Ölkədə rəqəmsal xidmətlərin genişləndirilməsi nağdsız hesablaşmaların kütləviləşdirilməsində əsas amildir
Sosial həyat

Ölkədə rəqəmsal xidmətlərin genişləndirilməsi nağdsız hesablaşmaların kütləviləşdirilməsində əsas amildir

Azərbaycan Respublikasının demokratik inkişaf yoluna qədəm qoyması, iqtisadiyyatda keçid dövrünün başa çatması, əhalinin həyat səviyyəsinin daim yüksəlməsi, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası müasir texnoloji tələblərə cavab verən və müasir beynəlxalq standartlara əsaslanan ödəniş sistemlərinin formalaşdırılmasını və bu sahədə ardıcıl islahatların həyata keçirilməsini zəruri edir.    

“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli  Fərmanı ilə təsdiq edilmişdir. Dövlət Proqramının strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsidir. Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatında şəffaflıq artacaq, vergidən yayınma halları azalacaq, bank sektoru sağlamlaşacaq, elektron ticarətin həcmi böyüyəcəkdir. Bütün bunlar Azərbaycanda iqtisadiyyatın nağdsızlaşmasını sürətləndirəcək, real Ümumi Daxili Məhsulun (ÜDM) və dövlət büdcəsi gəlirlərinin artmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə ciddi töhfə verəcəkdir.

Azərbaycan Respublikası ərazisində nağdsız hesablaşmaların aparılması, o cümlədən istifadə edilən ödəniş sənədlərinin forma və məzmununun, tərtibi və dövriyyə qaydalarını, habelə pul köçürmələrinin həyata keçirilməsi şərtlərini müəyyən edir.

Nağdsız hesablaşma - pul nişanlarından istifadə etmədən ödəniş sənədləri vasitəsilə həyata keçirilən ödənişdir. Ödəniş sənədləri elektron daşıyıcılar vasitəsilə təqdim edildikdə, elektron sənədlərə dair elektron imzadan istifadə, elektron imzanın yoxlanılması və elektron sənədin istifadəsi ilə bağlı digər məsələlər qanunvericiliyə müvafiq qaydada tənzimlənir.

Son illərdə həyatımıza daxil olan elektron xidmətlərdən biri də elektron ödəniş sistemləridir. Bu ödəniş sistemləri malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, öz hesabından digər şəxsin hesabına pul vəsaitinin köçürülməsi üçün istifadə edilən ödəniş alətidir. Azərbaycanda hələ 2001-ci ilin əvvəllərində Real Vaxt Rejimində (onlayn) Banklararası Hesablaşmalar Sistemi yaradılaraq istifadəyə verilib. Bunun nəticəsində banklar arasında əvvəllər günlərlə və bəzən həftələrlə çəkən hesablaşmaların saniyələr ərzində başa çatdırılmasına, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına, böyük məbləğli və təcili ödənişlərin real vaxt rejimində həyata keçirilməsinə imkan yaranıb. 2002-ci ilin sonlarından etibarən isə Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi yaradılaraq istifadəyə verilib. Beləliklə, kiçik həcmli, lakin daim təkrarlanan xırda ödənişlərin (əməkhaqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar əsasında həyata keçirilməsinə, eyni zamanda, xırda ödənişlərin əsas iştirakçıları olan kommunal xidməti müəssisə və təşkilatlarının, böyük sayda ödəniş əməliyyatları aparan qurumların Milli Ödəniş Sisteminin infrastrukturuna inteqrasiyası üçün əlverişli zəmin yaradılıb. Daha sonra ölkəmizdə Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi ilə bu proses daha da genişləndirilib. 2005-ci ildən əmək haqlarının, pensiyaların və sosial müavinətlərin plastik kartlarla verilməsi və bankomat şəbəkəsinin yaradılması prosesi sürətləndirilib, 2006-cı ildən satış nöqtələrində POS-terminalların quraşdırılmasına başlanılıb. Həmçinin 2008-ci ildən Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) istismara verilməsi ilə abonentlərə istənilən ödəniş xidməti nöqtəsində  kommunal xidməti borcları ödəniş mexanizmləri (nağd yolla, ödəniş kartları, bank köçürmələri, “İnternet Banking”) vasitəsilə ödəniş aparmaq imkanı yaradılıb. Hazırda isə bu proses elektron ödənişlərin yeni üsullarının inkişafı və ümumilikdə sistemin daha təhlükəsiz fəaliyyəti istiqamətlərində davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2015-ci il tarixli Fərmanı ilə “ASAN ödəniş” sisteminin Əsasnaməsi təsdiq olunub. Sistem müxtəlif istiqamətlərdə ödənişləri qısa zamanda, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır. 

