Ölkəmiz beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına öz tövhəsini verir
Siyasət

Ölkəmiz beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına öz tövhəsini verir

Müstəqil ölkə kimi özünü təsdiq edən, daim dünya ölkələri ilə sülh və dostluq şəraitində əməkdaşlığa böyük önəm verən, bölgədə etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malik olan Azərbaycan hələ 1992-ci ildə mühüm dövlətlərarası təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının üzvü seçilmişdir.

Ölkəmiz öz dövlət müstəqilliyini elan etdikdən sonra demokratiya, azadlıq və bərabərlik yolu ilə irəliləmək, dünya birliyində layiqli yer tutmaq, beynəlxalq təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini vermək əzmi ilə 1991-ci il oktyabr ayının 29-da BMT Baş Məclisinə üzvlük haqqında müraciət etmişdir. 1992-ci ildə Azərbaycan Respublikasının müraciətini müzakirə edən BMT-nin Təhlükəsizlik Şurası ölkəmizin bu təşkilata üzv qəbul edilməsini tövsiyə etmiş və BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edilmişdi. BMT-yə üzv olmaq isə suverenliyini əldə etmiş ölkənin dövlət müstəqilliyinin beynəlxalq aləmdə rəsmiləşdirilməsi kimi qəbul edilir. Dünyada cərəyan edən proseslərdə fəal iştirak etmək üçün hər bir dövlət BMT-nin üzvlüyünə daxil olmağı əsas vəzifələrdən biri kimi qarşıya qoyur.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra ölkəmizin BMT ilə əlaqələri yeni səviyyəyə yüksəlmişdir. Müstəqil Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə məhz Heydər Əliyev 1994-cü ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 49-cu sessiyasında çıxış etmiş, Qafqaz regionu və ümumilikdə, dünya üçün həyati əhəmiyyət kəsb edən qlobal məsələlərlə bağlı ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırmışdır. Ümummilli lider Ermənistanın Azərbaycana qarşı işğalın genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətini münaqişə bölgəsində baş verən hadisələrə cəlb etməyə, dünya ictimaiyyətində obyektiv rəy formalaşdırmağa, BMT vasitəsilə dünya ictimaiyyətinin diqqətini Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasətinə yönəltməyə, münaqişənin sülh yolu ilə həllinə səy göstərmişdir. Ulu öndərin dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyini bəyan etməsi nəticəsində BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmiş və bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiq edilmiş, hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrinin Azərbaycan Respublikası ərazisindən qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur.

2000-ci ildə Nyu-York şəhərində, BMT Baş Məclisi tərəfindən qəbul edilmiş Minilliyin Bəyannaməsində BMT-yə üzv dövlətlər sülh və təhlükəsizlik sahəsində Minilliyin İnkişaf Məqsədlərinə çatmağı öhdələrinə götürmüş, inkişaf, ətraf mühitin mühafizəsi, insan hüquqları, demokratiya və idarəetmə, həssas insanların qorunması, Afrikanın ehtiyaclarını ödəmək, BMT-nin gücləndirilməsi və s. vəzifələri qarşıya qoymuşdular.

BMT-nin Minillik Sammitində çıxış edən ümummilli lider Heydər Əliyev Azərbaycanın BMT ilə bağlı ümidlərindən bəhs edərək demişdir: “...təcavüzkarlıq aktları, ərazilərinin işğalı, etnik təmizlənmə, təcavüzkar separatizm və terrorçuluqdan əziyyət çəkən dövlətimiz BMT-dən ədalətli sülhün bərqərar olunması, təhlükəsizlik, BMT Nizamnaməsi prinsiplərinin qorunması sahəsində səmərəli fəaliyyət gözləyir”.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunu layiqincə davam etdirən ölkə başçısı cənab İlham Əliyev BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bu qətnamələrin hələ də yerinə yetirilmədiyini vurğulayaraq onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını irəli sürmüş, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Baş Məclisin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamə qəbul edilmişdir. 2008-ci il martın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasının gündəliyində 20-ci bənd kimi duran “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə” qətnamə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək vermiş, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Dövlət başçısı 2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərək təşkilatın üzvlərinin diqqətini bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəltmişdir. Ölkə rəhbəri Ermənistanın münaqişə zamanı çox ağır beynəlxalq cinayətlər törətdiyini, Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini, işğal zamanı xalqımıza məxsus tarixi və mədəni abidələrin vəhşicəsinə dağıdıldığını bildirmişdir.

