Ölkəmiz regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün real addımlar atır
Siyasət

Ölkəmiz regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün real addımlar atır

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı və iştirakı ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri arasında baş tutan sayca dördüncü görüş növbəti dəfə nümayiş etdirdi ki, ölkəmiz regionda sülhün və təhlükəsizliyin təmin olunması, əməkdaşlığın inkişaf etdirilməsi üçün təşəbbüslərlə çıxış edir, real addımlar atır. Ümumilikdə, sonuncu Brüssel görüşü mahiyyət etibarilə Azərbaycanın təşəbbüslərinin tam dəstəkləndiyini göstərdi. Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün kifayət qədər münbit şərait yaradıb. Bu şəraitdən yararlanaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və yekun sülh sazişinin imzalanması bundan sonrakı mərhələdə Ermənistanın davranışlarından asılı olacaq.

 Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizin ən şanlı səhifələrindən biridir. 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, təcavüzkar Ermənistanın zərərsizləşdirilməsi ilə də nəticələndi. Bu isə Ermənistanda dərin siyasi böhran yaradıb. Bu siyasi böhrandan istifadə etməyə çalışan bəzi qüvvələr isə revanşizm xülyası ilə daxili auditoriyanı öz tərəfinə çəkməyə çalışırlar. "Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə deyib.

Hazırda Qarabağda genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir, yeni yollar çəkilir, infrastruktur qurulur, vaxtilə bu yerlərdən didərgin düşmüş insanların öz doğma yurdlarına geri dönüşü prosesinə başlanılıb. Bu hadisələr məğlub durumda olan Ermənistanda heç də birmənalı qarşılanmır, Ermənistan hökuməti, revanşistlər və onların havadarları təxribatlar törətməklə yenə də sərhəd bölgələrində iğtişaşlara əl atırlar. Belə ki, sentyabrın 12-14-də erməni diversiya qruplarının Azərbaycan dövlət sərhədini pozaraq Daşkəsən, Kəlbəcər, Laçın istiqamətində təxribatlar törətməsi Azərbaycan tərəfinin səbrini daşdırdı. Müzəffər Ali Baş Komandanın "Düşmən sülhə gəlməzsə, "Dəmir yumruq" yerindədir" xəbərdarlığından dərs almayan işğalçı erməni ordusu bu dəfə də qəhrəman Azərbaycan əsgərinin gücünə şahid oldu. Azərbaycan Ordusunun gücü, qüdrəti ilə Azərbaycan torpaqlarına, Azərbaycan əsgərinə qarşı edilən bu xəyanətkar hərəkətlərə layiqli cavab verildi. İşğalçı və təcavüzkar Ermənistan bilməlidir ki, ölkəmizə qarşı istənilən təxribat ağır cəzalandırılacaq. Biz bunu avqustun əvvəlində "Qisas" əməliyyatı zamanı da gördük. Amma görünür, bu, Ermənistana yaxşı dərs olmayıb. Ən əsası isə ermənilərin sərhəddə törətdikləri təxribatlar yalnız sülh müqaviləsinin imzalanmasını və sərhədlərin delimitasiya prosesini yubatmağa hesablanıb. Sonuncu Brüssel görüşündən sonra sülh sazişinin bağlanması istiqamətində işlərin sürətlənəcəyi halda Ermənistan tərəfindən belə addımların atılması müqaviləni bağlamaqdan yayınmaq və ya gecikdirmək istəyindən başqa bir şey deyildi. Bu isə bir daha Ermənistanın təcavüzkar dövlət olduğunu təsdiqləyir.

Təəssüf ki, Ermənistanda 10 noyabr üçtərəfli Bəyanatı ilə razılaşmayan qüvvələr aktivləşib. Ona görə də erməni tərəfi başına gələnlərdən ibrət dərsi götürməlidir. Onlar anlamalıdırlar ki, təxribatçı əməllərlə, bəyanatlarla heç nəyə nail ola bilməzlər. Çünki Azərbaycanın gücünü gördülər. Ermənistanın gələcəyi öz qonşuları ilə normal əməkdaşlıqdan asılıdır. Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı dəfələrlə dövlətimiz tərəfindən bəyan edilib. Qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğuna dair Azərbaycan tərəfində olan çoxsaylı dəlillərə əlavə olaraq, bu fakt erməni rəsmiləri tərəfindən də etiraf edilib. Ermənistan tərəfi üçtərəfli Bəyanatın digər müddəaları kimi bu öhdəliyin də həyata keçirilməsini müxtəlif bəhanələrlə ləngitmək məqsədini güdürsə, bu bir daha Ermənistanın qeyri-konstruktiv və üçtərəfli bəyanatların və digər razılaşmaların icrasına münasibətdə pozucu fəaliyyətinin bariz nümunəsidir. Bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli Bəyanatın tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Ermənistanın revanşist siyasəti bütün region üçün təhlükə yaradır. Rəsmi İrəvanın təxribatları regionda yeni münaqişə və terror aktlarının ehtimalını artırır. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan erməni təxribatları çirkin niyyətlərin reallaşmasına xidmət edir.

İkinci Qarabağ müharibəsindəki rüsvayçı məğlubiyyət Ermənistanda şok effekti yaradıb. Yəni ölkə faktiki olaraq iki dilemma qarşısında qalıb. Rusiya, yoxsa Qərb? Bu sual hazırda özünün bataqlıq dövrünü yaşayan Ermənistan üçün olduqca qəlizdir. Ermənistan Avropa İttifaqına və NATO-ya inteqrasiya olunmağa çalışır. Əlbəttə ki, Ermənistan hakimiyyəti çox yaxşı anlayır ki, Rusiyadan imtina Ermənistanın intiharı sayılır. Yenidən Azərbaycana qarşı ərazi iddiası isə ölkənin məhvi deməkdir.

Qarabağda qalan ermənilərin gələcək taleyinin necə olacağı getdikcə daha dəqiq müəyyən olunur. Bu xüsusda, Prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Həmin müsahibəsində Prezident İlham Əliyev ictimaiyyət üçün çox ciddi bir məlumatı ilk dəfə olaraq açıqladı. Bildirdi ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir, əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Dövlət başçısı bunun səbəbini də açıqladı ki, Qarabağda yaşayan ermənilər Ermənistan hakimiyyətinin onların nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa heç bir problemini həll etmək iqtidarında olmadığını açıq-aydın gördülər. Əksinə, gördülər ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır. Bu hal həm də Ermənistanda revanşist qüvvələrin fiaskosunun göstəricisi kimi çıxış edir. Çünki revanşistlər Qarabağ kartından istifadə edib Ermənistanda hakimiyyətə gəlmək, eyni zamanda Azərbaycanla düşmənçilik münasibətini davam etdirmək istəyirdilər. Amma görünən budur ki, Qarabağ erməniləri revanşistlərin mövqeyini qəbul etmir. Onlar görür ki, Azərbaycan güclü tərəfdir və sərt şəkildə revanşist qüvvələrin cavabını vermək iqtidarındadır. Ermənistan hökumətinin də, Qarabağda yaşayan ermənilərin də çıxış yolu Azərbaycan dövləti ilə hesablaşmaqdır.

Mustafa KAMAL,

"Respublika".