Ölkəmizdə hüquqi dövlət quruculuğu və insan hüquqları sahəsində islahatların müəllifi
Siyasət

Ölkəmizdə hüquqi dövlət quruculuğu və insan hüquqları sahəsində islahatların müəllifi

Böyük minnətdarlıq hissi ilə qeyd etmək lazımdır ki, anadan olmasının 100 illik yubileyi bu il dərin ehtiramla qeyd olunan, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev tərəfindən ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrin inkişafı, milli dövlətçiliyimizin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində aparılmış mütərəqqi islahatlar nəticəsində ölkəmiz çoxsaylı uğurlara imza atmışdır.

Azərbaycanda demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması, insan hüquqlarının inkişafı, müstəqil məhkəmədənkənar hüquq-müdafiə mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması ilə bağlı hüquqi islahatların həyata keçirilməsində əziz xatirəsi xalqımız tərəfindən daim dərin hörmətlə yad edilən dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolu olmuşdur.

 

Hüquqi dövlətin qurulması, vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqlarının qorunması sahəsində islahatların təməli

Azərbaycan XX əsrin sonlarında öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra beynəlxalq hüququn bərabərhüquqlu subyekti kimi ümumbəşəri dəyərlərə əsaslanaraq demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmiş, lakin müstəqilliyinin ilk illərində çox böyük çətinliklərlə qarşılaşmışdır.

Yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra bu sahədə kompleks tədbirlər həyata keçirilmiş və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Müasir dövrdə qanunun aliliyi prinsipinə əməl olunması hüquqi dövlətin əsas əlamətlərindən biri kimi xarakterizə olunur. Bu nöqteyi-nəzərdən cəmiyyət həyatının bütün sferalarını əhatə edən ictimai münasibətlərin hüquqi cəhətdən nizama salınması ilə bağlı islahatların həyata keçirilməsi daim öz aktuallığını qoruyub saxlayır.

Bu bir həqiqətdir ki, demokratik hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqları sahəsində davamlı islahatların həyata keçirilməsi müasir standartlara cavab verən qanunvericilik bazasının olmasını şərtləndirir.

Buna görə də layihəsi ulu öndər Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildikdən sonra insan hüquqlarının səmərəli təmini məqsədilə milli qanunvericilik sisteminin, idarəetmənin, institusional mexanizmlərin yenidən qurulması və inkişaf etdirilməsi sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsi üçün hüquqi baza formalaşmışdır.

Təqdirəlayiq haldır ki, ikinci bölməsinin 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr olunmuş Konstitusiyanın 12-ci maddəsinin I hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunmuşdur.

Təbii ki, ulu öndərin təşəbbüsü ilə 2002-ci ilin avqust ayında keçirilmiş referendum nəticəsində Konstitusiyada bir sıra mütərəqqi dəyişikliklərin edilməsi də həmin dövrdə aparılmış hüquqi islahatlar sırasında mühüm yerlərdən birini tutmuşdur.

Müasir çağırışlar kontekstində sürətlə qloballaşmaqda davam edən dünyada hər bir ölkənin demokratik inkişafını müəyyən edən əsas göstəricilərdən biri də insan hüquqlarına münasibətin hansı səviyyədə olmasıdır.

Bütün bunları nəzərə alan ümummilli lider Heydər Əliyev müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə insan hüquq və azadlıqlarının təmini məsələlərini daim diqqət mərkəzində saxlamışdır. Buna görə də ulu öndər ictimai münasibətlərin dolğun şəkildə tənzimlənməsində mühüm əhəmiyyətə malik yeni qanunvericilik aktlarının qəbul edilməsi də daxil olmaqla həyatın bütün sahələrini əhatə edən hüquqi islahatların həyata keçirilməsinə xüsusi önəm vermişdir.

