Ölkəmiz sadiq tərəfdaş olaraq təqdir edilir
Siyasət

Ölkəmiz sadiq tərəfdaş olaraq təqdir edilir

Balkan yarımadası dövlətləri ilə dostluq zəminində qurulan ikitərəfli münasibətlər mühüm əhəmiyyət daşıyır

Beynəlxalq əlaqələrini məqsədyönlü şəkildə genişləndirməkdə davam edən Azərbaycanın Balkan yarımadası ölkələri ilə daha çox səmimi dostluq zəminində qurulan ikitərəfli münasibətləri mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin bu ölkələrə səfərləri bunu bir daha təsdiq edir.

Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və etibarlı tərəfdaş imicini gücləndirməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Həm regional və beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı dövlətlər Azərbaycan haqqında danışarkən ilk növbədə ölkəmizi sadiq tərəfdaş olaraq təqdir edir, əməkdaşlıqdan məmnun olduqlarını bildirirlər. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və düşünülmüş xarici siyasət dövlətimizə, beynəlxalq səviyyədə böyük nüfuz qazandırıb. Bu, bilavasitə cənab İlham Əliyevin xalqın mənafeyindən, dövlət maraqlarından çıxış etməsi ilə sıx bağlıdır. 

Serbiya-Azərbaycan əlaqələrinin inkişafında da digər ölkələrlə olduğu kimi, Azərbaycan Prezidentinin şəxsi nüfuzu önəmli rol oynayır. Noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərdə olub. Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatında dövlətimizin başçısının şəxsi keyfiyyətlərini xüsusi qeyd edərək Prezident İlham Əliyevin beynəlxalq aləmdə malik olduğu yüksək nüfuzunu vurğulayıb. Azərbaycanın etibarlı tərəfdaş olduğunu diqqət mərkəzinə çəkən Serbiya Prezidentinin dövlətimizin başçısının bir kəlmə sözünün bütün imzalı sənədlərdən daha keçərli olduğunu deməsi xalqımız üçün qürurverici bir haldır. Serbiya ilə Azərbaycan arasında imzalanan Birgə Bəyanat, strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Memorandum ölkələrimiz arasında əməkdaşlığın yeni, daha yüksək mərhələyə yüksəlməsini ifadə edir. Prezident İlham Əliyev də vurğulayıb ki, imzalanmış sənədlər ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil edir və onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Artıq Azərbaycan və Serbiya, sözün əsl mənasında, strateji tərəfdaş ölkələrdir. Çünki bu ölkələr bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər və bu əməkdaşlığın strateji hədəfləri var. İkitərəfli dostluq və əməkdaşlıq münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli platformalarda da öz əksini tapır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan və Serbiyanın birgə təşkilatçılığı ilə 2021-ci ilin 10-11 oktyabr tarixlərində Belqrad şəhərində Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş yüksək səviyyəli tədbiri təşkil olundu. Ümumilikdə 120-yə yaxın ölkə və beynəlxalq təşkilatların yüksək rütbəli nümayəndələrinin iştirak etdiyi bu genişmiqyaslı tədbirin uğurla həyata keçirilməsi Azərbaycan və Serbiyanın birgə əməkdaşlığının bariz nümunəsidir.

