Ölkəmiz “yaşıl enerji
İQTİSADİYYAT

Ölkəmiz “yaşıl enerji" zonası kimi də nümunə olacaq

"Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir ümumi töhfəmiz olacaq". Bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib. Dövlətimizin başçısı bildirib ki, bu sənəd "yaşıl enerji" təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm sazişdir.

Dünyada ənənəvi enerji mənbələrindən "yaşıl enerji"yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir. Bərpaolunan enerji texnologiyaları sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri "yaşıl enerji" keçidini sürətləndirməkdədir. Keçid ən müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpaolunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir.

Hazırda Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına həsr edilmiş 6 yanvar 2021-ci il tarixli müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüş və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpaolunan enerji potensialının olması bildirilmişdir. "Yaşıl enerji" zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpaolunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpaolunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda ilkin araşdırmalara əsasən Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilmişdir. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilmişdir. Eyni zamanda Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız qalası") olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir. Laçın və Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılmasına əlavə töhfə verəcəkdir.

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda Azərbaycan (Naxçıvan Muxtar Respublikası) - Türkiyə - Avropa enerji qovşağının yaradılması nəzərdə tutulur. Bu, mühüm əhəmiyyətli plandır. Belə ki, Azərbaycanın qaz yataqlarını işlətməsi və gələcəkdə bərpaolunan mənbələrdən elektrik enerjisi əldə etməsi ölkəmizə Avropa və dünyada qaz və "yaşıl" elektrik enerjisi ixracatçısı kimi əhəmiyyətini artırmağa imkan verəcək. Bu, Azərbaycanın yaxın gələcəkdə beynəlxalq qovşağa çevrilməsinə və dünya iqtisadiyyatına inteqrasiyasına zəmin yaradacaq. Bərpaolunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi bizim bərpaolunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur. "Yaşıl enerji"yə keçidlə bağlı atılan mühüm addımlar Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlinin qoyulması mühüm addımdır. Bunlar ölkəmizin enerjiyə artan tələbatını ödəməklə yanaşı, ixrac imkanlarımızı da genişləndirəcək. Alternativ enerjinin istehsalı artırılmaqla Azərbaycan təbii qaz sərfiyyatını azalda bilər. Enerji mənbələrinin şaxələndirilməsi ilə yanaşı, dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi aktual məsələlərdəndir və bu mənada bərpaolunan enerji mənbələrindən istifadə etməklə atmosferə atılan karbon emissiyalarının azaldılması ekologiyaya əvəzsiz töhfədir.

Mustafa KAMAL,

"Respublika".