Ölkəmizin bərpaolunan enerji potensialı Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir
Digər xəbərlər

Ölkəmizin bərpaolunan enerji potensialı Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir

Neft və qaz ixracına əsaslanan Azərbaycan iqtisadiyyatı bu gün dinamik inkişaf edir. İqtisadi cəhətdən dayanıqlılığını təmin edən, bir çox dövlətlərin etimad göstərdiyi etibarlı tərəfdaşa çevrilən, ildən-ilə neft və qaz ehtiyatlarının istismarını genişləndirən ölkəmiz özünün enerji təhlükəsizliyini tam təmin edərək bir sıra dövlətlərlə ikitərəfli münasibətlər zəminində neft, qaz və bərpaolunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər məsələlər üzrə enerji dialoqu həyata keçirir. Əsas ticari tərəfdaşlar olan Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əlaqələrin əsasında bu sahədə əməkdaşlıq mühüm yer tutur. Belə ki, enerji diplomatiyası sahəsində Avropa İttifaqı ilə əlaqələrini genişləndirən müstəqil Azərbaycan birgə əməkdaşlıq səylərini artıraraq daha yüksək səviyyəyə qaldırır. Rusiyanın təbii ehtiyatlarından asılılığına son qoymaq istəyən Avropa İttifaqı ölkələri üçün Cənub Qaz Dəhlizi bu baxımdan mühüm əhəmiyyət kəsb edən layihədir. Bu il iyul ayında Avropa Komissiyası Prezidentinin ölkəmizə səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" bu sahədə ikitərəfli əməkdaşlığın vacibliyini nümayiş etdirməklə bərabər, həm də Avropa İttifaqı ilə Azərbaycan arasında ticari əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini ortaya qoymuşdur. Avropa Komissiyasının Prezidenti səfər zamanı Avropa İttifaqının Azərbaycandan idxal etdiyi qazın həcmini ikiqat artıracağını və 2027-ci ildə 20 milyard kubmetrə çatdırılacağını bildirmişdir.

Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkə olmaqla yanaşı, eyni zamanda etibarlı qaz təchizatçısıdır. Xəzərdəki qaz ehtiyatlarını birbaşa Avropanın qaz bazarları ilə bağlayan Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji layihələrindən biri kimi dünya bazarlarında Azərbaycan qazına olan tələbatı qarşılamaq gücündədir. Ölkə iqtisadiyyatı gücləndikcə Avropaya boru kəmərləri ilə nəql edilən qazın həcmi də ildən-ilə artır ki, bu da Azərbaycan üçün həm iqtisadi, həm də strateji imkanlar yaradır. Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji strategiyasını 3 mərhələyə bölərək 1994-cü ili ilkin mərhələ adlandırmış və bu dövrdə Azərbaycanın dünyanın aparıcı neft şirkətlərini Xəzər dənizində birgə layihələr reallaşdırmağa cəlb edən ölkə olduğunu və qısa müddət ərzində Avropa bazarına, o cümlədən İtaliyaya neft ixrac edən ölkəyə çevrildiyini vurğulamışdır. Ölkəmizdə nəhəng qaz yataqlarının istismarı dövrünü isə dövlət başçımız ikinci mərhələ adlandırmışdır. Belə ki, 1996-cı ildə Cənub Qaz Dəhlizinin resurs mənbəyi olan Şahdəniz qaz yatağı ilə bağlı müqavilə imzalanmış, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı olmuş və ilk dəfə olaraq Azərbaycan beynəlxalq bazarlara təbii qaz nəql etmişdir. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanan TANAP layihəsi ilə bağlı müqavilə isə Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi olmuşdur. 2013-cü ildə Şahdəniz-2 layihəsi üzrə sərmayə qərarı qəbul edilmiş və elə həmin ildə Trans-Adriatik boru kəməri TANAP-ın davamı olaraq müəyyən edilmişdi. 2014-cü ildə geniş əməkdaşlıq və etibarlı tərəfdaşlıq münasibətləri əsasında nəhəng layihə olan Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdu.

Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmış, sonrakı dövrdə də Avropa İttifaqı bu çərçivədə həyata keçirilən tədbirlərə güclü dəstək vermiş, Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə Bakıda keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclaslarında Avropa İttifaqı ən yüksək səviyyədə təmsil olunmuşdur. Belə ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş və Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci ildən başlayaraq hər il keçirilmişdir. Bu il fevral ayının 4-də isə Məşvərət Şurasının 8-ci toplantısı baş tutmuşdur.

Bu gün Avropada Azərbaycan qazına böyük tələbat var. Digər tərəfdən isə Avropa bazarı Azərbaycan üçün ən əlverişli bazardır. Belə ki, artıq Azərbaycan qazı Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Avropaya çatdırılır. 2020-ci ilin son günündə tarixdə ilk dəfə olaraq Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri ilə çıxararaq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə kommersiya məqsədli qazın nəqlinə başladı. TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurla birləşdirildikdən sonra kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən "SNAM Rete Gas" (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırıldı. Tarixdə ilk dəfə Azərbaycan dünyada ən çox təbii qaz idxal edən Avropanın qaz bazarına birbaşa çıxış əldə etdi. Bununla da, öz ixrac imkanlarını şaxələndirən Azərbaycan iqtisadiyyatının inkişafına, eyni zamanda da iqtisadi müstəqilliyinin güclənməsinə zəmin yaratmış oldu.

Prezident İlham Əliyev 48-ci Beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı Azərbaycanın neft strategiyasının 3-cü mərhələsindən danışaraq demişdir: "Beləliklə, artan ehtiyacı təmin etmək üçün bizim sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bununla biz Azərbaycanın enerji strategiyasının üçüncü mərhələsinə gəlib çıxdıq. Bu isə bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır".

Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi dövlətin enerji sahəsində həyata keçirdiyi mühüm istiqamətdir və 2030-cu ilədək ölkədə istehsal olunan elektrik enerjisində bərpaolunan enerji payının 30%-ə çatdırılması hədəf kimi müəyyənləşdirilmişdir. Ölkə başçısının "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq respublikamızın bütün bölgələrində, əsasən də işğaldan azad olunmuş ərazilərdə bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Belə ki, işğaldan azad edilmiş ərazilərdə - 10 min kvadratkilometr ərazi artıq "yaşıl enerji" zonası elan edilmişdir. Bu ərazilərdə bir neçə su elektrik stansiyası inşa edilmiş, BP şirkəti ilə isə Zəngilan, Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanmışdır. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayılda isə günəş enerjisinin alınması üçün böyük potensial mövcuddur. 4000 MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialına malik olan işğaldan azad olunmuş ərazilərimizdə su ehtiyatları da yetərincədir. Tərtərçay, Həkəri çayları böyük su ehtiyatlarına malikdir.

İtaliyanın Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda çıxış edən Prezident İlham Əliyev bu barədə demişdir: "2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Sizə deyə bilərəm ki, biri Səudiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digəri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Bu isə bizim ixrac potensialımızı gücləndirəcək".

Bütün bunlar Avropa Qonşuluq Siyasəti çərçivəsində uğurla inkişaf edən və "Şərq Tərəfdaşlığı" təşəbbüsünün reallaşması ilə yeni mərhələyə daxil olan Azərbaycanla Avropa İttifaqı arasında əlaqələri daha da möhkəmləndirəcək.

Mehparə ƏLİYEVA,

"Respublika".