Ölkəmiz Avrasiyada sülhün bərqərar olunmasını istəyir
Digər xəbərlər

Ölkəmiz Avrasiyada sülhün bərqərar olunmasını istəyir

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda ilk dəfə olaraq müstəqillik tarixində üç Cənubi Qafqaz ölkəsi liderlər çərçivəsində bir araya gəlib.

Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər. Cənubi Qafqaz liderləri moderator Kristof Heusgenin suallarına cavab veriblər. Moderatorun: "Rusiyanın Ukraynaya qarşı müdaxiləsi, müharibəsi sizin ölkənizə necə təsir göstərdi", - sualını cavablandıran Prezident İlham Əliyev Rusiya-Ukrayna  münaqişəsinin materikdə geosiyasi vəziyyəti dəyişdirdiyini, ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinliklərin olduğunu deyib. Həmçinin dövlət başçısı bildirib ki: "... Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə, biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər...".

Azərbaycanın coğrafi baxımdan dünyanın ən böyük materiki olan Avrasiyanın iki qitəsi Avropa və Asiya arasında qədim İpək Yolu üzərində yerləşməsi onun geosiyasi mövqeyinin önəmli olmasından xəbər verir. Rusiya-Ukrayna müharibəsi, həmçinin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dünyada, regional və beynəlxalq təşkilatlarda yüksək nüfuza sahib olub. Cənubi Qafqazın nüvəsi sayılan Azərbaycan dövlət başçısı İlham Əliyevin yüksək diplomatik fəaliyyəti nəticəsində qlobal güclərin maraq dairəsində yer alır. Ölkəmiz isə öz növbəsində materikdə sülhün bərqərar olmasında çox maraqlıdır. Belə ki,  2020-ci ildə İkinci Qarabağ müharibəsini qələbə ilə başa vuran ölkəmiz münaqişədən dərhal sonra regionda sülhü və təhlükəsizliyi təmin etmək üçün Ermənistan dövlətinə 5 baza prinsipindən ibarət sülh paketi təqdim edib. Təqdim olunan sülh paketi beynəlxalq hüquq və normaları özündə ehtiva edir: Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Sülh təklifinin təqdim olunmasının üstündən xeyli müddət keçməsinə baxmayaraq, Ermənistan sülh danışıqlarına adekvat cavab vermir. Azərbaycan qarşı tərəfdən fərqli olaraq bu məsələni müxtəlif platformalarda müzakirə edir və hər zaman sülhün təmin olunmasında aparıcı rol oynamağa hazır olduğunu göstərir. Bu səbəbdən Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə, həmçinin ABŞ-ın dövlət katibi Blinkenlə görüşlər keçirib.

Prezident İlham Əliyev "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda jurnalistin ona ünvanlanan: "Sülh danışıqlarında vasitəçi kimi ABŞ-ın çıxış etdiyini söyləmişdiniz. Görünən odur ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində öz rolunu itirmişdir. Bunu şərh edə bilərsinizmi?" sualına cavabında deyib: "…hər kimsə bu iki ölkənin razılığa gəlməsinə kömək edərsə, çempion medalını qazanacaqdır...".

Azərbaycanın regionda və Avrasiya məkanında sülhün təmin olunmasında maraqlarından biri də ondan ibarətdir ki, Ermənistandan fərqli olaraq dalan ölkəsi deyil. Etibarlı tərəfdaş kimi həm qonşu ölkələrlə, həm də uzaq sərhədlərdə yaxşı münasibətlərə sahibdir. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan Çin-Mərkəzi Asiya-Avropa, həmçinin Cənub və Şimal yük daşımasında önəmli paya sahibdir və yükdaşımaların həcminin gələcək illərdə artırılması nəzərdə tutulur. Həmçinin Azərbaycan Rusiya-Ukrayna müharibəsindən sonra yaranan yeni dünya nizamında Avropanın enerji təhlükəsizliyi məsələsində ön planda yer alır. Azərbaycan Avropa qitəsinə ənənəvi enerjiyə tələbatını ödəməklə yanaşı, yaşıl enerji də ixrac edəcək.

Musa BAĞIRLI,

"Respublika".