Ölkəmizdə turizmin inkişafı üçün kompleks tədbirlər reallaşdırılır
İQTİSADİYYAT

Ölkəmizdə turizmin inkişafı üçün kompleks tədbirlər reallaşdırılır

Bu sahənin potensialının tanıdılmasında və təbliğində regional informasiya mərkəzləri də mühüm rol oynayır

Azərbaycanda turizmin inkişafı dövlət üçün həmişə prioriotet olub. İndiyə qədər ardıcıl qəbul olunan və uğurla həyata keçirilən Dövlət proqramlarında da bu siyasət öz dəqiq və əhatəli əksini tapıb.

İqtisadiyyatın sürətlə inkişafı, dünya ölkələri arasında Azərbaycanın nüfuzunun yüksəlməsi ölkəmizə olan marağı artırmış, turizm fəaliyyətinin genişlənməsinə şərait yaratmışdır. Elə ilk iki Dövlət Proqramının uğurlu icrası paytaxt Bakı ilə yanaşı, regionlarda da turizm komplekslərinin, otellərin, istirahət mərkəzlərinin yaradılması ilə nəticələnmişdir. Başqa sözlə, 2004-2013-cü illərdə 14-ü regionda olmaqla, 35 beşulduzlu otel istifadəyə verilmişdir.

Bu məsələ ötən il fevralın 3-də regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda daha geniş müzakirə və təhlil olunmuşdur. Konfransda yekun nitqi söyləyən dövlət başçısı demişdir ki, turizm də ixrac növü hesab edilə bilər. Çünki keçən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər. Yəni əgər bunu ixrac növü kimi hesablasaq, neftdən sonra ikinci sahə turizmdir. Məhz ona görə mən turizmin inkişafı üçün kompleks tədbirlərin görülməsini təmin etdim, son illər Azərbaycanda turistlərin sayı artıb və bu gün də artır. Əminəm ki, bu, belə də davam edəcək.

Ancaq hər şeyin vaxtı var. Misal üçün, biz 10 il bundan əvvəl bu haqda fikirləşsəydik, bəlkə də düzgün olmazdı. Çünki turistlər hara gələcəkdilər - yol yox, işıq yox, otel yox. Hara gələcəkdilər? İndi isə hər şey var. Ən müasir nəqliyyat infrastrukturu - Heydər Əliyev Beynəlxalq Aeroportu, dediyim kimi, beşulduzlu aeroportdur. Bundan başqa, turistlərin daha çox gəldikləri yerlərdə də 5 beynəlxalq aeroport var. Həmçinin, gözəl otellər var.

Daha sonra dövlət başçısı demişdir ki, Azərbaycanda dünyanın bütün aparıcı otellərinin brendləri fəaliyyət göstərir. Onlar nəyə görə buraya gəliblər? Niyə başqa ölkələrə getmirlər? Çünki ölkəmizdə sabitlik var, inam var, vəziyyət proqnozlaşdırılandır və investisiya mühiti, kredit reytinqlərimiz yaxşıdır.

“Doing Business”dəki yerimiz yaxşıdır. Onlar görür, arayışa baxır. Dünyanın aparıcı brendi kortəbii olaraq gəlib burada otel tikər? Əlbəttə ki, yox. İqlim gözəldir, 9 iqlim zonamız var, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, mətbəximiz və əlbəttə ki, sabitlik və təhlükəsizlik. Ona görə turizm sahəsində bu işlər görülür.

Keçən il UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib. Qobustan və İçərişəhərdən, Qız qalasından, Şirvanşahlar sarayından sonra bu, bizim növbəti böyük uğurumuzdur. Harada ki boşluqlar var, biz öz turizm imkanlarımızı gərək səfərbər edək. Məsələn, keçən il Yanardağ tamamilə yenidən quruldu, çox gözəl şərait yaradıldı və demək olar ki, Bakıya gələn turistlərin böyük əksəriyyəti oranı ziyarət edir. Bizim palçıq vulkanlarımız var. Amma oraya heç yol da yoxdur. Hətta yol olsa belə, oraya gedib, bir stəkan çay içmək üçün yer də tapmaq mümkün deyil. Ona görə göstəriş vermişəm ki, bizim Turizm Agentliyimiz bu il bu məsələ ilə ciddi məşğul olsun. Necə ki, bu gün Yanardağa, yaxud da ki, Qobustana hər kəs gedir, palçıq vulkanlarına da hər kəs gedəcək. Çünki biz palçıq vulkanlarının sayına görə dünyada birinci yerdəyik. Bizim tarixi yerlərimizi, tarixi kəndlərimizi turizm zonasına çevirmək üçün praktiki addımlar atılır. Qış turizminin inkişafı, Şahdağ xizək kompleksinin gələcək inkişafı ilə bağlı göstəriş verilmişdir.

Prezident bildirib ki, bu ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə turistlərin sayı 18 faiz artıb. Özü də turistlər üçün o qədər də cəlbedici olmayan yanvar ayında. Keçən il 11 faiz, ondan əvvəl 4 faiz, ondan əvvəl 24 faiz, ondan əvvəl 22 faiz ardıcıllıqla. İndi ancaq yanvar ayında 18 faiz. Keçən il ölkəmizə 3 milyon 170 min turist gəlib.

Azərbaycandakı turizm informasiya mərkəzlərinin rolu nədən ibarətdir?

