Ölkəmizin səhiyyə sistemi müasirləşir, modernləşir
Səhiyyə

Ölkəmizin səhiyyə sistemi müasirləşir, modernləşir

Yaradılan yüksəksəviyyəli tibbi şərait insan sağlamlığının etibarlı qorunmasına təminat verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi sayəsində son illər ərzində səhiyyəmiz mütəmadi qaydada inkişaf edir. Dövlət başçısının sosialyönümlü siyasətinin nəticəsi olaraq Azərbaycanda səhiyyə sahəsində islahatlar uğurla davam etdirilir.

Bu gün ölkənin hər bir bölgəsində müasir tibb müəssisələri şəbəkəsi yaradılıb. Rayon xəstəxanaları müasir avadanlıqlar və cərrahiyyə otaqları ilə təmin olunub ki, burada da ən mürəkkəb əməliyyatları icra etmək mümkündür.

 

Son illərdə səhiyyənin kadr potensialının gücləndirilməsinə böyük diqqət yetirilir. Tibb təhsilində aparılan islahatlar, Avropanın qabaqcıl klinikalarında təcrübə keçmək imkanı və digər tədbirlərin nəticəsidir ki, hazırda ən müasir müalicə üsulları tətbiq olunur. Kardiocərrahiyyə əməliyyatları, o cümlədən uşaqların anadangəlmə ürək qüsurları əməliyyatları, orqan transplantasiyaları və s. yerli klinikalarda həkimlər tərəfindən uğurla həyata keçirilir. Yeri gəlmişkən, səhiyyəmizin inkişafını həm beynəlxalq qurumlar, həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də sıravi xarici ölkə vətəndaşları da qeyd edir. Digər sahələrdə olduğu kimi, Azərbaycan səhiyyəsində də davamlı inkişaf gedir. Burada İcbari Tibbi Sığortanı da xüsusi qeyd etmək lazımdır. Belə ki, bu sahədə pilot regionlarda layihələr icra edilib. Səhiyyənin maddi-texniki bazası, kadr potensialı, agentliyin pilot regionlarda əldə etdiyi müsbət nəticələr onu deməyə əsas verir ki, yeni maliyyələşmə modelinin bütün ölkədə mərhələli şəkildə tətbiqinə hər cür şərait yaradılıb.

İstər qədim dövrün, istərsə də zəmanəmizin həkimlik ənənələri uzun bir inkişaf yolu keçmişdir. Bu yol eramızdan əvvəl VIII əsrdə mövcud olmuş Midiya dövlətindən başlayaraq, antik və orta əsrlər dövrünü də əhatə edir. Azərbaycan xalqının qədim əcdadları olmuş midiyalılar qomoral və ya pnevmatik təbabətin nəzəri əsaslarına dərindən bələd idilər. Onlar gigiyenaya çox böyük əhəmiyyət verirdilər... Yoluxucu xəstəliklərlə mübarizədə şəxsi gigiyenaya üstünlük verilməsi isə heç də təsadüfi deyildi, çünki o, sağlamlığın təminatçısıdır. Bu mənada bu gün koronavirus pandemiyası ilə mübarizə apardığımız bir zamanda yoluxucu xəstəliklər, onunla mübarizə və profilaktika sahəsində ölkədə aparılmış genişmiqyaslı tədbirlər və onların nəticələri, səhiyyəmizin uğurları barədə bir daha danışmağa ehtiyac duyulur.

İnfeksion xəstəliklər təsadüfi olmayıb, insan cəmiyyəti tarixində onunla birlikdə inkişaf edən və dəyişən qanunauyğun təzahürlərdir. Bir infeksiyanı başqası əvəz edir, bununla da onların profilaktikasının yeni problemləri yaranır. İnfeksion xəstəliklər üzrə profilaktik tədbirləri şərti olaraq iki böyük qrupa - ümumi və xüsusi qrupa bölmək olar. Ümumi profilaktika tədbirləri qrupuna əhalinin maddi rifah halının yüksəldilməsinə, tibbi təminatın, əmək və istirahət şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş dövlət tədbirləri, habelə sanitariya-texniki, aqromeşə-texniki, hidrotexniki və meliorasiya tədbirləri, yaşayış məntəqələrinin tikintisi və səmərəli planlaşdırılması tədbirləri, infeksion xəstəliklərin profilaktikasında və ləğv edilməsində müvəffəqiyyətlərə imkan verən bir çox başqa tədbirlər aid edilir.

Xüsusi tədbirlər qrupuna müalicə-profilaktika və sanitariya-epidemioloji idarələrin mütəxəssislərinin gördüyü profilaktik tədbirlər daxildir. Bu tədbirlərin həyata keçirilməsində səhiyyə orqanları ilə yanaşı, digər qurumlar, habelə əhalinin geniş təbəqəsi iştirak edir.

Tənəffüs yollarının infeksiyaları (qızılca, məxmərək, difteriya, skarlatina, qrip və s.) zamanı törədici mikrobun yoluxma yollarını aradan qaldırmaq üçün tədbirlərin aparılması bağırsaq infeksiyalarındakına nisbətən daha böyük çətinlik törədir.

Məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli qərarı ilə 2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı təsdiq edilmişdir. Proqramda qeyd edilir ki, Azərbaycan Respublikasında yoluxucu xəstəliklərlə mübarizə işi səhiyyənin prioritet sahələrindən biridir. İmmunoprofilaktikaya dair proqram körpə və uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasına yönəlmiş ən vacib proqramdır. Dünya miqyasında immunoprofilaktika tədbirləri nəticəsində bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalmış, bir neçəsi isə tam ləğv olunmuşdur.

