Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar Azərbaycanı qüdrətli dövlətə çevirib
Siyasət

Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar Azərbaycanı qüdrətli dövlətə çevirib

2003-cü ildə prezident seçkilərindən sonra ölkə başçısı kimi jurnalistlərə ilk müsahibəsində: "Sizcə, sizi asan işlər gözləyir, yoxsa çətin?" sualına cavab verərkən cənab İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü, gələcəyə hesablanmış siyasəti nəticəsində ölkəmizin bu günü üçün yaradılan möhkəm təmələ əsaslanaraq sualı belə cavablandırmışdı ki, həm asan, həm də çətin: "Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyev siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram".

Prezident İlham Əliyevin bu fikirləri sonrakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradırdı. Onun həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların reallaşdırılması və sair bu kimi həlli vacib məsələlər idi. Artıq birmənalı demək olar ki, bugünkü Azərbaycan məhz görülən işlərin, əldə olunan uğurların təqdimatıdır. O Azərbaycan ki, son dövr tarixinə yeni bir səhifəni - Zəfər gününü də yazdı...

Bu gün ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur.

Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması ulu öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev deyirdi: "İnsanların həyat şəraitini yaxşılaşdırmaq qarşıda duran ən böyük vəzifədir. Bunu etmək üçün bizim hər cür imkanımız və yetərincə möhkəm iradəmiz var. Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Mən Azərbaycanı belə görmək istəyirəm".

Ümumiyyətlə, Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri İlham Əliyevin ölkəyə 18 illik fəaliyyəti dövründə imzaladığı çoxsaylı fərman və sərəncamlarda, dövlət proqramlarında öz əksini tapmışdır. Bu illərdə ölkədə iqtisadi quruculuq prosesi geniş vüsət aldı, Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi oldu, iqtisadi inkişafın nəticələrini özünün həyat səviyyəsinin yüksəlməsində hiss etdi.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə hökumətin iqtisadi blokuna ilk tapşırıqlarını verdi. Ölkənin sosial-iqtisadi həyatının ən aktual problemlərini özündə əks etdirən bu Fərmanı dövlət başçısının iqtisadi komandaya ilk tapşırıqlarının məcmusu kimi də dəyərləndirmək olar.

Dövlət başçısı İlham Əliyevin ölkənin iqtisadi həyatında reallaşdırdığı mühüm təşəbbüslərdən biri denominasiya ilə bağlı oldu. Ölkədə pul dövriyyəsini daha da yaxşılaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və hesablama sistemini sadələşdirmək məqsədilə 2005-ci ildə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiya) haqqında fərman imzaladı. 2006-cı il yanvarın 1-dən milli valyutanın - manatın denominasiyası həyata keçirildi. 1 yeni manat 5000 köhnə manata bərabər tutuldu. Denominasiyanın həyata keçirilməsi ölkəmizdə makroiqtisadi sabitliyin bərqərar olduğunu bir daha təsdiq etdi.

Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin mühüm tərkib hissələrindən biridir. Belə ki, dövlət başçısı ölkəmizdə sənayeləşmənin sürətləndirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın təşkili, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nı təsdiq etdi. 2014-cü il "Sənaye ili" elan olundu. Sənaye parkları və məhəllələri mövcud potensialın gücləndirilməsi və yeni istehsal sahələrinin yaradılması, sənayedə struktur dəyişikliyi baxımından yeni yanaşmadır. Odur ki, son dövrlərdə ölkədə bu cür təsisatların yaradılması istiqamətində xeyli iş görülüb.

Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə edən sənaye sahələrinin yaradılmasında, istehsal prosesinin təşkili zamanı infrastruktur xərclərinin azaldılmasında, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsində, məşğulluğun təmin edilməsində sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir.

İqtisadiyyatın sürətlə inkişafı, dünya ölkələri arasında nüfuzunun güclənməsi ölkəmizə marağın artmasına səbəb olmuş, respublikamıza gələn əcnəbilərin ildən-ilə çoxalmasına, turizm fəaliyyətinin genişlənməsinə şərait yaratmışdır. Azərbaycan Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə "Turizm ili" elan edilmişdir. Ötən müddətdə Bakı ilə yanaşı, regionlarda da otellərin və istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına geniş imkanlar açmışdır.

Dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan Cənub Qaz Dəhlizinin tərkib hissəsi - TANAP və TAP layihələri, həmçinin "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması xüsusi qeyd edilməlidir. Bu layihələr üzrə işlərin çox hissəsi artıq icra olunub.

İnkişaf edən infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində hava limanlarının, körpülərin, tunellərin, yol qovşaqlarının tikilməsi, yenidən qurulması və s. işlər də davamlı olub.

Tranzit potensialının reallaşdırılması istiqamətində də irimiqyaslı layihələr həyata keçirilmiş, o cümlədən Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti güclənmiş, Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmiş, Bakı Beynəlxalq Dəniz Ticarət Liman kompleksində Ro-Ro terminalının açılışı olmuş, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilmişdir.

İqtisadiyyatın şaxələndirilməsi və səna

yenin modernləşdirilməsi istiqamətində mühüm layihələrdən biri də telekommunikasiya və Yer səthinin müşahidəsi peykləri olan "Azerspace" və "Azersky"ın istismara verilməsidir.

Neft sektorundan sonra prioritet sahələrdən hesab olunan və son illər ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan rabitə və informasiya texnologiyaları sahəsinin inkişafında 11,3 dəfə artıma nail olunmuş, 2013-cü il ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmişdir.

