Ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verir
İQTİSADİYYAT

Ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verir

İƏT Nazirlər Şurasının iclasında sədrlik rəsmi olaraq Azərbaycana təhvil verilib

Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əlaqələrin inkişafına böyük önəm verir. Təşkilatın təşəbbüsləri çərçivəsində üzv ölkələrlə bir sıra sahələrdə sazişlər imzalanıb. Bu baxımdan, təşkilatın üzvü olan ölkələr arasında çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi günün tələbidir. Azərbaycan ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı ilə üz-üzə qalsa da, bu dövrdə uğurlu regional layihələrin həyata keçirilməsinə nail olub, enerji təhlükəsizliyinin təmin edilməsində və enerjinin ixrac marşrutlarının şaxələndirilməsində mühüm tərəfdaşa çevrilib.

24 yanvar 2023-cü il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında sədrlik rəsmi olaraq Azərbaycana təhvil verilib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək Azərbaycanın İƏT-in 2023-cü il üzrə sədrliyi çərçivəsində prioritet və planlarını açıqlayıb. Həmçinin, ölkəmizin 2023-cü ildə təşkilata sədrliyi dövründə iqtisadiyyat, enerji, nəqliyyat, gömrük, sərhəd keçid məntəqələri, ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyi də diqqətə çatdırılıb. Azərbaycan təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır və İƏT-in iqtisadyönlü təşkilat kimi inkişaf etməsini və bu istiqamətdə layihələr həyata keçirilməsini dəstəkləyir. Sədrlik dövründə təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması, regional əməkdaşlığın genişləndirilməsi, regionda konkret layihə və proqramların həyata keçirilməsində davamlılığın təmin edilməsi üçün zəmin yaratmaq Azərbaycan Respublikasının qarşısında duran əsas hədəflərdir.

Qeyd etmək lazımdır ki, hazırda 10 ölkəni birləşdirən bu təşkilat İran, Türkiyə, Pakistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Əfqanıstan və Azərbaycanın daxil olduğu hökumətlərarası regional qurumdur. 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən "Regional İnkişaf üçün Əməkdaşlıq" kimi yaradılan təşkilat, 1985-ci ildə İƏT olaraq yenidən qurulub. 1991-ci ilin fevralında isə ölkəmizlə İƏT arasında ilk münasibətlər yaradılıb. 1992-ci il noyabrın 28-də 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə üzv qəbul olunmuşdu. Həmin gün təşkilatın təqvimində "İƏT Günü" kimi qeyd edilir.

Azərbaycan Prezidenti İlham Əliyev İƏT-lə əlaqələrin genişlənməsini xarici siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlayıb. 2006-cı ilin mayında Bakıda İƏT-in IX Zirvə toplantısı keçirilib. Bakı sammiti İƏT tarixində vacib və əhəmiyyətli görüşlərdən biri kimi qiymətləndirilir. Bakıda keçirilmiş IX Zirvə görüşündən etibarən İƏT-də sədrlik Azərbaycana keçib. Prezident, İƏT-in IX Zirvə toplantısının sədri İlham Əliyev Azərbaycanın regional əməkdaşlıq məsələlərinə çox böyük önəm verdiyini diqqətə çatdıraraq deyib: "...Biz bir neçə beynəlxalq, regional layihələrin iştirakçısı, təşkilatçısıyıq və çox istəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də konkret layihələr daha çox olsun. Biz konkret məsələlər ətrafında diskussiya apararaq və praktik addımların atılması üçün lazım olan bütün tədbirləri görməliyik...".

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin strateji coğrafi məkanlarda yerləşməsi, Qərblə Şərqi birləşdirən ən qısa və səmərəli nəqliyyat dəhlizinə malik olmaları, təbii sərvətlərlə zənginliyi bu təşkilatın əhəmiyyətini artıran amillərdəndir. Təşkilatda xüsusi çəkiyə malik olan Azərbaycan İƏT-də islahatların aparılması və bu təşkilatın səmərəliliyinin artırılmasında maraqlı olan ölkələrdəndir.

Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə toplantılarına evsahibliyi etmiş və bu tədbirlərdə qəbul edilmiş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapmışdır. Azərbaycan İƏT vasitəsilə ortaq maraq kəsb edən layihələrin həyata keçirilməsini dəstəkləyir və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslər irəli sürür. Bu xüsusda, ölkəmizin təşəbbüsü ilə Bakıda İƏT Tədqiqat Mərkəzinin təsis edilməsinə dair İƏT Xarici İşlər nazirləri Şurası tərəfindən müvafiq qərar qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan təşkilat çərçivəsində digər üzv dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə əməkdaşlıq edir. İƏT-in hədəfləri öz əksini təşkilatın fəaliyyətini tənzimləyən əsas sənəddə - İzmir Müqaviləsində tapmışdır. Təşkilatın əsas məqsədləri İƏT regionunda ticarətdə məhdudiyyətlərin aradan qaldırılması, digər regionların təcrübəsini və qlobal iqtisadi meyilləri nəzərə alaraq regiondaxili və regionlararası ticarəti genişləndirməkdir.

Azərbaycan Qarabağ savaşında əldə etdiyi zəfərlə regionda və ümumilikdə dünya siyasi arenasında gücünü daha da artırdıqdan sonra dövlətlər və beynəlxalq təşkilatlarla mövcud olan əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. Bu təşkilatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır. 2021-ci il martın 4-də Təşkilatın XIV onlayn Zirvə toplantısında üzv dövlətlərin rəhbərləri bundan sonrakı mərhələdə əməkdaşlığın daha da dərinləşdirilməsində hər bir tərəfin maraqlı olduğunu ifadə etmişlər. Bu isə ondan xəbər verir ki, Azərbaycan ayrı-ayrı dövlətlərlə olduğu kimi, regional və beynəlxalq təşkilatlarla da səmərəli və faydalı iş mexanizmi üzrə əməkdaşlıq etməkdə etibarlı tərəfdaş qismində çıxış edir. Təşkilat regionda ticarətdə məhdudiyyətlərin aradan qaldırılmasını, daxili və regionlararası ticarətin genişləndirilməsini, ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılmasını və tariflərin azaldılmasını, həmçinin qarşılıqlı nəqliyyat əlaqələrinin təkmilləşdirilməsini əsas məqsədlər kimi müəyyənləşdirir ki, Azərbaycan da bölgədə yaratmış olduğu yeni geosiyasi reallıqlar kontekstində bu amilləri dəstəkləyən başlıca ölkələrdən biri kimi mühüm rol oynayır. Azərbaycan həm bu təşkilata üzv olan ayrı-ayrı dövlətlərlə individual şəkildə, həm də İƏT çərçivəsində əməkdaşlıq edir.

İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında Azərbaycanda regional nəqliyyat və tranzit dəhlizlərinin inkişaf etdirilməsi üçün görülən əhəmiyyətli işlər barədə tədbir iştirakçıları məlumatlandırılıb. Bununla yanaşı, sözügedən istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformaların təsis edildiyi bildirilib. Azərbaycan-Türkiyə-Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilmiş görüş zamanı Bakı Bəyannaməsi və bununla əlaqədar Transxəzər Şərq-Qərb Orta Dəhlizin inkişaf etdirilməsi üzrə qərarların qəbul olunduğu qeyd edilib. Azərbaycanın sədrliyi çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyi, Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyinin irəli sürüləcəyi diqqətə çatdırılıb.

Mustafa KAMAL,

"Respublika".