Ölkə iqtisadiyyatının dayanıqlı və rəqabətqabiliyyətli inkişafını təmin edən tədbirlər həyata keçirilir
İQTİSADİYYAT

Ölkə iqtisadiyyatının dayanıqlı və rəqabətqabiliyyətli inkişafını təmin edən tədbirlər həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 noyabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılan "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti ("ASK" ASC) fəaliyyətinin 5-ci ildönümünü qeyd edir.

Bu münasibətlə "Azərbaycan Sənaye Korporasiyası" ASC-də hesabat iclası keçirilib. Korporasiyanın mərkəzi aparatı, eləcə də törəmə müəssisələrin rəhbər heyəti və kollektivinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Cəmiyyətin Baş direktoru Kamran Nəbizadə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, ölkədə iqtisadiyyatın tarazlı, rəqabətqabiliyyətli və dayanıqlı inkişafını təmin etmək, qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə yaradılan "ASK" ASC-nin bundan sonra da ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirmək və göstərilən etimadı doğrultmaq üçün səylə fəaliyyət göstərəcəyini bildirib.

Cəmiyyətin Baş direktoru müasir Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünün ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu və ulu öndərin təməlini qoyduğu inkişaf strategiyasının müasir dövrün tələblərinə uyğun olaraq cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.

Kamran Nəbizadə korporasiyanın son illərdəki fəaliyyətinə diqqət çəkərək deyib: "2018-2020-ci illər ərzində vergidən öncəki mənfəətdə (EBİTDA) ardıcıl olaraq müsbət nəticələr əldə olunmuşdur. 2021-ci ildə isə Cəmiyyətin konsolidasiya edilmiş xalis mənfəəti 44.1 milyon manat təşkil etmişdir ki, bu da Korporasiyanın fəaliyyət dövründə ən yüksək nəticədir. Ən iri müəssisələrimiz olan "Azəralüminium" MMC, "Azərpambıq ASK" MMC və "Azəripək" MMC son üç il ərzində qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus ən iri 10 şirkətlər arasında yer alırlar. Törəmə müəssisələrin daxili vəsaitləri hesabına son iki ildə əsas vəsaitlərin alınması, həmçinin əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir".

Baş direktor onu da qeyd edib ki, törəmə müəssisələrin fəaliyyətləri üzərində təkmil nəzarətin qurulması, strateji hədəflərin və illik fəaliyyət planlarının müəyyən edilməsi, daxili qayda, prosedur və siyasətlərin təsdiq edilməsi və idarəetmə üzərində nəzarətin aparılması məqsədilə Müşahidə Şuraları yaradılmışdır. 2018-2022-ci illər arasında törəmə müəssisələrlə birlikdə "ASK" ASC-də istehsal işçi sayı 2 dəfədən çox artaraq 1584 nəfərdən 3363 nəfərə, inzibati işçi heyəti isə 3 dəfədən çox artaraq 176 nəfərdən 574 nəfərə çatmışdır. Cəmiyyətimizin və törəmə müəssisələrin ölkə səviyyəsində müəyyən edilmiş prioritetləri və qurumun qarşısında olan mühüm vəzifələri nəzərə alaraq özünün kadr potensialının inkişafı istiqamətləri müəyyən edilmişdir. Bu baxımdan, Korporasiyanın əməkdaşları ACCA, CFI, CFA, PMI və bu kimi digər beynəlxalq dərəcədə tanınan sertifikasiya proqamlarında uğurla iştirak etmişlər.

Cəmiyyətin nəzdində yaradılan törəmə müəssisələrdən biri olan, ölkəmizin əlvan metallurgiya sənayesinin aparıcı müəssisələrindən sayılan və strateji əhəmiyyətə malik "Azəralüminium" MMC-nin direktorunun birinci müavini Oqtay Rəfiyev çıxışında müəssisənin 5 illik fəaliyyyəti haqqında geniş məlumat verib. Bildirib ki, 2018-2021-ci illər üzrə toplam 113 000 tondan artıq alüminium məhsulları, 2022-ci ilin 9 ayı üzrə isə 16 min tondan artıq alüminium külçə, 11 min tondan artıq alüminium tökmə təbəqə, 10 min tondan artıq alüminium soyuqyayılmış təbəqə istehsal edilib. Həmçinin müəssisənin 2018-2021-ci illər ərzində toplam xalis mənfəəti 32 809 038 AZN təşkil edib.