Elektron Hökumətin İnkişafı Mərkəzindən verilən məlumatda bildirilir ki, hazırda “ASAN ödəniş”də vətəndaşlar tərəfindən 530 minə yaxın şəxsi kabinet açılıb. “ASAN ödəniş”ə 30 Mərkəzi İcra Hakimiyyəti, 79 Yerli İcra Hakimiyyəti, 113 Məhkəmə orqanı, 8 Publik hüquqi şəxs, 66 Hüquqi şəxs, 3 özəl təşkilat, 10 ödəniş xidməti təchizatçısı inteqrasiya olunub. Ümumilikdə “ASAN ödəniş” vasitəsilə 309 qurum tərəfindən vətəndaşlara 674 xidmət göstərilir. Sistem üzərindən inzibati cərimə ödənişlərini, rüsum, vergi və gömrük ödənişlərini, kommunal ödənişlərini, rabitə ödənişlərini, ədliyyə və məhkəmə ödənişlərini, kredit və lizinq ödənişlərini, sığorta ödənişlərini, təhsil ödənişlərini, yardım fondları üzrə ödənişləri, internet ödənişlərini, kabel TV ödənişlərini və digər ödənişləri həyata keçirmək mümkündür.

Göstərilən xidmətlərin çeşidinin genişləndirilməsi ilə yanaşı olaraq, “ASAN ödəniş”in müxtəlif platformalar üzərindən əlçatanlığı təmin edilib. Hazırda, “ASAN ödəniş”in rəsmi veb-səhifəsi – www.asanpay.az ilə yanaşı, “iOS”(iPhone telefonları üçün əməliyyat sistemi) və “Android” əməliyyat sistemləri üçün mobil tətbiqi də vətəndaşlara xidmət edir.

“ASAN ödəniş”in veb-səhifəsində həm qeydiyyatla, həm də qeydiyyatsız ödəniş etmək imkanı yaradılsa da, qeydiyyatdan keçmək istifadəçilər üçün əlavə imkanlar yaradır. Hazırda “ASAN ödəniş”də qeydiyyat “ASAN Login” Vahid Giriş Sistemi üzərindən aparılır. Belə ki, 60-a yaxın xidmətə vahid məkandan girişi təmin edən “ASAN Login”də qeydiyyatdan keçməklə, vətəndaş “ASAN ödəniş”ə də giriş əldə edir. “ASAN ödəniş”də qeydiyyatdan keçməklə, vətəndaş Dövlət Yol Polisi tərəfindən ona tərtib olunan cərimə balları, texniki baxış talonunun məlumatları ilə tanış ola bilər. Həmçinin, çıxarışlar bölməsində vətəndaş inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalar haqqında protokolların olmaması haqqında çıxarış əldə edə bilər və bu çıxarış hüquqi qüvvəyə malikdir.

Qeyd edilənlərlə yanaşı  “ASAN ödəniş” sistemi vətəndaşlara bir sıra üstünlüklər təqdim edir ki, bu da fiziki təması minimuma endirir, sürətli, təhlükəsiz və rahat ödəniş təklif edir,vaxta və resursa qənaət edir,istənilən vaxt ərzində  məkandan asılı olmayaraq ödəniş imkanı yaradır.

Həmçinin, “ASAN ödəniş”ə ödəniş xidməti təchizatçıları da inteqrasiya olunub. Ödəniş sistemlərinin sayının artması nağdsız ödəniş təqdim edən xidmətlər arasında rəqabəti daha da artırır, seqmentin inkişafına müsbət təsir göstərir və bununla da nağdsız ödənişlərin stimullaşdırılmasına əvəzsiz töhfə verir.

Elektron ödənişlər əhaliyə vaxta qənaət, nağd pul daşınmasının yaratdığı təhlükələrdən qorunmaq, saxta əskinaslarla hesablaşmamaq, İnternet üzərindən mal almaq və ya kommunal xərcləri ödəmək imkanları yaradır. Həmçinin ticarət və xidmət obyektlərinə də saxta pullarla hesablaşma riskinin aradan qaldırılması, qalıq məbləğin müştəriyə qaytarılması üçün kiçik əskinaslara ehtiyacın yaranmaması üstünlüyü verir.

