Ölkəmizin açıq, şəffaf və nəticələrə hesablanmış enerji siyasəti Avropa İttifaqı ilə əməkdaşlığın əsasında da bu amillər dayanır
İQTİSADİYYAT

Ölkəmizin açıq, şəffaf və nəticələrə hesablanmış enerji siyasəti Avropa İttifaqı ilə əməkdaşlığın əsasında da bu amillər dayanır

Son illərdə Azərbaycan mötəbər beynəlxalq tədbirlərə uğurla evsahibliyi edən məkana çevrilib. Bu tədbirlərdə müasir dünyanın aktual məsələləri müzakirə olunur. Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdiyi toplantılarda hər dəfə "mavi yanacaq" problemi ilə üzləşən Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ilə bağlı məsələyə toxunur, enerji amilindən heç vaxt siyasi təzyiq vasitəsi kimi istifadə edilməməsinin vacibliyini vurğulayır.

Azərbaycanın bütün məsələlərə münasibətdə nümayiş etdirdiyi ədalətli yanaşma və strateji baxışları enerji siyasətində daha qabarıq şəkildə nəzərə çarpır. Dövlət başçısı ölkəmizin prinsipial mövqeyini dəfələrlə diqqətə çatdıraraq bildirib ki, enerji amili siyasi təzyiq vasitəsi olmamalıdır. Təsadüfi deyildir ki, ölkəmizin qatıldığı bütün transmilli layihələrdə tərəfdaşların hamısı bərabər hüquqda iştirak edir və əməkdaşlıqdan faydalanır.

2022-ci il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "...yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq, çünki Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Biz neft ixracatına 2006-cı ildən başlamışıq, artıq uzun illərdir. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq".

Azərbaycan həm də bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27 min MVt, o cümlədən, külək enerjisi üzrə 3 min, günəş enerjisi üzrə 23 min, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

2004-cü ildə "Azərbaycan Respublikasının alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın qəbul edilməsi bərpaolunan enerji mnbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratdı.

Bu sahədə görülən işlərin davamı olaraq Prezidentin 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış, "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli Qanunu təsdiq edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in 5-ci bəndində ("Təmiz ətraf mühit" və "Yaşıl artım ölkəsi") iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə "yaşıl enerji" məkanı prinsiplərinə əsaslanan bərpaolunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır.

Azərbaycanın ümumi elektrik enerji istehsalı gücü 7542.2 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1304.5 MVt-dır ki, bu da ümumi gücün 17,3 faizini təşkil edir. Hidroenerji gücü 1154.8 MVt, külək enerjisi gücü 66.1, bioenerji gücü 37.7 MVt, günəş enerjisi gücü 45.9 MVt təşkil edir. 1 ədəd hibrid elektrik stansiyasında (Qobustan) külək  - 2,7 MVt, günəş - 3 MVt və bioenerji - 0,7 MVt əsaslı qurğular quraşdırılıb. Naxçıvan Muxtar Respublikasında 4 günəş elektrik stansiyası istismar edilir.

2020-ci il yanvarın 9-da Azərbaycan Respublikasının Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrinin həyata keçirilməsi ilə bağlı icra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq "ACWA Power" şirkəti ilə 240 MVt gücündə külək, "Masdar" şirkəti ilə isə 230 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin icra edilməsi nəzərdə tutulurdu.

Beləliklə, 2022-ci il 13 yanvar tarixində 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının, 2022-ci il martın 15-də isə 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Hər iki tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Bu il sentyabr ayında İtaliyaya rəsmi səfəri çərçivəsində Çernobbio şəhərində keçirilən 48-ci Beynəlxalq Forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışdan sonra xarici kütləvi informasiya vasitələrinin suallarını cavablandırıb. Enerji təhlükəsizliyi ilə bağlı suala cavab verərkən dövlət başçımız demişdir: "Beləliklə, artan ehtiyacı təmin etmək üçün bizim sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bununla biz Azərbaycanın enerji strategiyasının üçüncü mərhələsinə gəlib çıxdıq. Bu isə bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır...".

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilər yenidən qurulur, abadlaşdırılır və bu proses dayanıqlı, möhkəm təməllər əsasında aparılır. Belə ki, Laçının Güləbird kəndində 8 meqavat gücündə Su Elektrik Stansiyasının istismara verilməsi işğaldan azad edilmiş ərazilərdə alternativ enerji mənbələrindən istifadə üçün ilk addım oldu. Qeyd edək ki, hidroenerji dünyada ekoloji baxımdan ən təmiz enerji növüdür və Azərbaycan ondan tam yararlanmaq üçün əlverişli potensiala malikdir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizi isə Qarabağ və ətraf ərazilərdədir, fəqət o torpaqlardakı otuza yaxın kiçik su elektrik stansiyaları düşmən tərəfindən dağıdılıb. Həmin ərazilərdə ümumi gücü 140 meqavat olacaq SES-lərin tikitintisi planlaşdırılır ki, bu da özlüyündə illik 360 milyon kilovatt-saat elektrik enerjisinin istehsalı deməkdir.

Qarabağ və ətraf əraziləri yalnız hidroenerji deyil, həm də günəş, külək, bioenerji və geotermal enerji kimi bərpaolunan mənbələrlə zəngindir. Məhz bu baxımdan Qarabağ "yaşıl enerji" zonası elan edilib.

Təbii ki, bütün bunlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün önəmini daha da artırır. Respublikamız Avropaya alternativ mənbə və marşrut təqdim edir. İndiki məqamda Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji əhəmiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində ölkəmiz istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Şaxələndirilmiş enerji marşrutları, həmçinin istehlakçılar üçün də böyük əhəmiyyət daşıyır. Bu, respublikamıza özünün enerji resurslarını müxtəlif istiqamətlərə nəql etməyə imkan verir, paralel surətdə istehlakçılar da tələbatlarını müxtəlif mənbələrdən ödəyirlər. Bu mənada, Azərbaycan, eyni zamanda, Avropa üçün yeni təchizat mənbəyidir.

Bu ilin avqust ayında Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Bu, ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox mühüm addımdır. Haqlı olaraq dövlət başçımız onu "gələcək fəaliyyətimizin yol xəritəsi" adlandırıb. Azərbaycan Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırır. Bunun üçün isə mühüm addımlar atılmalı, siyasi qərarlar qəbul edilməli, sərmayə qoyuluşuna nail olunmalıdır. Çünki Cənub Qaz Dəhlizinin ayrı-ayrı seqmentlərinin imkanları, ötürmə qabiliyyətləri fərqlidir. Məsələn, TANAP-ın ötürmə qabiliyyətini 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın ötürmə qabiliyyətini isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaq planlaşdırılır. Bu isə əlavə maliyyə vəsaiti deməkdir. Avropa İttifaqını neftlə təmin edən 1-ci, qazla təmin edən 3-cü ölkə olaraq Azərbaycan bir investor kimi buna hazırdır. Avropa İttifaqının əsas enerji təminatçısı olan Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində komanda şəklində iştirak edən digər tərəflərin burada iştirakı zəruridir. Göründüyü kimi, qarşıda görüləsi işlər çoxdur.

Zümrüd QURBANQIZI,

"Respublika".