Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır
Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub. Regionlararası əməkdaşlıq məsələsinə toxunularaq, Azərbaycanın Rusiyanın 70 regionu ilə uğurlu əməkdaşlığı qeyd edilib, bu xüsusda mütəmadi əsasda keçirilən regionlararası forumun vacib platforma olduğu bildirilib.
Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafından, onun potensialının genişləndirilməsindən və bütövlükdə həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə yükdaşımaların həcminin bu marşrut boyunca artmasından razılıq bildirilib.
Ölkəmizin nəqliyyat sektorunda son illər bir sıra irimiqyaslı infrastruktur layihələr həyata keçirilmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının istifadəyə verilməsi və dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artırıb.
"Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev may ayının 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclas zamanı çıxışında deyib. Bakı-Tbilisi-Qars dəmir yolunun Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük".
Dünyanın iki böyük qitəsini Azərbaycandan keçməklə birləşdirən Şimal-Cənub dəhlizi çoxfunksiyalıdır. Bu dəhliz yalnız dəmir yolundan ibarət deyil. Onun strukturuna avtomobil və dəniz yolları da daxildir ki, bunlar da Azərbaycandan keçməklə reallaşacaq və yüklərin tranzit keçidini təmin edəcək. Hər üç istiqamətdə Azərbaycan aparıcı rola malikdir. Dəhliz 3 böyük su hövzəsini -- Fars Körfəzi, Xəzər və Qara dənizləri birləşdirmək imkanına da malikdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulması iqtisadi və siyasi baxımdan olduqca səmərəlidir. Xatırladaq ki, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı 2000-ci illərin sonlarında Hindistan, İran və Rusiya memorandum imzalamış və iki il sonra qəbul edilmişdir. Azərbaycan 2005-ci ildə bu tarixi sazişin tərəflərindən biri olmuşdur. Təşəbbüsün inkişaf tempinin sürətləndirilməsi cəhdlərinə baxmayaraq, qərbin tərəf dövlətlərdən olan İrana qarşı irəli sürdüyü sanksiyalar səbəbindən layihə on ildən bir az artıq müddətə təxirə salınmışdı. Qərbin öz fikrini dəyişməsi və İrana qarşı sanksiyaları dayandırması ilə layihənin həyata keçirilməsində canlanma müşahidə olundu. Dəhlizin ümumi uzunluğunun 7 min kilometrdən artıq olacağı nəzərdə tutulur ki, bunun da 30-50 faizi Rusiya torpaqlarından keçən marşrut xəttindən asılıdır. Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın regiondakı mövqeyinin sabitliyi baxımından geosiyasi əhəmiyyət kəsb edir. Dost Rusiya ilə daha bir regional əhəmiyyətə malik layihənin gerçəkləşməsi qonşu Azərbaycan və Rusiyanın daha da yaxınlaşmasına və müəyyən məsələlərdə iqtisadi və siyasi əməkdaşlığın güclənməsinə səbəb olacaq. Bir çox siyasi analitiklərin də qeyd etdiyi kimi, Şimal-Cənub layihəsi Azərbaycan və Rusiya arasında güclənməkdə olan siyasi əlaqələrin aydın sübutudur.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə gələcək Azərbaycan-Rusiya münasibətləri üçün həyati əhəmiyyət kəsb etmir, eləcə də Şimal və Cənub yarımkürələri arasında daha sürətli ticarət marşrutlarının yaradılmasında böyük rol oynayır. Hazırda mallar Fars körfəzi, Süveyş kanalı və Aralıq dənizi vasitəsilə ən tez ay yarıma Şimal dənizinin limanlarına göndərilir, lakin Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə bu vaxt bir aydan daha az bir müddətə qısalacaq. Məhz buna görə də, layihənin əsas hərəkətverici qüvvələrinin Hindistan, İran və Rusiya olmasına baxmayaraq, bir çox ölkə bu təşəbbüsün həyata keçirilməsində maraqlıdır. Qərb ölkələri tərəfindən Rusiyaya ixrac məhdudiyyətlərinin sərtləşdirilməsini nəzərə alaraq, analitiklər Rəşt-Astara dəmir yolunun tikintisi başa çatana qədər də İran istiqamətində tələbat artımının davam edəcəyini gözləyirlər. Qeyd edək ki, İran ərazisində Rəşt-Astara dəmir yolunun Şimal-Cənub BTK çərçivəsində tikintisi yarımçıq qalıb. Hələlik, İran ərazisində müəyyən işlər tamamlanmayıb və bu, dəhlizin tam işə düşməsinə imkan vermir. Xəzəryanı dövlətlərin bir neçəsi bu dəhlizdə iştirak edir. Təbiidir ki, Şimal-Cənub dəhlizi bu ölkələrin iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Rusiya, İran və Azərbaycan bu hissənin tikintisi ilə bağlı hökumətlərarası saziş bağlamağı planlaşdırırlar.
Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Bu amil Xəzəryanı ölkələrin bütün potensiallarının üzə çıxarılmasında və ümumi, vahid məqsədlərə yönəldilməsində mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı qeyd edib ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərilir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsidir.
Azərbaycan bir çox regional layihələrin həyata keçirilməsində aparıcı rol oynayır. Dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə çevrilməklə Azərbaycan regional və qlobal aparıcı qüvvələr üçün dəyərli tərəfdaş olduğunu sübut etmişdir. Ölkəmiz böyük beynəlxalq layihələrin, Şimal-Cənub və Şərq-Qərb, dəhlizləri layihələrinin tərəfdaşı olmaqla öz tarixində yeni bir səhifə açmaqdadır. Qonşu dövlətlərlə və beynəlxalq tərəfdaşlarla əldə olunan sıx əməkdaşlıq ölkəmizə əlavə dividendlər qazandırır. Azərbaycanın yerləşdiyi coğrafi məkandan düzgün və uzaqgörənliklə istifadə edən Prezident İlham Əliyev ölkəmizi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşmaqla ölkə iqtisadiyyatının inkişafına nail olmaq planını reallaşdırır. Bu yolların tam formalaşacağı təqdirdə dövlət büdcəsinə tranzit gəlirlərin daxil olması ilə yanaşı, iqtisadiyyatın qeyri-neft sektoru da inkişaf edəcək ki, bu da əhalinin məşğulluğunu təmin etməklə həyat şəraitinin yüksəlməsinə səbəb olacaq.
Mustafa KAMAL,
"Respublika".