Ölkəmizə qaytarılmış daha 13 nəfərlə əlaqədar sosial-psixoloji dəstək işlərinə başlanılıb
Sosial həyat

Ölkəmizə qaytarılmış daha 13 nəfərlə əlaqədar sosial-psixoloji dəstək işlərinə başlanılıb

Azərbaycan Hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq, son günlərdə İraq və Suriyadan daha 13 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 2-si qadın, 11-i uşaqdır.

Repatriasiya olunmuş şəxslərdən 11-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə, 2-si tibb müəssisəsinə yerləşdirilib. Repatriantlara ilkin tibbi, sosial-psixoloji dəstək işlərinə başlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, növbəti mərhələ kimi, Agentliyin sosial işçiləri və psixoloqları repatriasiya olunmuş qadın və uşaqların sosial-psixoloji vəziyyətlərini qiymətləndirəcək. Nəticəsinə uyğun olaraq hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında psixoloji dəstək tədbirləri həyata keçiriləcək.

Qeyd edək ki, reabilitasiya prosesini başa çatdıran repatriantların sosial reabilitasiyası onlar öz mənşə ailələrinə verildikdən sonra da davam etdirilir. Onlara sosial dəstək xidmətləri digər aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.

Ölkəyə qaytarılan vətəndaşlarımızın sosial re-inteqrasiyası və sosial-reabilitasiyası məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən fərdi sosial iş aparılır.

Onlar psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, asudə vaxtlarının mənalı keçmələri üçün müxtəlif dərnəklərə də cəlb edilirlər.

AZƏRTAC