Əhalinin dərman vasitələri ilə optimal qiymətlərlə etibarlı təchizatı sosial və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Dərman vasitələri bazarında yaranmış xaotik vəziyyətin aradan qaldırılması və bu sahəyə nəzarətin gücləndirilməsi ilə bağlı ölkə başçısının müvafiq tapşırıqlarından sonra qanunvericiliyə dəyişikliklər edilmiş, 2015-ci ilin ortalarından etibarən ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılmışdır.

Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nəticələr beynəlxalq hesabatlarda da əksini tapmış, müxtəlif meyarlar üzrə reytinq cədvəllərində ölkəmizin mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bu, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi və institusional islahatlara beynəlxalq təşkilatların verdiyi yüksək qiymətdir.

"Doing Business" hesabatına əsasən Azərbaycan 2017-ci ildə 190 ölkə arasında 57-ci pillədə, Davos İqtisadi Forumunun "Qlobal Rəqabətədavamlılıq" hesabatında isə 35-ci pillədə qərarlaşmışdır. Eyni zamanda, sonuncu hesabata əsasən "Siyasətçilərə ictimai etimad" adlanan indikator üzrə Azərbaycan dünyada 20-ci pilləyə yüksəlib ki, bu da iqtidara xalqın böyük etimadını səciyyələndirən mühüm göstəricidir.

İndi ölkəmizdə iqtisadi liberallaşmanın, struktur islahatlarının yeni mərhələsi başlanır. Bu mərhələdə əsas vəzifə səmərəli iqtisadiyyatın qurulmasından, daha sağlam iqtisadi bazaya əsaslanan təsirli sosial siyasətin həyata keçirilməsindən ibarətdir. Nəzərə almalıyıq ki, "Ən yaxşı sosial siyasət düzgün iqtisadi siyasətdir" tezisini əsas götürmüş Azərbaycan bir çox Şərqi Avropa ölkələri kimi iqtisadi transformasiya dövrünü uğurla başa çatdırıb.

Xarici ekspertlər, dünyanın aparıcı siyasi təhlil mərkəzləri Azərbaycanda müşahidə edilən sabitliyi, dövlətimizin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin genişlənməsini, ölkənin siyasi rəhbərliyinin çevik və tarazlı diplomatiyaya malik olmasını hər zaman "imkanlar pəncərəsi" kimi dəyərləndirirlər. Həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi quruculuq işləri, dövlət proqramlarının vaxtında icrası, strateji layihələrin uğurla başa çatdırılması İlham Əliyevin dövlət başçısı kimi yaranmış imkanlardan səmərəli istifadə edə bilmə bacarığını və məharətini nümayiş etdirir.

Əsaslı iqtisadi dəyişikliklər hər şeydən əvvəl cəsarətli siyasi qərarların qəbul edilməsindən, siyasi və ideoloji oriyentlərin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasından asılıdır. Siyasi impuls olmadan iqtisadi və institusional islahatları həyata keçirmək mümkün deyil.

İqtisadiyyat və siyasətin qarşılıqlı əlaqəsinə dair Prezident İlham Əliyevin fikirləri xüsusi olaraq maraq doğurur: "İqtisadi inkişaf, siyasi inkişaf, cəmiyyətin demokratikləşməsi prosesi - bunlar hamısı paralel getməlidir... İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir... İndi dünyada gedən proseslər onu göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr dünyada öz yerini daha da möhkəm tuturlar, öz siyasətini daha da cəsarətlə aparırlar. İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyinə öz töhfəsini verir. İqtisadi cəhətdən heç kimdən asılı olmayan ölkə öz siyasətini də müstəqil şəkildə apara bilər və Azərbaycanın timsalında biz bunu görürük...".

Azad iqtisadiyyatın inkişafına yönəldilmiş islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyətin sayəsində mümkün olur. Burada güclü hakimiyyət dedikdə güclü dövlət mexanizmi ilə yanaşı, həm də vətəndaşların ölkə rəhbərliyinə inam və etimadı başa düşülür. Ölkəmizdə də iqtisadi transformasiya prosesinin dönməz xarakter almasında Heydər Əliyevin qətiyyəti, sonrakı mərhələdə isə Prezident İlham Əliyevin iradəsi və prinsipiallığı, xalqın ona inamı və davamlı dəstəyi həlledici rol oynamışdır.

İqtisadi diplomatiyanın hansı imkanlara malik olduğunu peşəkar bir səviyyədə qiymətləndirən Prezident İlham Əliyev ölkə iqtisadiyatının inkişafı məsələlərinə böyük önəm verir. Cənab Prezident müsahibələrinin birində bildirmişdir: "Hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaqdır". Dövlət başçısının iqtisadi məsələlərə peşəkar və kompetent yanaşması, milli maraqlarımızı hər zaman önə çəkməsi iqtisadi diplomatiyanın təsir gücünü daha da artırır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və siyasi sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün böyük imkanlar və yeni-yeni perspektivlər açır. Heç şübhəsiz, Azərbaycanın bugünkü inkişafı onu orta müddətli perspektivdə yüksək həyat səviyyəsinə, güclü iqtisadiyyata malik ölkələr sırasına daxil edəcəkdir. Ölkə başçısının bu sözləri artıq həyatda öz təsdiqini tapıb. Ötən 18 ildə onun rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanı qüdrətli bir dövlətə çevirib.

Zümrüd QURBANQIZI,

"Respublika".