Ombudsman BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili ilə görüşüb
SİYASƏT

Ombudsman BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Suxrob Xojimatovu qəbul edib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, qonağı salamlayan S.Əliyeva Ombudsmanın mandatı, strukturu, həyata keçirdiyi fəaliyyət, o cümlədən BMT-nin müqavilə və nizamnamə orqanları ilə əməkdaşlıq istiqamətləri barədə geniş məlumat verib.

Qeyd olunub ki, Ermənistanın işğalından azad olunan ərazilərimizdə həyatın yenidən bərpa edilməsi hazırda prioritet vəzifələrdən biri olaraq qarşıda durur. Həmin ərazilərdə həyata keçirdiyi faktaraşdırıcı missiyalardan danışan Ombudsman müharibədən zərər çəkmiş insanların yenidən normal həyata qayıtmaları istiqamətində beynəlxalq təşkilatlarla birgə müvafiq addımların atılmasının vacibliyini qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq BMT-nin İnkişaf Proqramının Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüşdə əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi, Ombudsman Aparatı və regional mərkəzlərinin imkanlarının gücləndirilməsi istiqamətində birgə əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb.

Zümrüd ABDULLAYEVA,

"Respublika".