Ölkə həyatında aparıcı siyasi qüvvə
Digər xəbərlər

Ölkə həyatında aparıcı siyasi qüvvə

Yeni Azərbaycan Partiyası ölkəmizin Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, sıralarında Azərbaycanda hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmaq ideyalarını yaşadan vətəndaşları birləşdirən siyasi təsisatdır.

YAP-ın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Partiya Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi təhlükəyə məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycanda müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr mövcud vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Məhz belə bir vaxtda xalqı təlaşdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin - yeni partiyanın yaranması zamanın tələbi idi. Azərbaycanı bürümüş dərin siyasi, iqtisadi, sosial böhran ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Belə bir zamanda Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın müdrik oğlu Heydər Əliyevin ətrafında sıx birləşdilər. Belə ki, 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Ölkənin görkəmli ziyalılarının, tanınmış insanların və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Ümummilli lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Ulu öndər xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyət maneələr yaratdı. Bu şəhərdə partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. 1992-ci il noyabrın 21-də ölkənin bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans Heydər Əliyevin sədrliyi ilə keçirildi. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi. Təsis konfransında Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Həmçinin, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri də təyin olundu. Nəticədə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. YAP-ın Proqramında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi əsas vəzifə olaraq irəli sürülmüşdü. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir.

YAP 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə partiyanın rayon təşkilatları və özəkləri yaradılmışdır. 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, dövlətimizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələri müəyyənləşdirilmişdir.

1995-ci il noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiqini tapmışdır. 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın inamlı zəfəri ilə başa çatmış, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici əldə olunmuşdur. 2000-ci ilin noyabr ayının 12-də MM-ə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutmuş, cəmiyyətdəki nüfuzunu və təsir gücünü bir daha sübut etmişdir.

15 oktyabr 2003-cü ildə keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 17 dekabr 2004-cü ildə ölkədə keçirilən bələdiyyə seçkilərində YAP yerli özünü idarəetmə orqanlarında ən çox təmsil olunan partiya kimi növbəti uğura imza atmışdır. 2005-ci il mart ayının 26-da keçirilən Yeni Azərbaycan Partiyasının III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilmişdir.

2021-ci il mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayında Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini seçilmişdir.

Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarında bu gün yüz minlərlə insanın birləşməsi hələ sağlığında canlı əfsanəyə çevrilmiş ulu öndərin və bu gün onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin xalqa göstərdiyi misilsiz xidmətin nəticəsi kimi dəyərləndirilir. Bu gün YAP öz qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir. Xalqın partiyası olan Yeni Azərbaycan Partiyası bu gün ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu və demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini verir.

 Fərid MUSTAFAYEV,

Elm və Təhsil Nazirliyinin

Torpaqşünaslıq və Aqrokimya

İnstitutu.