Ölkəmizə qaytarılmış daha 16 repatriantla bağlı sosial-reabilitasiya dəstək tədbirlərinə başlanılıb
Sosial həyat

Ölkəmizə qaytarılmış daha 16 repatriantla bağlı sosial-reabilitasiya dəstək tədbirlərinə başlanılıb

Azərbaycan hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq Suriyadan daha 16 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 3-ü qadın, 13-ü uşaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən repatriantların qarşılanması və müvafiq olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müəssisəyə yerləşdirilmiş şəxslərə ilkin qayğı göstərilib və sosial reabilitasiya xidmətinə başlanılıb.

İlkin olaraq repatriasiya olunmuş hər bir şəxsin sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanır, daha sonra sosial işçi və psixoloq tərəfindən sosial reabilitasiya prosesi başlayır.

Sosial adaptasiya prosesinin aparılması və müəssisədə olduqları müddətdə asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar müxtəlif fəaliyyətlərə cəlb edilir.

İndiyədək İraq və Suriyadan 380-i uşaq, 29-u qadın olmaqla 409 nəfər vətəndaşımızın Azərbaycana repatriasiyası həyata keçirilib.

AZƏRTAC