Ölüm ayrılıq deyil
Region

Ölüm ayrılıq deyil

Ata-babalarımızdan bizə miras qalan torpağı qoruyanlar, bu müqəddəs amal uğrunda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər zaman keçdikcə əfsanəyə dönür, şanlı adları nəsildən-nəslə ötürülür.  Vətənimizin bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canından, qanından keçən belə şücaətli oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, xatirələrini əziz tutmalı, onların keçdiyi şərəfli döyüş yolu dillər əzbəri olmalıdır. Belə qəhrəmanların müqəddəs ruhu önündə baş əyib deməliyik ki, “siz həmişə bizimləsiniz, xatirəniz qəlbimizdədir, cisminiz torpağa qovuşsa da ölüm ayrılıq deyil...” 
Məhz bu müqəddəs duyğularla Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda canından keçərək şəhadətə yüksələn  qəhrəman oğullarımızdan biri  Kamran İlqar oğlu Fərəcovun doğum günü  Şirvan şəhərində  qeyd edildi.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə Şirvan şəhər Şəhidlər Xiyabanında Kamran Fərəcovun məzarı önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verdi və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirdi. 44 günlük Vətən müharibəsində dövlət, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında xalq və ordunun sıx birləşərək qazandığı Şanlı Qələbədən danışdı. İşğaldan azad edilən torpaqlarımız abadlaşdıqca, o torpaqlarda üçrəngli bayrağımızı dalğalandıran, bizə qələbə sevincini və qürurunu yaşadan Kamranların ruhunun şad olacağını söylədi. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı canlarını fəda edərək Vətən torpağını qoruyan igidlərimizin hər zaman dərin ehtirama layiq olduqlarını, xalqımız tərəfindən heç vaxt unudulmayacağını diqqətə çatdırdı.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov baş əsgər Kamran Fərəcovun vətənə məhəbətindən, igidliyindən, döyüş yolundan danışaraq qeyd edib ki, Kamran hərbi xidmətini başa vurduqdan sonra evə qayıtsa da hərbçi peşəsinə olan vurğunluğu və vətənpərvərliyi onu yenidən ordu sıralarına qaytarıb. 2016-cı ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlayıb. 5 il ərzində hərbçi peşəsinin sirlərinə müvəffəqiyyətlə yiyələnib və peşəkar hərbçi kimi 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində fəal iştirak edib. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut və Xocavənd istiqamətlərində  gedən döyüş əməliyyatlarında əsl qəhrəmanlıq və şücaət nümayiş etdirib.

Tədbirin sonunda şəhidin ailə üzvləri Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Şəhidlər Xiyabanında aparılan abadlıq, yenidənqurma işlərinə, qara mərmərdən qəbirüstü abidələrin ucaldılmasına, Vətən müharibəsi şəhidlərinin doğum və anım günlərinin  yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Tofiq HÜSEYN,

“Respublika”.