Bu məqsədlə ulu öndərin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası Prezidentinin yanında Hüquqi İslahat Komissiyasının "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Prokurorluq haqqında" beynəlxalq standartlara cavab verən qanunların, yeni məcəllələrin və digər normativ hüquqi aktların layihələrinin hazırlanmasında böyük rolu olmuşdur.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "Konstitusiya Məhkəməsi haqqında" 1997-ci il 21 oktyabr tarixli ilk Qanun qəbul edildikdən bir müddət sonra - 1998-ci il 14 iyul tarixində ölkəmizdə ilk dəfə olaraq Konstitusiya Məhkəməsi yaradılmışdır. Səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı olan bu məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsi, hər kəsin əsas hüquq və azadlıqlarının müdafiəsi istiqamətində səmərəli fəaliyyət göstərir.

 

Sosial-iqtisadi inkişafın təmini, qaçqınlara və keçmiş məcburi köçkünlərə qayğı, yoxsulluğun aradan qaldırılması

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ardıcıl tədbirlər həyata keçirməklə yanaşı, insan hüquqlarının təmini baxımından mühüm əhəmiyyətə malik olan sosial-iqtisadi inkişafın və ictimai-siyasi sabitliyin təmin edilməsinə də daim xüsusi diqqət yetirmişdir.

Ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü il 20 sentyabr tarixində "Əsrin müqaviləsi" adlandırılan yeni neft strategiyasının imzalanması gənc dövlətimizin dünya iqtisadiyyatına inteqrasiyasında, tranzit potensialının artmasında, ölkəmizin dünyanın əsas neft istehsalı mərkəzlərindən biri kimi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilməsində mühüm rol oynamışdır.

Ümummilli liderin siyasi hakimiyyəti dövründə sosialyönümlü islahatların həyata keçirilməsi ilə xalqın rifah halının yüksəldilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması daim prioritet məsələlərdən olmuşdur.

Bu, ilk növbədə, hər il üzrə dövlət büdcəsindən sosial məsələlərin həlli üçün ayrılan vəsaitin artırılmasında, yeni sənaye obyektlərinin, iş yerlərinin açılmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində, gəlirlərinin yüksələn xətlə çoxalmasında, sosial ödənişlərin mütəmadi olaraq artırılması ilə sosial cəhətdən həssas əhali qruplarına aid edilən uşaqların, əlilliyi olan şəxslərin, ahılların, qaçqınların və keçmiş məcburi köçkünlərin maddi vəziyyətinin yaxşılaşdırılmasında öz əksini tapmışdır.

Xalqımızın böyük oğlu Heydər Əliyev tərəfindən qaçqınların və keçmiş məcburi köçkünlərin təhsil, səhiyyə, məşğulluq, mənzil-məişət, müavinət və digər problemlərinin həllinin yaxşılaşdırılması, sosial müdafiəsinin ardıcıl olaraq təmin edilməsi və bu sahənin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə 1998-ci il 17 sentyabr tarixində xüsusi Dövlət Proqramı təsdiq edilmişdir.

BMT-nin 2000-ci ildə keçirilmiş minilliyin sammitindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə 2003-cü il 20 fevral tarixli Fərmanla təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycanda yoxsulluğun azalması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" çərçivəsində insanların sosial-iqtisadi hüquqlarının daha səmərəli təmini istiqamətində mühüm addımlar atılmışdır.

Ümummilli liderin əsasını qoyduğu sosial-iqtisadi siyasət ölkəmizin iqtisadi inkişafını təmin etmiş və nəticədə dünya iqtisadiyyatında yeni Azərbaycan modelinin yaranmasına səbəb olmuşdur. Bir sıra aparıcı ölkələrin iqtisadi böhranla qarşılaşdığı dövrlərdə Azərbaycanda iqtisadi inkişaf tempinin artmaqda davam etməsi bunu bir daha təsdiq edir.

 

Ölüm cəzasının ləğvi yaşamaq hüququnun təmininə xidmət edir

İnsan hüquqlarına dair beynəlxalq müqavilələrdə və milli qanunvericilik aktlarında təsbit olunmuş ən əsas təbii hüquqlardan biri olan yaşamaq hüququnun təmini ümummilli lider Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması üzrə həyata keçirdiyi hüquqi islahatlar sırasında başlıca yerlərdən birini tutmuşdur.

