Ölkəmiz üçüncü müharibəni istəmir, amma...
Siyasət

Ölkəmiz üçüncü müharibəni istəmir, amma...

"Yenə də demək istəyirəm, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər... Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.

Vətən müharibəsində Ermənistanın biabırçı məğlubiyyətini dünya gördü. Güman etmək olardı ki, məğlub ölkə bundan nəticə çıxaracaq, reallıqla barışacaq, sülh müqaviləsinin imzalanması üçün lazımi addımlar atacaq. Təəssüf ki, belə olmadı. 2022-ci il 12-14 sentyabr hadisələrində başı növbəti dəfə əzilən ermənilər bir daha gördülər ki, Azərbaycana qarşı hər hansı bir revanşda məhv ediləcəklər. Ancaq bununla belə Ermənistanda bəzi qüvvələr müharibə çağırışları edir, sülh prosesinə əngəl yaradırlar. Son vaxtlar Xankəndidə peyda olan Ruben Vardanyan kimilər də israrla erməniləri müharibəyə səsləyirlər.

Azərbaycan isə birmənalı olaraq Qarabağ məsələsini bitmiş hesab edir və üçüncü müharibəyə yox deyir. Prezident İlham Əliyev bununla bağlı qəti şəkildə deyib: "Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır... Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik... Hər kəs bilməlidir ki, bizimlə heç kim zarafat etməsin".

Azərbaycan lideri çıxışlarında üçüncü müharibənin olmayacağına əminliyini bildirir. Ekspertlər qeyd edir ki, Ermənistan bu müharibəyə hazır deyil və onun üçün də üçüncü savaşın olmasını istəmir. Çünki bu müharibə Ermənistanın sonu ola bilər. Dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Azərbaycan yeni-yeni silahlar alır. Komando hərbi hissələrimiz yaradılıb və bu proses davam edir. Xüsusi təyinatlıların da sayında artım olub. Ölkədə yeni müasir silahlar istehsal olunur. Ordunun maddi təchizatı gücləndirilir. Bu isə o deməkdir ki, Azərbaycan nəinki üçüncü, hətta dördüncü müharibəyə belə hazırdır.

Digər tərəfdən, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və kim güclüdürsə, diktə edən də o tərəfdir. İndi bu coğrafiyada şərtləri irəli sürən də qalib dövlət Azərbaycandır. Ekspertlər hesab edir ki, əgər Azərbaycan Ermənistanla yeni müharibəyə başlamalı olacaqsa, təbii ki, bu dəfə düşmən ölkə ərazilərinin çox hissəsini itirəcək. Bu da onları fəlakətə sürükləyəcək. Hazırda Ermənistan hakimiyyəti Qarabağı düşünmür. Bütün fikirlər daxilə hesablanıb. Paşinyanın ən böyük istəyi odur ki, Azərbaycan hazırkı Ermənistan ərazilərini tanısın. Çünki Azərbaycan-Ermənistan sərhədləri və əraziləri sovet dönəmində şərti olub. İndi bu ərazilərin hansı xəritə ilə müəyyənləşdiriləcəyi də məlum deyil. Ermənistan çox yaxşı bilir ki, əgər sərhədlər tarix və mövcud xəritələr əsasında müəyyənləşdirilsə, Ermənistan ərazisinin çox hissəsini itirməli olacaq. Bu mənada, Azərbaycan Prezidentinin Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikir daha maraqlı və real görünür. Artıq bu istiqamətdə işlər görülür. Qərbi Azərbaycan İcması yaradılıb və fəaliyyət proqramının hazırlanması ilə bağlı quruma dövlət başçısı öz göstərişlərini verib. Azərbaycan tərəfi bu məsələni qəti şəkildə qoyub və bu da Paşinyanı çox narahat edir, o, heç olmazsa əldə qalan indiki əraziləri qorumağa can atır. Doğrudur, Ermənistanın revanşist qüvvələri üçüncü, dördüncü müharibədən, qisasdan danışırlar. Amma özləri də bilirlər ki, buna gücləri yoxdur, sadəcə populizmlə məşğuldurlar. Paşinyan isə Azərbaycanın gücünü, beynəlxalq aləmdəki nüfuzunu da çox gözəl bilir. Elə ona görə də populizmə getmək istəmir.

Bir sözlə, Ermənistan Azərbaycanda gedən yüksək səviyyəli ordu quruculuğuna yaxşı bələddir. O da özünəməxsus şəkildə hazırlıq görür. Bəzi havadarları onu silahlandırır. Hindistan Ermənistana ucuz qiymətə köhnə silahlar "təklif edir". Əlbəttə, Ermənistan tərəfi bunu "ordu quruculuğu" kimi təqdim edir ki, bu da yanlış illüziyalar yaradır. Vaxtilə "ordusu ilə fəxr edən" Ermənistanın 44 günlük müharibədə acı məğlubiyyəti onu daha bir yanlışlıqdan çəkindirməlidir. Axı, "Dəmir yumruq" hər zaman yerindədir. Prezident İlham Əliyev isə Ermənistana heç nəyin kömək etməyəcəyini dəfələrlə vurğulayır.

Azərbaycan sülh istəyir, dövlətimizin mövqeyi səmimidir, qərəzsizdir, manipulyasiyalardan uzaqdır. Təsadüfi deyil ki, postmüharibə dövründə ilk olaraq sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi, sərhəd komissiyalarının yaradılması təkliflərini də məhz Azərbaycan edib. Ölkəmizin sülh gündəliyi Prezident İlham Əliyev tərəfindən Moskvada, Soçidə, Brüsseldə, Praqada və digər məkanlarda dəfələrlə aydın şəkildə müxtəlif auditoriyaların diqqətinə çatdırılıb. Ermənistan isə əksinə, manipulyasiyalara əl atır, N.Paşinyan beynəlxalq səviyyəli görüşlərdə bir söz danışır, əməldə başqa cür edir. Bu, belə davam edə bilməz.

Dövlət başçısı çıxışlarında başqa bir məqama da dəfələrlə toxunub. Erməniləri Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağıran Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistana qarşı ərazi iddiaları ilə çıxış edərsə, bu, geriyə dönməz bir şəkil ala bilər. Bu gün Qərbi Azərbaycana qayıdış prosesinin gündəmə gətirilməsi indi o məqamın yetişdiyini göstərir.

Beləliklə, Azərbaycan üçüncü müharibəyə yox deyir, amma...

Zümrüd QURBANQIZI,

"Respublika".