin Ermənistan özü üçün də olduqca mühüm əhəmiyyəti olan Zəngəzur dəhlizinin yaradılmasına üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək  hər vəchlə maneçilik törədir. Bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə ölkə başçımız bu barədə demişdir: "Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq".

 Bəyanatın başqa bir maddəsi isə Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının xüsusi texnikadan ibarət sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin ərazidən çıxarılması ilə paralel olaraq yerləşdirilməsi idi. Lakin möhlət üçün diz çöküb yalvararaq imzaladığı bəyanatdan irəli gələn öhdəliyi sonralar yerinə yetirməkdən boyun qaçıran Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən öz silahlı birləşmələrinin tamamilə çıxarılması şərtinə əməl etməkdən yayındı. Ərazilərimizdən çıxmaları tələb olunduqda isə həmişəki xislətinə sadiq qalaraq ənənəvi terror-təxribat əməliyyatına başladı. Belə ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Qarabağda vəziyyəti gərginləşdirmək məqsədilə avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini intensiv atəşə tutmuş və nəticədə hərbi qulluqçumuz şəhid olmuşdu. Azərbaycan Silahlı Qüvvələri Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı "Qisas" antiterror əməliyyatı keçirərək erməni silahlı birləşmələrini minaatanlardan və pilotsuz uçuş aparatlarından atəşə tutmuş, qeyri-qanuni erməni silahlı dəstələrinin Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqeləri qurmaq cəhdlərinin qarşısını almışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalayarkən bəyan etmişlər ki, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingenti yerdəyişmə edəcək. Eyni zamanda, Azərbaycan Respublikasının Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizliyinə zəmanəti verdiyi qeyd olunmuşdur.

Artıq yeni yol çəkilib, Azərbaycan tərəfi yolu təhvil verməyə hazırdır . Ermənilərin Azərbaycanın bu ərazisindən çıxmasına isə sayılı günlər qalıb. Ölkə başçımız qətiyyətlə bildirib ki, biz Laçına Zabuxa, Susa qayıtmalıyıq. "Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq".

 Bir sözlə, Laçın dəhlizi ətrafındakı vəziyyət 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 6-cı bəndinə uyğun olaraq həll ediləcək və Laçın dəhlizi boyu yerləşən Zabux və Sus kəndlərindən ermənilər mütləq çıxacaq.

Artıq iki ilə yaxındır ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın qalibiyyəti ilə başa çatıb. Azərbaycan regionda yeni reallıqlar yaradıb və dünya da bu reallıqları qəbul edir. Çünki Azərbaycan hər zaman olduğu kimi bu gün də nəinki regionda, dünyada sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfə verir.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın bütün müddəalarına, üzərinə götürdüyü bütün öhdəliklərə əməl edən Azərbaycan qarşı tərəfdən də bunu tələb edir.

Mehparə ƏLİYEVA,

"Respublika".