Ulu öndər tərəfindən 1993-cü ildən respublikamızda ölüm cəzasının tətbiqinə moratorium qoyulmuş, bunun ardınca onun təşəbbüsü ilə ölüm cəzasının ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsini nəzərdə tutan 1998-ci il 10 fevral tarixli Qanun qəbul olunmuşdur.

Bir sıra dövlətlərdə hələ də belə bir qəti qərar qəbul edilmədiyi halda, cəza siyasətinin humanistləşdirilməsi nəticəsində ən ağır cəza növü olan ölüm cəzasının cinayət qanunvericiliyindən çıxarılması dünyada böyük əks-səda yaratmış və Azərbaycanın Avropa hüquq məkanına inteqrasiyasını daha da sürətləndirmişdir.

Beləliklə, Şərqdə ilk dəfə məhz bizim ölkədə ölüm cəzası ləğv edilmişdir. Bu, humanizm prinsiplərinə əsaslanan dövlət siyasətinin parlaq göstəricisidir.

Yeri gəlmişkən, qeyd etmək istərdim ki, bu ilin mart ayında ölkəmiz tərəfindən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolu imzalanmış və ratifikasiya olunması istiqamətində prosedur işlərə başlanılmışdır. Həmin Protokolun ölkəmiz tərəfindən ratifikasiya edilməsi müharibə dövründə və ya qaçılmaz müharibə təhlükəsi zamanı törədilmiş cinayətlərə görə də ölüm cəzasının tətbiqinin istisnasız olaraq tamamilə ləğv edilməsinə zəmin yaradır.

Müstəsna cəza tədbiri kimi ölüm cəzasının tam ləğv edilməsi istiqamətində atılan bu addım əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş humanizm siyasətini uğurla davam etdirən ölkə Prezidentinin yaşamaq hüququnun ən yüksək səviyyədə təmininə nail olmaqla bağlı iradəsini bariz şəkildə təcəssüm etdirir.

 

Əfvetmə institutunun bərpası və amnistiya aktının geniş tətbiqi

Əfv və amnistiya aktları insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmini baxımından xüsusi əhəmiyyətə malikdir. Buna görə də cəzanın humanistliyini, adekvatlığını və tərbiyəvi əhəmiyyətini daim diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev 1995-ci ildə müstəqil dövlətimizin tarixində ilk əfv fərmanını imzalamaqla ölkəmizdə əfv institutunun bərpa edilməsinə nail olmuşdur.

Beləliklə, 1995-2003-cü illər ərzində imzalanmış 32 əfv fərmanı və sərəncamı ilə ümumilikdə 3104 məhkum cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur.

Azərbaycanda amnistiya aktlarının qəbulunu da müsbət bir ənənəyə çevirmiş ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş 7 amnistiya aktı nəticəsində 77 mindən artıq məhkum həbsdən azad edilərək ailələrinə və cəmiyyətə qovuşmuşdur.

Ümummilli lider Heydər Əliyevin humanizm siyasətinə sadiq qalan ölkə Prezidenti cənab İlham Əliyev də əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu təşəbbüsünün irəli sürülməsi ənənəsini uğurla davam etdirməkdədir.

Bunun nəticəsidir ki, 1995-2022-ci illər ərzində əvvəlcə ulu öndər Heydər Əliyev, sonra isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış ümumilikdə 68 əfv fərman və sərəncamları, 1996-cı ildən başlayaraq qəbul olunmuş 12 amnistiya aktı minlərlə məhkumun cəzanın çəkilməyən hissəsindən azad edilməsinə səbəb olmuşdur.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hələ Milli Məclisin deputatı olduğu dövrdə təşəbbüsü ilə 4 amnistiya aktının qəbul olunması, sonuncu akt əsasında isə 10 min məhkumun azadlığa qovuşması ictimaiyyət tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir.

