ÖLMƏZLİYİ YAŞADANLAR
Region

ÖLMƏZLİYİ YAŞADANLAR

Onun Vətənə xidmətdə keçən ömrü qısa, lakin çox dəyərli oldu... Deyirlər, Vətən uğrunda şəhid olanlar ölmür, daim nümunəyə, örnəyə çevrilir. Onlar bir məslək, bir əqidə, bir inam uğrunda vuruşub, qəhrəmancasına həlak olub, əbədiyyətə qovuşurlar. Vüsal da ömrünün 19-cu baharında, təzəcə çiçəklənmiş vaxtında Vətən, ana, torpaq uğrunda şirin canından, gənc ömründən keçdi... Bəli, bu, qəhrəmanlıq dastanına layiq bir ölümdü! İllər, əsrlər dəyişsə də, onlar elə bu gənc yaşlarında qalacaq, beləcə xatırlanacaq, şərəfli ömürlərinə kədər notlarında elegiyalar yazılacaq. Bu səs Vətənin hər qarış torpağında, dağ-daşında əks-səda verəcək.

Samux rayonunun Qarayeri qəsəbəsindən olan Vətən müharibəsinin gənc şəhidi Allahverdiyev Vüsal Novruz oğlunun əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, şəhidin valideynləri, yaxınları iştirak etdilər. Qeyd olundu ki, bu gün kəndin hər bir sakininin qəlbində Vüsal ucalığı, mətinliyi yaşayır. Şəhid ucalığı isə ən yüksək zirvədir. Bu zirvədən o, elinə, obasına baxır, əbədiyaşarlıq qazanır.

Valideynləri, müəllimləri və yaxınları şəhidlə bağlı xoş xatirələri yada saldılar, onun haqqında öz təəssüratlarını bölüşdülər.

Allahverdiyev Vüsal Novruz oğlu 25 iyul 2002-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi zamanı döyüşlərdə qəhrəmancasına şəhid olub. Samux rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Zabit XƏLİLOV,

“Respublika”.