İnsanları kartdan istifadəyə sövq edən bir sıra amillər var ki, bunlardan birincisi müvafiq infrastruktur, ikincisi kartların nəqliyyatda və digər sosial sahələrdə qəbul edilməsi, üçüncüsü isə kartla ödənişin qazandırdığı üstünlüklərdir. Digər tərəfdən, elektron ödənişlər sistemi pul dövriyyəsinin həcmini artırmaqla həm də bankların kapital ehtiyatlarının artırılmasına böyük təsir edir. Çünki elektron ödəniş sistemlərinə məhz banklar xidmət göstərir və bütün vəsaitlər banklarda dövr edir. Bu vəziyyət bankların aktivlərinin artmasına, gəlirlilik səviyyəsinin yüksəlməsinə və ən önəmlisi ucuz kredit qaynaqları əldə etməsinə imkan verir. Bu isə öz növbəsində, bank sisteminin resurs bazasının genişlənməsinə, faiz dərəcələrinin azalmasına, iqtisadiyyata kapital qoyuluşu imkanlarının çoxalmasına şərait yaradır və nəticədə iqtisadi artımı sürətləndirir.

Elektron ödənişlər, eyni zamanda, makroiqtisadi idarəetməni asanlaşdırmaqla iqtisadiyyata təsir vasitələrini artırır. Nağdsız ödənişlərin üstünlük təşkil etdiyi şəraitdə iqtisadiyyatda maliyyə intizamı güclənir, şəffaflıq artır ki, bu da kölgə iqtisadiyyatının səviyyəsinin azalması deməkdir. Bu məqsədlə indiyədək bir sıra qanunvericilik aktları qəbul edilib. Eyni zamanda, Vergi Məcəlləsinə dəyişikliklər edilərək nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatları bu qaydada həyata keçirən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyasının tətbiqi, nağdlaşma əməliyyatının vergiyə cəlb edilməsi üzrə müvafiq maddələr əlavə olunub. Həmçinin, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan gözləntilər ondan ibarətdir ki, nağdsız ödənişlərin illik həcmi təqribən 17 milyard manat arta bilər. Bu isə nağdsız ödənişlərin payının hər il 7 faiz artmasına imkan verəcəyi anlamına gəlir.

Hətta bir neçə müddətdir  ki, tətbiqinə başlanılan ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) bir hissəsinin geri alınması mexanizmində üstünlük nağdsız ödənişlərə verilib. Lakin, araşdırmaların nəticələri onu göstərir ki, əhali istehlak xərclərinin əksər hissəsini nağd formada həyata keçirir. Məsələ burasındadır ki, ölkədə plastik kartın olmasına baxmayaraq, Azərbaycanda onlardan əksər hallarda hesabda olan vəsaitin bankomat vasitəsilə nağdlaşdırılması üçün istifadə olunur. Ekspertlər bunu vergidən yayınmaya zəmin yaradan amillərin olması, bank xidmətlərinin çeşidinin azlığı və xərclərinin yüksəkliyi, əhalinin maliyyə savadlılığı səviyyəsinin yetərli olmaması, banklara və elektron ödəniş sisteminə ictimai inamın zəifliyi ilə izah edirlər.

Bununla belə Azərbaycan son illərdə MDB və Cənub-Şərqi Avropa regionunda nağdsız ödənişlərin artımı üzrə ən yüksək göstəricilərə malik ölkələrdəndir.                       

Azərbaycan ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirmək məqsədilə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2016-cı il tarixli Qanunu qəbul edilmişdir.
Qanuna əsasən nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə, eləcə də ödəniş vasitələri, ödəniş terminalları və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Əgər hər iki tərəf vergi ödəyicisi olarsa bu zaman onlar arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız birinin bank hesabından digərinin bank hesabına köçürülməklə və ödəniş vasitələri ilə həyata keçirilə bilər.

Prezident cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq nağdsız ödəniş sisteminin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əsas məqsədi iqtisadi subyektlər arasında şəffaflığa nail olunmasından, “gizli iqtisadiyyat”ın həcminin azaldılmasından, vergidən yayınma hallarının qarşısının alınmasından ibarətdir.

Ölkə iqtisadiyyatının nağdsızlaşdırılması nəticə etibarilə iqtisadiyyatda şəffaflığı təmin etməklə yanaşı, biznes mühitinin əsaslı şəkildə yaxşılaşdırılmasına, onun daha münbit bir səviyyəyə yüksəlməsinə geniş imkan açacaq.

Bəybala BƏYBALAYEV,

“Respublika”.