Ölkəmiz insan hüquqlarının qorunması sahəsində də uğurlar qazanıb
Sosial həyat

Ölkəmiz insan hüquqlarının qorunması sahəsində də uğurlar qazanıb

10 Dekabr Beynəlxalq İnsan Hüquqları Günüdür

Bu gün dünyada insan hüquqlarının təşviqi istiqamətində Avropa Şurası əsas rol oynayır. Avropa Şurasının insan hüquqları üzrə əsas aləti İnsan Hüquqlarının və Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasıdır (İnsan Hüquqları üzrə Avropa Konvensiyası kimi də tanınır). Bu, Avropa Şurasına üzv olan bütün dövlətlər tərəfindən qəbul edilmişdir. Konvensiya 1950-ci ildə qəbul olunmuş və 3 il sonra qüvvəyə minmişdir. O, vətəndaş və siyasi hüquqları təmin edir. Onun əsas gücü, yəni tətbiq mexanizmi Avropa İnsan Hüquqları Məhkəməsidir. Bu məhkəmə və onun qanunvericiliyi bütün dünyada qəbul edilir. Adətən, BMT və bir çox ölkə və regional sistemlərin konstitusional məhkəmələri də İnsan Hüquqları üzrə Avropa Konvesiyasına istinad edir.

BMT səviyyəsində olduğu kimi, Avropada sosial və iqtisadi hüquqlar ayrıca sənəddə qeyd olunmuşdur. Yenilənmiş Avropa Sosial Xartiyası Avropada insanların həyat standartlarını müdafiə edən hüquqları özündə birləşdirən məcburi sənəddir. Xartiya 45 üzv dövlət tərəfindən imzalanmış və 2010-cu ilə qədər onların 30-u tərəfindən təsdiqlənmişdir.

Avropa İnsan Hüquqları Konvensiyasının xüsusi vəziyyətlərə və ya zərərçəkmiş qruplara yönəlmiş zəmanət və müddəalarına digər konvensiyalar da daxildir. Ənənəvi monitorinq sistemləri irqi ayrı-seçkilik və qeyri-tolerantlığa qarşı Avropa Komissiyası və İnsan Hüquqları üzrə müvəkkil kimi digər müstəqil qurumlar tərəfindən aparılır. Avropa Şurasının insan hüquqları üzrə fəaliyyəti sosial, elmi, texnoloji inkişaf və onların insan hüquqları üçün yaratdığı problemlərin həllini nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsinin prosedurları öz effektivliyini saxlamaqdadır. Yeni hüquqi standartların tətbiqi istiqamətində ölüm hökmünü qadağan edən qərarlar qəbul edilmiş və 2005-ci ildə qəbul olunmuş İnsan Alverinə qarşı Mübarizə Haqqında Konvensiya kimi yeni konvensiya ortaya çıxmışdır.

İnsan hüquqları hər bir insanın malik olduğu hüquqlardır. Bu hüquqlar dövlətlər tərəfindən rəsmi şəkildə tanınır və qorunur.

1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları” haqqında ümumi bəyannamə” qəbul edilmişdir. 1950-ci ildən başlayaraq hər il dekabr ayının 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur. İnsan hüquqları insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar eyni hüquqlara malik olmalı və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir.

Azərbaycan Avropada əsas insan hüquq və azadlıqlarının qorunması üçün 1950-ci il 4 noyabr tarixli Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. Bu konvensiyanın beynəlxalq müqavilələrdən əsas fərqi ondadır ki, Avropada bu sənədə əsaslanan və eyni zamanda real işləmə mexanizminə malik əsas insan hüquq və azadlıqlarını qoruyan Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir.

İnsan haqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq belə kimi ifadə edilir: “Hər bir insan onun malik olduğu irqdən, cinsdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və başqa hallardan asılı olmayaraq, təmin edilmiş insan hüquqlarına malikdir”.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, BMT-nin İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsinə və bir çox beynəlxalq konvensiyalara qoşulmuşdur.

BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas prinsipləri olan ayrı-seçkiliyin yolverilməzliyi və hüquq bərabərliyi bir çox dövlətlərin Konstitusiyasında, beynəlxalq konvensiyalarda təsbit olunduqdan sonra, bu sənədin icrası mütləq statusu almışdır. Həmin prinsiplər adıçəkilən Bəyannamədən hələ 30 il əvvəl Şərqdə ilk parlamentli dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan olunmuş və bir çox dövlətlərdən əvvəl qadınlara kişilərlə bərabər seçki hüququ verilmiş, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqları tanınmışdır. 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk Konstitusiya sonrakı dövrlərdə referendumlar nəticəsində daha da təkmilləşdirilmiş, insan hüquqlarının səmərəli təmininə zəmin yaratmışdır.

Azərbaycanda insan hüquqları sahəsində yol xəritəsi rolunu oynayan üç mühüm strateji sənəd “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011) qəbul edilmişdir. İyunun 18-i isə Milli İnsan Hüquqları Günü kimi elan olunmuşdur və bu, Azərbaycanda insan hüquqları ilə bağlı fəaliyyətin dəyərləndirilməsi baxımından əhəmiyyətlidir.

İnsan hüquqlarının qorunması əsasən milli səviyyədəki mexanizmlərə əsaslanır. Aydındır ki, insan hüquqlarının qorunması və başa düşülməsi əsasən milli səviyyədəki mövcud mexanizmlərdən asılıdır. Milli səviyyədə mövcud olan qanun, siyasət, prosedur və mexanizmlər hər bir ölkədə insan hüquqlarının təmin olunması üşün əsasdır. Regional və beynəlxalq səviyyələrlə müqayisədə milli standartlar daha çox birbaşa təsirə malikdir və milli prosedurlar daha əlçatandır. Eleanor Ruzvelt öz müşahidələri əsasında yazırdı: “Heç nəyə baxmayaraq, universal insan hüquqları hardan başlayır? Evə yaxın olan kiçik yerlərdən – onlar o dərəcədə evə yaxın və balacadırlar ki, dünya xəritəsində onları görmək mümkün deyil. Bununla belə, onlar fərdin dünyasıdır; onun yaşadığı qonşuluq; oxuduğu məktəb və ya kollec; onun işlədiyi zavod, fabrik və ya ofis. Belə yerlər hər bir kişi, qadın və uşağın bərabər ədalət, bərabər imkan, ayrı-seçkiliyə məruz qalmadan bərabər ləyaqət axtardığı yerlərdir. Əgər bu hüquqlar həmin yerlərdə məna kəsb etməsə, başqa yerlərdə də çox az əhəmiyyət daşıyacaqdır”.

Bu mənada hüquqlara hörmət etmək, onları həyata keçirmək dövlətin öhdəliyinin əsasını təşkil edir.

Avropa Şurasına üzv olduqdan sonra Azərbaycanda Qmbudsman haqqında Konstitusiya Qanunu qəbul edilmiş, bunun əsasında ilk Ombudsman təsisatı yaradılmışdır. Omudsman təsisatı respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri olan insan hüquq və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmidir. Ölkəmiz insan hüquqlarının qorunması sahəsində də böyük uğurlar qazanmışdır.

Zümrüd QURBANQIZI,
“Respublika”.