Əfv məsələlərinin həlli ilə də bağlı ölkə Prezidentinə təkliflər verə bilmək səlahiyyətinə malik olan Ombudsman təsisatının fəaliyyəti dövründə Müvəkkilin vəsatətləri üzrə yetkinlik yaşına çatmayanlar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər, müxtəlif xəstəliklərdən əziyyət çəkənlər də daxil olmaqla, ümumilikdə 805 məhkum əfv edilmişdir.

Ölkə rəhbərliyi tərəfindən davam etdirilən humanizm siyasəti məhkumlarda, onların ailə üzvləri və digər yaxınlarında böyük sevinc hissi doğurmuş, ciddi tərbiyəvi məzmun kəsb etmişdir.

 

Seçki sisteminin təkmilləşdirilməsi ilə seçki hüququnun təmin edilməsi

Seçki hüququ vətəndaşların siyasi proseslərdə fəal iştirakını təmin edən, vətəndaş cəmiyyəti və hüquqi dövlət arasındakı əlaqələrin möhkəmləndirilməsinə şərait yaradan siyasi hüquqlar sırasında özünəməxsus yerlərdən birini tutur.

Ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizdə hüquqi dövlətin əsaslarının möhkəmləndirilməsində mühüm rola malik olan seçki hüququnun daha səmərəli təmin edilməsi məqsədilə seçki qanunvericiliyinin və praktikasının təkmilləşdirilməsi, seçki hüququna dair təhsil və tədrisin vahid sisteminin yaradılması, seçicilərin hüquqi biliklərinin və fəallığının artırılması istiqamətində mütərəqqi addımlar atılmışdır.

Belə ki, Avropa Şurasının Venesiya Komissiyasının da iştirakı ilə Avropa standartlarının tələblərinə uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasının Seçki Məcəlləsi 2003-cü il 27 may tarixində qəbul edilmişdir. Bununla da ölkəmizdə prezident, parlament və bələdiyyə seçkilərinin, referendumların azad, şəffaf, ədalətli və demokratik şəraitdə keçirilməsi üçün normativ-hüquqi baza formalaşdırılmışdır.

 

Mətbuat üzərində dövlət senzurasının ləğvi, söz və media azadlığı

Ümummilli liderin həyata keçirdiyi uzaqgörən siyasət ölkəmizdə medianın inkişafı, söz, fikir və məlumat azadlığının təmini sahəsində də əsaslı irəliləyişlərin əldə olunması üçün münbit şəraitin yaranması ilə nəticələnmişdir.

Mətbuat orqanlarının azad fəaliyyəti, yeni müstəqil media qurumlarının təsis edilməsi və inkişafı ilə bağlı süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, medianın maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir.

Bundan əlavə, vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan dövləti insan hüquqları, söz və mətbuat azadlığının təmini ilə bağlı mövcud beynəlxalq müqavilələrə tərəfdar çıxmışdır.

Ulu öndərin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti yanında Mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edilmiş, hərbi senzura yaradılması haqqında ölkə Prezidentinin 1992-ci il 16 aprel tarixli Fərmanı və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 1993-cü il 15 aprel tarixli Sərəncamı qüvvədən düşmüş hesab edilmişdir.

Eyni zamanda, mətbuat və informasiya orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə media məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbuat media məhsullarının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti əlavə dəyər vergisindən azad olunmuşdur.

Bundan əlavə, həmin dövr üçün beynəlxalq standartlara cavab verən "Kütləvi informasiya vasitələri haqqında" 1999-cu il 7 dekabr tarixli Qanun qəbul olunmuş və 20 ildən çox bir müddət ərzində, yəni "Media haqqında" 2021-ci il 30 dekabr tarixli yeni Qanunun qüvvəyə mindiyi günədək mövcud ictimai münasibətlər məhz həmin qanuna uyğun olaraq tənzimlənmişdir.

