ÖLÜMƏ MEYDAN OXUYANLAR
Region

ÖLÜMƏ MEYDAN OXUYANLAR

Şəhidlərin ildönümü ərəfəsində Mingəçevir şəhər rəhbərliyinin onların ailələrini ziyarəti davam edir. Şəhid Məmmədov Vasif Rafael oğlu və Əlibəyli Mikayıl Xalıqverdi oğlunun ailəsinə ziyarət zamanı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyətinin rəsmi şəxsləri iştirak edirdilər. Hər bir şəhid ailəsinə İcra Hakimiyyəti tərəfindən sovqatlar da təqdim olunub.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhidlərin xatirəsini əbədiləşdirmək üçün evlərində yaradılmış guşələrlə tanış olub, onlara rəhmət diləyib. Şəhid valideynləri övladları ilə bağlı xatirələrini şəhər rəhbəri ilə bölüşüblər. Hər iki şəhidin ailə üzvləri dövlətin diqqət və qayğısından məmnun olduqlarını dilə gətirərək, hər hansı problemləri yarandığı təqdirdə icra hakimiyyətinin müvafiq şöbəsi tərəfindən operativ həll edildiyini razılıqla bildirdilər.

Şəhid adlarının əbədiləşdirilməsi sahəsində görülən işlərdən söz açan İlham İsmayılov, icra hakimiyyəti tərəfindən xüsusi plakatın hazırlandığı və hər bir şəhidin həyat və fəaliyyətini geniş şəkildə əks etdirən kitab üzərində işlərin aparıldığını diqqətə çatdırıb. Bundan əlavə, Mingəçevirdəki Şəhidlər Muzeyinin də gələcəkdə rekonstruksiya olunacağı və burada Birinci Qarabağ müharibəsində şəhid olanlarla yanaşı, İkinci Vətən müharibəsi şəhidlərinin də xatirəsinin əbədiləşdirilməsi üçün müvafiq guşələrin yaradılmasının nəzərdə tutulduğunu vurğulayıb.

Zabit XƏLİLOV,

“Respublika”.