2011-ci ilin oktyabrında BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycan Şərqi Avropa bölgəsini 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilmişdir. Azərbaycanın qeyri-daimi üzv seçilməsinə 193 ölkədən 155-i müsbət rəy vermiş, Nyu-Yorkda - BMT-nin iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın bayrağı qaldırılmış və bununla da Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi fəaliyyətə başlamışdı. Bu isə Azərbaycanın müstəqil və suveren dövlət kimi dünya tərəfindən hüquqi olaraq tanınması demək idi. Bu tarixi hadisə ilə stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan ölkəmiz Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə kimi tarixə düşmüş, dünya miqyasında artan siyasi nüfuzunu bir daha sübut etməklə yanaşı, həm də Azərbaycanın dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq dövlətlərarası münasibətlərin sivil qaydalar müstəvisində daim inkişaf etdirməyə imkan yaratmışdı.

İki il müddətinə — 2012-2013-cü illərdə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına səbəb olmaqla yanaşı, həm də Prezident İlham Əliyevin çoxaspektli xarici siyasətinin milli maraqlara uyğun həyata keçirildiyini təsdiqləmişdi.

Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında iki dəfə — 2012-ci ilin may ayında və 2013-cü ilin oktyabr ayında sədrlik vəzifəsini həyata keçirmiş və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr və yüksək səviyyəli tədbirlər təşkil etmişdi. 2012-2013-cü illərdə BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyü zamanı Azərbaycan Fələstin, Suriya böhranı, Sudan, İraq və Yəmən məsələlərində də fəal mövqe nümayiş etdirmiş, 2013-cü ilin 28 oktyabr tarixində Azərbaycanın təşəbbüsü və sədrliyi ilə ilk dəfə BMT-nin “BMT və İƏT arasında birgə əməkdaşlığın gücləndirilməsi” mövzusunda xüsusi iclası keçirilmişdi.

2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində Azərbaycan dünyada sülh və inkişaf siyasəti yürüdərək beynəlxalq hüququn bərpa olunması tələbi ilə çıxış etmiş, bir sıra məsələlərə, o cümlədən, təhlükəsizlik problemlərinə, ilk növbədə, pozulmuş ərazi bütövlüyü məsələsinə BMT Təhlükəsizlik Şurasının gündəliyində baxılmasına nail olmuşdur.

Azərbaycanın BMT-yə sədrliyi dövründə terror aktlarının bütün forma və təzahürlərinin pislənildiyi və terrorizmə qarşı bütün vasitələrlə mübarizənin vacibliyinin bildirildiyi bəyanat qəbul olunmuş, terrorizmin qarşısının alınması və onunla mübarizədə dinlər və mədəniyyətlərarası dialoqların təşviq edilməsinin və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilmişdi.

15 üzvü olan BMT Təhlükəsizlik Şurasının Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ olmaqla 5 daimi və 10 qeyri-daimi üzvü var. Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrə səfərlər etməsi də Azərbaycanın dünya arenasındakı yüksək mövqelərindən xəbər verir.

BMT-nin üzvü olan Azərbaycan BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığı (UNCHR), Uşaq Fondu (UNİCEF), Təhsil, Elm, Mədəniyyət Təşkilatı (UNESCO), Sənaye İnkişafı Təşkilatı (UNİDO) kimi alt qurumları, habelə Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Beynəlxalq Atom Enerjisi Agentliyi (İAEA), Nüvə Sınaqlarının Əhatəli Qadağası Təşkilatı (CTBTO) kimi yardımçı təşkilatlarla yaxından əməkdaşlıq edir.

Azərbaycan Respublikası BMT-nin üzvlüyünə qəbul olunduğu ilk gündən bu nüfuzlu beynəlxalq təşkilatla qarşılıqlı əlaqələrin genişləndirilməsində, bu əlaqələrin çoxşaxəli əməkdaşlığa çevrilməsində fəal iş aparmış, təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini vermişdir. Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi əsasında xarici siyasətini həyata keçirən ölkəmiz dövlətlərarası davranışlarda daim qanunun aliliyinə riayət edilməsini təşviq etmiş, nəticədə dünyada etibarlı tərəfdaş kimi qəbul olunmuşdur.

Mehparə ƏLİYEVA,

“Respublika”.