 

Azərbaycanda Ombudsman təsisatı Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılıb

Müasir dövrdə Ombudsman təsisatı qanunvericilik, icra və məhkəmə hakimiyyəti sisteminə daxil olmayan, lakin həyata keçirdiyi əhəmiyyətli funksiyalara görə insan hüquq və azadlıqlarının məhkəmədənkənar müdafiəsinə xidmət edən, qanunvericiliyin, institusional mexanizmlərin və idarəetmənin təkmilləşdirilməsi sahəsində təkliflər irəli sürən, dövlət qurumları ilə cəmiyyət arasında "körpü" rolunu oynayan geniş səlahiyyətlərə malik müstəqil bir qurum olaraq tanınır.

Dünyanın qabaqcıl ölkələrinin müsbət təcrübəsi nəzərə alınmaqla insan hüquq və azadlıqlarının müdafiəsində səmərəli mexanizm kimi çıxış edən Ombudsman təsisatının yaradılması da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin ölkə Prezidenti kimi imzalamış olduğu "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərmanında, eyni zamanda, bundan irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq etdiyi "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda ilk dəfə olaraq Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar öz əksini tapmışdır.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı nəticəsində ölkəmizdə məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılaraq səmərəli fəaliyyət göstərməsi üçün hüquqi və maddi-texniki bazanın formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Belə ki, 2001-ci il 28 dekabr tarixində "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul olunmuş, 2002-ci il 5 mart tarixində onun tətbiq edilməsi barədə Fərman imzalanmış, 2002-ci il 2 iyul tarixində bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilmiş, bundan bir qədər sonra - 2002-ci il 28 oktyabr tarixindən isə Ombudsman Aparatında müraciətlərin qəbuluna başlanılmışdır.

Ombudsmanın fəaliyyətini tənzim edən qanunvericilik aktının ən yüksək və birbaşa hüquqi qüvvəyə malik Konstitusiyanın ayrılmaz hissəsi olan Konstitusiya Qanunu olması isə dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin bariz təzahürüdür. Bu, həm də insan hüquqları sahəsində əhəmiyyətli rola malik olan Ombudsman təsisatının siyasətsizləşdirilmiş, dövlətlə cəmiyyət arasında vasitəçilik funksiyasını yerinə yetirən müstəqil və qərəzsiz bir qurum olduğunu göstərir.

Konstitusiya Qanununa əsasən Müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir. Bununla belə, dəyişilməzliyi, toxunulmazlığı, hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi, maddi və sosial təminatlar onun müstəqilliyini şərtləndirən təminatlar sırasındadır. Hətta fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi Müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır. Qeyd olunmalıdır ki, seçildiyi gün Azərbaycan Respublikası Milli Məclisinin iclasında içdiyi andın mətnində də onun müstəqil fəaliyyət göstərməli olması xüsusi olaraq vurğulanır.

Müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi kimi ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqlarının və azadlıqlarının bərpa edilməsi və Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün yaradılmış Ombudsman təsisatı dövlətimizin ali məqsədinin təmininə xidmət edir.

Ombudsmanın əsas fəaliyyət istiqamətləri sırasına "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirmək, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkmək, informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı ölkə Prezidentinə təkliflər vermək, Milli Məclisə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə, ləğv edilməsinə və ya qanunlarda dəyişikliklər edilməsinə dair, amnistiya elan edilməsi barədə təklif vermək, məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, həmçinin məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq və digər sahələr üzrə məsələlər daxildir.

İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda, onların bərpası üçün səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə ölkə Prezidentinə müraciət etmək, Milli Məclis qarşısında məruzə ilə çıxış etmək, dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək, şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək Ombudsmanın səlahiyyətlərinə aiddir.

