Ölkədə xüsusi karantin rejiminin müddəti uzadılıb
Digər xəbərlər

Ölkədə xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" Qərar imzalayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il iyulun 1-i saat 06:00-dək uzadılıb.

Qərarda, həmçinin qeyd olunub ki, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır və yalnız tövsiyə olunur.

AZƏRTAC