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 15-də Albaniya Respublikasına ilk səfərinin məqsədi də ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək olmuşdur. Albaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin son illərdə sürətli inkişafı müşahidə edilir. İndiyədək Azərbaycan və Albaniya arasında 8 sənəd, həmçinin "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş" imzalanıb. Azərbaycanla Albaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bir sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynayır. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında ölkələrimiz çox önəmli rol oynayırlar. TAP qaz boru kəməri layihəsinin seçilməsi iki ölkə arasında enerji sahəsində əməkdaşlıqla yanaşı, iqtisadiyyatın digər sahələrində də işbirliyinin inkişafı üçün geniş imkanlar açır. Azərbaycandan Avropaya ixrac olunacaq qaz Albaniya ərazisindən də keçəcək ki, bu da Albaniya ilə gələcəkdə enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni fürsətlər yaradır. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verib. Bu ilin aprel ayında Bakıda rəsmi qonaq olan Albaniyanın Baş naziri Edi Rama Albaniyanın Azərbaycana dəstəyini bir daha vurğulamış və bildirmişdir ki, Vətən müharibəsi başa çatdıqdan sonra da Albaniya Azərbaycanın sülh təşəbbüslərini hər zaman dəstəkləyir. Münasibətlərdə açılan yeni səhifənin daha da zənginləşdirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu xüsusi qeyd edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-2-də İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf etmişdi. Prezident İlham Əliyevin İtaliyaya budəfəki səfəri sayca yeddincidir. Bundan öncə 2020-ci il fevralın 19-21-də reallaşdırılan dövlət səfəri zamanı 28 sənəd imzalanmış və bu sənədlər arasında Azərbaycanla İtaliya arasında Çoxölçülü Strateji Tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə dair Birgə Bəyannamənin xüsusi əhəmiyyəti var. Həmin sənəd iki ölkə arasındakı münasibətlərin inkişafının yol xəritəsi hesab oluna bilər. Çünki sözügedən sənəddə həm siyasi dialoq, həm də ticari-iqtisadi münasibətlər, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət, humanitar, müdafiə sahələrində əlaqələrin inkişafına dair xeyli məsələlər öz əksini tapıb. Azərbaycanın Avropa İttifaqının 27 dövlətindən doqquzu ilə strateji tərəfdaşlıq münasibətləri var. Avropa ölkələri içərisində Azərbaycan neftinin birinci ən böyük və qazının isə üçüncü ən böyük alıcısı məhz İtaliyadır. Bu səfər münasibətlərimizin təkcə ikitərəfli deyil, həm də çoxtərəfli inkişafı üçün yeni imkanlar açmış oldu. İtaliya həm də NATO-ya üzv dövlətdir. Deməli, Azərbaycanın həm Avropa İttifaqı, həm də NATO ilə münasibətlərinin inkişafına İtaliyanın dəstəyini, töhfəsini xüsusilə qeyd etmək lazımdır. Bu səfər çərçivəsində İtaliya-Azərbaycan Universitetinin açılması ilə əlaqədar sənədin təqdim edilməsi, İtaliyada Azərbaycan səfirliyinin yeni binasının istifadəyə verilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Bir sözlə, Prezident İlham Əliyevin İtaliya səfəri iki ölkə arasındakı münasibətləri yeni müstəviyə yüksəldib.

Ölkəmizlə sıx əməkdaşlıq edən Avropa ölkələrindən biri də Bolqarıstandır. Prezident İlham Əliyevin cari il sentyabr ayının 30-da Bolqarıstana səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verib. Prezident İlham Əliyevin Bolqarıstana səfəri və paytaxt Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaş ölkələrdir və bir-biriləri ilə daha sıx əməkdaşlıq etmək niyyətindədirlər. Vurğulamaq lazımdır ki, ilk növbədə, iki ölkə arasında siyasi əlaqələr inkişaf etməkdədir. Liderlər, rəsmilər arasında görüşlər, xüsusilə, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təkcə Azərbaycan-Bolqarıstan münasibətlərini deyil, eyni zamanda Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini də möhkəmləndirir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımlar atır. Xüsusilə vurğulamaq lazımdır ki, artıq Azərbaycan Avropanın enerji xəritəsinin dəyişməsində mühüm rol oynayır. TAP və TANAP layihələrinin işə düşməsi bir daha ölkə başçısının enerji sahəsində uğurlu və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Regionda ən mühüm enerji layihələrindən biri olan Trans-Anadolu qaz kəməri (TANAP) Cənubi Qafqazı Balkan yarımadası ölkələri ilə birləşdirəcək. Eyni zamanda Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun çox böyük əhəmiyyəti var. Bu interkonnektor həm də Azərbaycan qazının Avropaya daha geniş nəql olunmasına imkan verəcək. Prezident İlham Əliyevin Bolqarıstana səfəri və orada keçirilən əhəmiyyətli görüşlər bir daha təsdiq edir ki, Avropada strateji mövqeyə sahib olan ölkələr Azərbaycanla əməkdaşlıqda və münasibətlərin daha da möhkəmlənməsində maraqlıdırlar.

Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi tarazlaşdırılmış xarici siyasət onun regionda, dünyadakı geosiyasi və geoiqtisadi mövqeyini get-gedə gücləndirir. Müasir dövrün reallıqlarından biri kimi qərbə inteqrasiya yolunu tutmuş Azərbaycanın Avropa və Avratlantik qurumları ilə yanaşı, dünyanın digər nüfuzlu regional və beynəlxalq strukturları ilə uğurla əməkdaşlıq etməsi ölkəmizin milli və dövlətçilik maraqlarının geniş miqyasda təmin edilməsində həlledici amildir.

M.MUSTAFAYEV,

"Respublika".