Polis bölmələri, müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları, cəzaçəkmə müəssisələri, qarnizon hauptvaxtları ilə yanaşı, psixiatriya və sosial xidmət müəssisələrindəki, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdəki şəxslərin hüquq və azadlıqlarının qorunmasına, qanuni mənafelərinin təmin olunmasına xüsusi önəm verən Ombudsman tərəfindən mütəmadi olaraq həmin müəssisələrə başçəkmələr həyata keçirilir. Bu zaman orada saxlanılan şəxslərlə görüşülərək onların saxlanma şəraiti, şikayətləri yerində araşdırılır və müraciətlərin təmini məsələləri aidiyyəti qurumlar qarşısında qaldırılır.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılaraq aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən müstəqil bir qurum olan Ombudsman təsisatının 20 ili artıq arxada qalmışdır. Hazırda fəaliyyətini ümumbəşəri prinsiplər əsasında davam etdirən təsisat cəmiyyətdə hüquqi şüurun, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, idarəetmənin daha da demokratikləşdirilməsi prosesinin sürətləndirilməsinə öz töhfəsini verməkdədir.

 

Ümummilli lider Heydər Əliyev siyasi kursunun məntiqi davamı və insan hüquqlarının inkişafı

Sevindirici haldır ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın isə fəal dəstəyi ilə yeni dövrün prioritet çağırışlarına uyğun şəkildə davam etdirilir. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan insan hüquqları sahəsində mühüm nailiyyətlər əldə edərək bir çox parametrlər üzrə inkişaf edən ölkələr sırasında layiqli yerlərdən birini tutmuşdur.

Aparılan hüquqi islahatlar çərçivəsində ötən dövr ərzində ölkəmizin hərtərəfli, daha dinamik inkişafına xidmət edən yeni dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, strateji yol xəritələri kimi mühüm sənədlər təsdiq edilərək icra olunmuş, dövlətimiz insan hüquq və azadlıqları sahəsində çoxsaylı beynəlxalq müqavilələrə tərəfdar çıxmış və bu proses hazırda da davam etdirilməkdədir.

Bu baxımdan ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın məntiqi davamı olaraq, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2006-cı ildə "İnsan hüquqlarının müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı"nın, 2011-ci ildə isə "İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsini xüsusilə vurğulamaq lazımdır.

Möhtərəm Prezidentimizin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizdə ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi 18 iyun tarixinin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis olunması müstəqil dövlətimizin insan hüquqlarına verdiyi yüksək qiymətin növbəti bir bariz nümunəsidir.

Təqdirəlayiq haldır ki, hüquqi islahatlar fonunda ölkə Prezidenti cənab İlham Əliyevin fəal dəstəyi ilə yeni dövrün tələbləri və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər nəzərə alınmaqla mütəmadi şəkildə inkişaf etdirilən Ombudsman təsisatı hazırda ölkəmizdə və beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.

Ötən dövrdə dövlətimizin başçısı tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin mandatının beynəlxalq hüquq normalarına uyğun olaraq genişləndirilməsi ilə bağlı əhəmiyyətli təşəbbüslər irəli sürülmüşdür.

Son belə təşəbbüs nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Ombudsmanın mandatı genişləndirilmiş, "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya"nın və "Uşaq hüquqları haqqında Konvensiya"nın həyata keçirilməsi, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının həyata keçirilməsi üzrə səlahiyyəti təsbit olunmuş, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla, xarici ölkələrin insan hüquqları təsisatları ilə əməkdaşlıq etmək, bu məqsədlə müqavilələr (sazişlər) bağlamaq və beynəlxalq qurumlarda təmsil olunmaq mandatı rəsmi qaydada müəyyən edilmişdir.

Qanunvericiliyə edilmiş bu dəyişikliklər Ombudsmanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına, qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiq edilməsinə, bununla da təsisatın beynəlxalq nüfuzunun artırılmasına yönəlmişdir.

Sonda qeyd etmək istərdim ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun məntiqi davamı kimi həyata keçirilən islahatlar nəticəsində ölkəmiz yeni dövrün çağırışlarına, tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və bundan irəli gələn tövsiyələrə uyğun olaraq insan hüquqlarının təmini sahəsində daha da inkişaf edəcək və xalqımız yeni uğurlara imza atacaqdır.

Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının İnsan Hüquqları

üzrə Müvəkkili (Ombudsman),

hüquq üzrə fəlsəfə doktoru.