Bakıda və turizm potensiallı regionlarda turizm informasiya mərkəzləri (Bakı, Gəncə-Lənkəran, Şəki, Zaqatala, Qəbələ, İsmayıllı, Şamaxı, Xaçmaz, Quba, Qusar və Bərdə və b.) yaradılıb. Turizm informasiya mərkəzləri tərəfindən Bakıya və regionlara gəlmiş qonaqlara və turistlərə ekskursiya, nəqliyyat, bələdçilik və digər turizm xidmətləri göstərilir.

Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən regionlarda mövcud olan mərkəzlərin fəaliyyətinin səmərəli təşkili üçün metodiki tövsiyələr hazırlanıb, onların müvafiq əməkdaşlarının iş təcrübəsinin artırılması və praktiki biliklərinin təkmilləşdirilməsi məqsədilə köməklik göstərilib.

Qeyd edək ki, Bakı Turizm İnformasiya Mərkəzi 2005-ci ildə yaradılmışdır və ölkə regionlarında 14 filialı fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi Bakıya gələn əcnəbi turistləri müvafiq informasiya ilə təmin etməkdən ibarətdir. Bakı Turizm İnformasiya Mərkəzi Azərbaycanda ilk dəfə olaraq “Birinci milli turizm mükafatı” təsis etmişdir. Mərkəz 2010-cu ildən Rusiya Turizm Sənayesi İttifaqının üzvüdür. Mərkəzin Heydər Əliyev adına beynəlxalq hava limanında turizm ofisləri fəaliyyət göstərir ki, bu ofislərdə şəhərimizə gələn turistlər bütün zəruri informasiya ilə tanış olurlar. Mərkəz Azərbaycanın turizm potensialını təbliğ edən müxtəlif çap məhsullarının nəşri ilə məşğul olur. Həmçinin, Qala, Qobustan, Dənizkənarı Milli Park, İçərişəhər və bir sıra muzeylərə turlar təşkil edir.

Regionlarda fəaliyyət göstərən turizm informasiya mərkəzləri də ölkəmizin turizm sənayesinin inkişafına və təbliğinə öz töhfələrini verirlər. Ənənəvi olaraq Bakı şəhərində keçirilən Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində (“AİTF”) turizm informasiya mərkəzləri regional mədəniyyət və turizm idarələri və turizm sənayesi nümayəndələri ilə birlikdə müvafiq stenddə təmsil olunurlar. Turizm və informasiya mərkəzləri tərəfindən müxtəlif növ turizm marşrutları hazırlanıb, yerli və xarici turistlərin mədəniyyət müəssisələrinə və turizm nümayiş obyektlərinə ekskursiyaları təşkil edilib.

Bu mərkəzlərin əməkdaşlarının iştirakı ilə regionlarda əl sənətkarlığı ilə məşğul olan insanlarla görüşlər keçirilib, onların işinin təşviqi və gələn turistlərə yerli yaradıcılıq nümunələrinin təqdim edilməsi məqsədilə suvenirlərin satışı üçün köşklər yaradılıb.

Turizm informasiya mərkəzləri tərəfindən kənd turizmi, mədəni turizm və digər turizm növlərinin bölgələrdə inkişaf etdirilməsi, yerli turizm marşrutlarının təşviqi məqsədilə müvafiq reklam-çap materialları hazırlanıb, turizm obyektlərinin əməkdaşları ilə görüşlər keçirilib. Mərkəzlər fəaliyyət göstərdikləri rayonlar üzrə turizm məhsullarının yaradılmasına, turizm növlərinin dəstəklənməsinə və bölgənin infrastrukturunun təkmilləşdirilməsinə dair təkliflər verir, habelə ölkənin digər bölgələri üzrə də turizm imkanları haqqında məlumatlara dair əyani vəsaitlər hazırlayıb yayılmasını təşkil edirlər.

Turizm informasiya mərkəzləri turistlərin cəlb edilməsi məqsədilə turizm şirkətləri üçün infoturlar, KİV nümayəndələrinin iştirakı ilə tarixi məkanlara press-turlar təşkil edirlər. Eləcə də turizm marşrutları üzrə turistlərə xidmət edəcək bələdçilərin hazırlanması həyata keçirilir.

Hazırda bölgələrin milli əl sənətkarlığının inkişafına töhfə vermək və bu sahəni stimullaşdırmaq məqsədilə sənətkarlarla əlaqə yaradılır, turistlərin marağına səbəb olan məhsulların satışı və turist axınının statistika məlumat bazasının hazırlanması üzrə müvafiq tədbirlər davam etdirilir.

Son illərdə turizmin sürətlə inkişaf etdiyi bölgələrimizə səfər edən turistlərin sayının artması ilə bağlı daha altı Turizm İnformasiya Mərkəzi yaradılıb. Bunlar Qusar, Qəbələ, İsmayıllı, Bərdə, Şəmkir və Mingəçevir turizm informasiya mərkəzləridir. Bununla da ölkəmizdə turizm informasiya mərkəzlərinin sayı 15-ə çatıb.

Mərkəzlərin əsas məqsədi daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, informasiya texnologiyaları vasitəsilə ölkəmizin müvafiq regionunun turizm potensialı haqqında məlumatları dünyanın hər bir nöqtəsinə çatdırılmasıdır. Xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgədəki istirahət məkanlarında əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.

Turizm informasiya mərkəzləri tərəfindən bölgənin turizm potensialının təşviqi və onların fəaliyyətinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi prioritet istiqamətlərdəndir.

Nəriman CAVADOV,

“Respublika”.