Oktay Zeynalov: Şuşa Beynəlxalq Kulinariya Festivalı çox yüksək səviyyədə təşkil olunub
MÜSAHİBƏLƏR

Oktay Zeynalov: Şuşa Beynəlxalq Kulinariya Festivalı çox yüksək səviyyədə təşkil olunub

Azərbaycanın mədəniyyət paytaxtı - Şuşada çox gözəl tədbir keçirilir. Şadam ki, biz də belə mötəbər festivala qatıla bildik.

Bunu AZƏRTAC-a müsahibəsində Birinci Şuşa Beynəlxalq Kulinariya Festivalında iştirak edən azərbaycanlı skripka ifaçısı Oktay Zeynalov deyib.

Şuşaya qovuşmağı illərdir gözlədiyini qeyd edən musiqiçi deyib: "Nəhayət gəlib çıxdıq doğma yurdumuza. Şuşa çox gözəldir, əsrarəngiz təbiətə malikdir. Şəhərin həm də qədim tarixi vardır. Bu, Azərbaycanın mədəniyyət paytaxtına gələnləri valeh edir. Arzu edirəm ki, burada olmayanların hamısı tezliklə gəlib doğma Şuşamızı görsünlər".

Birinci Şuşa Beynəlxalq Kulinariya Festivalının çox yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Oktay Zeynalov tədbirin əla təşkil olduğunu qeyd edib.

"Festivalda başqa ölkələrin də nümayəndələri təmsil olunur. Onlar Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq fürsətini əldə ediblər. Bu, çox vacib məsələdir. Xarici ölkə vətəndaşları Şuşada nə baş verdiyini bilməlidir. Əsas məsələ Azərbaycanın tarixini, mədəniyyətini, həmçinin mətbəxini insanlara tanımaqdır", - deyə azərbaycanlı skripka ifaçısı əlavə edib.

AZƏRTAC