Alüminium sahəsində rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi istiqamətində görüləcək işlər və müəssisənin strategiyası barədə danışan Korporasiyanın Baş direktoru Kamran Nəbizadə Almaniyanın "Achenbach Buschhütten" şirkətilə imzalanmış müqavilə və "İnteral" MMC birgə müəssisəsinin yaradılmasını xüsusilə vurğulayaraq bildirib ki, yeni əməkdaşlıq sayəsində üstün texnologiyanın tətbiqi ilə əlavə dəyərli alüminium məhsullarının istehsalı və bu məhsulların xarici bazarlara daha yüksək marja ilə satışı mümkün olacaqdır.

Cəmiyyətin rəsmisi, həmçinin ölkənin əlvan metallurgiya sənayesinin inkişafı istiqamətində atılan əhəmiyyətli addımlardan biri kimi Daşkəsən rayonunda yerləşən Zəylik alunit mədənində mineral resursların araşdırılması, miqdarının qiymətləndirilməsi, müasir zənginləşdirmə texnologiyasından istifadə etməklə alunitin əldə edilməsi və növbəti proseslərin həyata keçirilməsi üzrə Böyük Britaniyanın "Micon International Co Limited" şirkəti ilə imzalanmış müqavilənin icrasına dair görülən işlərdən bəhs edib.

O da qeyd olunub ki, Gəncədə gil-torpaq zavodunun modernizasiyası, neft koksunun kalsinasiyası və anod bloklarının istehsalı zavodunun tikintisi kimi irihəcmli layihələr üzrə də işlər aparılır. Bu layihələrin icrası üçün investisiyaların cəlb olunması və ən müasir texnologiyadan istifadə olunaraq istehsalın təşkili istiqamətində beynəlxalq şirkətlərlə danışıqların aparıldığı diqqətə çatdırılıb.

"Azərpambıq ASK" MMC-nin direktorunun müavini Ağahüseyn Qədirov "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin digər törəmə müəssisəsi olan "Azərpambıq ASK" MMC-nin ölkədə pambıq tədarükü, pambıq məhsullarının emalı və ixracında mühüm rol oynadığını deyib. Bildirib ki, müəssisə tərəfindən 2018-2021-ci illəri əhatə edən dövrdə 304 min tondan artıq xam pambıq tədarük olunmuş, 118 min tondan artıq mahlıc və 148 min tondan artıq çiyid emal edilmişdir. Cari il ərzində 25.2 min hektar sahədə pambıq əkinləri həyata keçirilmiş və indiyə qədərki xam pambıq tədarükü 51 min tondan artıq olmuşdur. Müəssisənin 2018-2021-ci illərdə xalis mənfəəti toplam 28 261 256 AZN təşkil etmişdir.

Kamran Nəbizadə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi istiqamətində "Azərpambıq ASK" MMC tərəfindən bir sıra layihələrin həyata keçirildiyini də qeyd edib. Baş direktor bu qəbildən olan layihələr sırasında Ağcabədi rayonunda yerləşən Pambıq İstehsalı və Emalı Zavodunun yenidən qurularaq istifadəyə verilməsini, zavodun xam pambıq emalı gücünün gündəlik 28 tondan 200 tona çatdırılmasını və məhsulun keyfiyyətinin xeyli yaxşılaşdırılmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı, 2021-ci ildə Saatlı rayonunda yerləşən PİEZ-in yenidənqurma və bərpa işlərinin aparılmasını, Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılması nəticəsində gündəlik emal gücünün 60 tondan 160 tona qədər yüksəldiyini vurğulayıb.