2006-2010-cu illəri əhatə edən “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” çərçivəsində respublikanın poliomielitdən azad olması statusunun saxlanılması, qızılca və məxmərəyin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikası kimi bir sıra kompleks tədbirlər hazırlanaraq həyata keçirilmiş, eləcə də planlı şəkildə vaksinlərlə idarə olunan digər yoluxucu xəstəliklərə qarşı immunoprofilaktika və nəzarət tədbirləri görülmüşdür. Görülən tədbirlərin nəticəsidir ki, 2006-cı ildə qızılca xəstəliyi 270 hadisə, məxmərək xəstəliyi 137 hadisə qeydə alındığı halda, 2009-cu ildə bu xəstəliklər tamamilə qeydə alınmamış, göyöskürək xəstəliyi azaldılmış, tetanus, difteriya xəstəlikləri isə tək-tək hallarda təsadüf etmişdir.

Yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə rotavirus, B tipli hemofil infeksiyası tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət tətbiq edilmişdir. Həmçinin yoluxucu və parazitar xəstəliklərin nozologiyaları Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT) 10-cu baxışına uyğunlaşdırılmış və rotavirus infeksiyası, pnevmokok meningiti və digər infeksiyalar tərəfindən törədilən meningitlər kimi hesabat formasına əlavə edilmişdir. Yoluxucu xəstəliklər haqqında məlumatların toplanması, ötürülməsi, işlənməsi və bu məlumatların geniş təhlili prosesi təkmilləşdirilmiş, nəzarətin gücləndirilməsinə və operativliyinə imkan verən yoluxucu xəstəliklər üzərində Elektron Müşahidə Sistemi tətbiq edilmişdir.

Respublika səviyyəsində vaksin və digər peyvənd materiallarının ehtiyatı yaradılmış və onların etibarlı saxlanması məqsədilə lazımi həcmdə “soyuq zəncir” avadanlığı alınaraq elektrik enerjisi ilə fasiləsiz təchizatı təmin edilmiş, vaksinlərin və digər peyvənd materiallarının “soyuq zəncir” sisteminin tələblərinə uyğun qaydada rayonlara daşınması təmin olunmuşdur. Bundan əlavə, “soyuq zəncir” sisteminin tələblərinə uyğun işləmək üçün mütəxəssislər də hazırlanmışdır. Vaksinlərin alınmasının planlaşdırılması, vaksin və infeksiya materialları ehtiyatının tənzimlənməsi sistemi təkmilləşdirilmiş, Proqram çərçivəsində vaksinlərin vurulması üçün özüməhvolan şprislərin və təhlükəsiz qutuların istifadə edilməsinə keçid tədbirləri başa çatdırılmış və epidemioloji göstərişlərə əsasən əhalinin immunlaşdırılması məqsədilə vaksin fondu yaradılmışdır.

Ümumiyyətlə, Tədbirlər Proqramının məqsəd və vəzifələri profilaktik peyvənd təqviminə uyğun olaraq, peyvəndləmənin yüksək səviyyədə saxlanılması; immunlaşdırmanın keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi; bütün mərhələlərdə yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin təmin edilməsi; immunoprofilaktika sahəsində kadr hazırlığından ibarətdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2019-cu il üçün illik hesabatında deyilir: “Qonşu ölkələrdə baş verən epidemioloji gərginliyə baxmayaraq, yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan kompleks profilaktik tədbirlər respublikada əldə olunan epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verir”.

Hesabatda daha sonra bildirilir ki, Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, ölkəmizdə də uşaqların 11 xəstəliyə qarşı immunlaşdırma tədbirləri ilə müdafiəsi təmin edilir. Ölkə üzrə peyvənd planı yenidoğulmuşların hepatit B vaksini ilə 98,8, poliomielit əleyhinə vaksinlə 95,4, vərəm əleyhinə vaksinlə 95,4, pnevmakok əleyhinə vaksinlə 97,0 və göyöskürək-difteriya-tetanus əleyhinə vaksinlə 94,3 faiz yerinə yetirilib. Bunun nəticəsində xüsusi profilaktika vasitələri ilə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib. Poliomielit, difteriya, göyöskürək, epidemik parotit xəstəlikləri ölkədə artıq müşahidə edilmir, tetanus və məxmərək xəstəlikləri tək-tək hallarda baş verir. Ölkədə həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktika tədbirləri nəticəsində artıq 6 ildir ki, malyariyanın yerli yoluxması müşahidə olunmur. Bu nailiyyət Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən qiymətləndirilib və hazırda malyariyanın eliminasiyasının sertifikatlaşdırılması prosesinə başlanılıb.

Yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində qazanılan təcrübə bu gün COVİD-19 pandemiyası ilə mübarizə işində də köməyə gəlir. İnanırıq ki, ən qısa zamanda dünya səhiyyəsi, eləcə də Azərbaycan bu bəlanın kökünün kəsilməsində müsbət nəticələr əldə edəcək, tezliklə o da adlarını sadaladığımız bəzi yoluxucu xəstəliklər kimi tarixdə qalacaq. Hələlik isə qoyulan qaydalara əməl etməli, ilk növbədə, şəxsi gigiyenamıza diqqət yetirməliyik. Unutmayın, sağlamlıq həm də öz əlimizdədir.

Zümrüd QURBANQIZI,

“Respublika”.