Ölkəmizin idman ənənələri yaşadılır
İdman

Ölkəmizin idman ənənələri yaşadılır

Azərbaycan böyük idman ənənəsi olan ölkədir. Tarixi mənbələrə əsaslanaraq, ərazimizdə hələ eramızdan əvvəl güləş, oxatma, qılıncoynatma, atçapma kimi istiqamətlər inkişaf etmişdir. "Kitabi-Dədə Qorqud" dastanında qəhrəmanların güləş, oxatma, atçapma ilə güclərini sınamaları yer alır, yoxlamalarından dönə-dönə danışılır. Dastanda kişilərlə yanaşı, qadınların da bu mübarizə növlərində hünər və məharət göstərməsi qeyd edilir. Azərbaycan idmanının himayədarı dünya siyasətinin fenomeni, əbədiyaşar Heydər Əliyevi ölkə ictimaiyyəti həmişə xüsusi minnətdarlıq və məhəbbət hissilə xatırlayır və xatırlayacaqdır. Çünki Azərbaycanda bugünki idmanın mövcudluğu və inkişafı bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyev respublikada digər sahələr kimi, idmanın da maddi-texniki bazasının gücləndirilməsi yolunda böyük işlər görmüşdür. 1994-cü ilin 26 iyulunda ölkədə idmana və gəncliyə dövlət qayğısını bilavasitə gerçəkləşdirəcək bir qurum - Gənclər və İdman Nazirliyini yaratmaqla, o, bir-biri ilə sıx bağlı olan bu iki sahəyə qayğını önə çəkmişdir. Gəncləri pis vərdişlərdən, zərərli adətlərdən çəkindirmək, idman vasitəsilə onları layiqli Azərbaycan vətəndaşlarına çevirmək, kütləvi bədən tərbiyəsinin yayılması ilə xalqın fiziki sağlamlığına nail olmaq, peşəkar idmançıların uğurlu çıxışlarına kömək etmək, onların gücü ilə Azərbaycan adlı məmləkəti dünyaya tanıtdırmaq - bu idi Heydər Əliyevin idman siyasəti. İndi də bu siyasət müvəffəqiyyətlə davam etməkdədir. İdmançılarımıza ən yaxşı şərait yaradılması məqsədilə regionlarda inşa edilən möhtəşəm Olimpiya İdman komplekslərində təcrübəli mütəxəssislərin rəhbərliyi ilə aparılan gərgin məşqlər böyük yarışlarda qələbələr qazanılmasında mühüm rol oynamışdır. Və bu komplekslər gənclərin sevimli istirahət yerinə çevrilmişdir.

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada irəlidə gedən ölkələrdən biridir. Bu, danılmaz həqiqət və təsdiq olunmuş bir faktdır. İdmançılarının qələbə soraqları tez-tez dünya, Avropa çempionatlarından, beynəlxalq turnirlərdən, Olimpiya Oyunlarından gələn Azərbaycan bu sahədə inkişafa görə nəinki keçmiş SSRİ respublikalarını, hətta əksər Avropa dövlətlərini geridə qoyur. Ölkəmizdə Olimpiya hərəkatının inkişafında əsas mərhələ isə 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra başlandı. Milli Olimpiya Komitəsi dünya və Avropa idman təşkilatları ilə sıx əlaqələr yaratmaqla həm də respublikamızın beynəlxalq aləmdə tanıdılması üçün əvəzedilməz xidmətlər göstərdi. Ölkəmizdə idman sahəsində qazanılan nailiyyətlərdən ən önəmlisi beynəlxalq səviyyəli yarışların ölkəmizdə keçirilməsidir.

Azərbaycan artıq beynəlxalq turnir və çempionatların keçirildiyi məkana çevrilmişdir. Qabaqcıl aqrar rayonlardan olan Goranboy rayonunda da idmana diqqət və qayğı prioritet məsələlərdəndir. 2021-ci ilin 22 iyulunda dövlət başçısı İlham Əliyevin açılışında iştirak etdiyi möhtəşəm Olimpiya İdman Kompleksi gənclərin idmana marağının artması və asudə vaxtının səmərəli keçirməsinə geniş imkan yaratmışdır. Artıq onun nəticələri göz qabağındadır. Goranboy idmançılarının sorağı beynəlxalq yarışlardan gəlir.

Xatırladaq ki, kompleksin ərazisi 3 hektardan çoxdur. Sahəsi 9137 kvadratmetr olan kompleksdə böyük idman korpusu yerləşir. Universal idman zalı 905 tamaşaçı tutumludur. Bu zal basketbol, voleybol, həndbol, minifutbol idman növləri üzrə məşqlərin və yarışların keçirilməsinə imkan verir. Eyni zamanda, cüdo, taekvondo, sambo, karate, kikboksinq və digər idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulub. Kompleksə üzgüçülük hovuzu da daxildir. Bu günlərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, dövlət rəsmləri Goranboy Rayon Olimpiya İdman Kompleksində olublar. Dövlət rəsmiləri burada yaradılmış mövcud şəraitlə bir daha maraqlanıblar, idmanın müxtəlif, o cümlədən ağır atletika, güləş, üzgüçülük, gimnastika, stolüstü tennis və digər növləri üzrə inkişafının daha gücləndirilməsi və Olimpiya Kompleksinin fəaliyyət imkanlarının daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar.

Zabit XƏLİLOV,

"Respublika".