Qeyri-neft sektorunun aparıcı sahələrindən birinə çevrilmiş tekstil sənayesinin dünya iqtisadiyyatında çox önəmli paya malik olduğunu bildirən K.Nəbizadə tekstil sahəsi üzrə dəyər zəncirinin inkişaf etdirilməsi və növbəti proseslərin təşkili nəticəsində mahlıcdan pambıq ipliyinin əldə edilməsi istiqamətində "Azərpambıq ASK" MMC tərəfindən illik istehsal gücü 5 000 ton olan pambıq iplik zavodunun qurulmasının gələcək perspektivlərindən də danışıb: "Bundan əlavə, həyata keçiriləcək layihələr sırasında Şirvan şəhərində yerləşən yağ emalı zavodunun modernizasiya işlərinin görülməsi istiqamətində araşdırmalar və texniki şirkətlərlə danışıqlar aparılır. Modernizasiya işləri görüldüyü təqdirdə, hazırda günlük 50 ton həcmində olan emal gücünün 100 ton çiyid və 12 ton yağ istehsalı həcminə qaldırmaq mümkün olacaqdır".

Hesabat iclasında bildirilmişdir ki, törəmə müəssisələrdən biri olan "Azəripək" MMC tərəfindən 2018-2021-ci illəri əhatə edən dövrdə 2 000 tondan artıq barama tədarük edilərək ümumilikdə 113 ton xam ipək istehsal olunmuşdur. Cari il ərzində 341 ton barama tədarükü, 23 tondan artıq xam ipək və toplamda 3 512 388 AZN dəyərində məhsul istehsal edilmişdir. Əlavə olaraq, cari ilin 6 ayı üzrə müəssisənin xalis mənfəəti 98 586 AZN təşkil etmişdir. Hazırda müəssisədə inzibati işçi sayı 60, istehsal işçi sayı 292 və birgə çalışılan kümçü sayı isə 3732 nəfərdir.

Korporasiyanın Baş direktoru Kamran Nəbizadə görülən işlər çərçivəsində "ASK" ASC və "RAFA Group" MMC arasında imzalanan müqavilə əsasında yaradılmış birgə müəssisə haqqında danışaraq qeyd edib ki, bir müddət istifadəsiz qalmış bez istehsalı zavodu yenidən fəaliyyətə başlayıb və hazırda uşaq bezi və salfet istehsal edən müəssisə daxili bazar tələbatının ödənilməsi, həmin məhsullar üzrə idxaldan asılılığın azaldılması və yerli məhsulun ixrac imkanlarının yaradılmasına töhfə verməkdədir. 2021-ci ildə müəssisə tərəfindən 1 229 405 AZN dəyərində məhsul istehsal olunub və cari il üzrə daxili və xarici bazara toplam olaraq 2 390 818 AZN məhsul satışı həyata keçirilib. Bu satışların 62 faizini Özbəkistan və Rusiyaya olan ixrac, yerdə qalan 38 faizini isə daxili bazarda olan satışlar təşkil edir.

Cəmiyyətin rəhbəri qeyd edib ki, cənab Prezident İlham Əliyev tərəfindən 29 oktyabr 2021-ci il tarixində imzalanmış "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında" Sərəncamına müvafiq olaraq müəssisələrin özəlləşdirilməsi prosesi həyata keçirilir. Ümumi olaraq özəlləşmə prosesi çərçivəsində "Azərtütün ASK" MMC, "ASK Şəki Şərab" MMC özəlləşmiş, "ASK Ayaqqabı fabriki" MMC-nin əsasında yeni hüquqi şəxs - "Bakı Ayaqqabı fabriki" ASC yaradılmışdır.

Tədbirin sonunda "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin mərkəzi aparatı, həmçinin törəmə müəssisələrin əməkdaşları Cəmiyyətin Baş direktoru Kamran Nəbizadə tərəfindən fəxri diplomlarla təltif olunublar.

Mehparə ƏLİYEVA,

"Respublika".