Ölkə tarixində yeni səhifə
MÜSAHİBƏLƏR

Ölkə tarixində yeni səhifə

“Mən dəfələrlə bunu bildirmişəm ki, Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətə gəlməyə hazır deyildi. Həmin dövrlərdə təcrübəsizlik üzündən dövlət strukturları kifayət qədər idarə edilmir, anarxiya hökm sürürdü. Həmçinin cəbhəyə də kifayət qədər nəzarət edilmirdi. Özbaşınalığın davam etdiyi həmin dönəmlərdə tariximizə ləkə gətirən bir çox ciddi hadisələr yaşandı”. Bu fikirləri bizimlə söhbətində Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Deputat bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlaması ilə ölkənin tarixində yeni səhifə açıldı. Əgər ümummilli lider Heydər Əliyevin iradəsi olmasaydı, xalq bu müstəqilliyə səs verməzdi. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin xilası üçün bütün səy və təcrübəsini ortaya qoyub. O, nümunəvi bir insan idi. Müstəqilliyin qorunması uğrunda mübarizə aparırdı. İşğala, soyqırımına məruz qalmış Azərbaycanda bir sıra problemlərin yaranmasına baxmayaraq, təcrübəsi ilə çətinlikləri aradan qaldırıb müstəqilliyin gücləndirilməsi istiqamətində bütün bacarığını səfərbər etdi. Bu gün əminliklə deyə bilərik ki, ulu öndərin əziyyətləri hədər getməyib.

Ulu öndərin dövlət idarəçiliyindən, ordu quruculuğundan tutmuş ən xırda məsələlərə kimi bütün sahələrdə qayda-qanunun yaradılmasında misilsiz xidmətləri olub. Həqiqət budur və bu gün onun nəticəsidir ki, İslam dünyasında yeganə liderlərdən olan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi şanlı Qələbə ilə tarixə öz möhürünü vurdu. Müzəffər Ali Baş Komandan çox böyük diplomatik hərbi qabiliyyət nümayiş etdirdi. Həmçinin Azərbaycan ərazi baxımından kiçik bir ölkə olsa da, bütün İslam dünyası üçün böyük nümunə oldu. Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ən qüdrətli dövrünü yaşayır.

M.NƏRİMANOĞLU,

“Respublika”.