Ombudsman Kəlbəcərdə baş vermiş mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
Digər xəbərlər

Ombudsman Kəlbəcərdə baş vermiş mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Müraciətdə deyilir ki, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda piyada əleyhinə minanın partlaması nəticəsində 4-ü mülki şəxs, 4-ü hərbçi olmaqla, ümumilikdə 8 nəfər Ermənistanın mina terrorunun növbəti qurbanlarına çevrilib. Belə ki, təmir işləri ilə məşğul olan mülki şəxslər minaya düşdükdən sonra onların təxliyəsi məqsədilə əraziyə gələn hərbçilər də minaya düşüb və onlardan biri aldığı xəsarətlərdən həlak olub.

Həmçinin, o da vurğulanır ki, 30 ilə yaxın işğal müddətində Azərbaycan ərazilərində basdırılan minaların xəritələri haqqında dəqiq məlumatın verilməməsi, münaqişə bitdikdən sonra təxribatların davam etdirilməsi, işğaldan azad edilmiş ərazilərin yenidən minalarla çirkləndirilməsi mülki şəxslərin və hərbçilərin həyatını təhlükə qarşısında qoyur. Qurumun mətbuat xidmətinin məlumatında bildirilir ki, Ombudsman bu kimi cinayətkar əməllər törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb edir, beynəlxalq ictimaiyyəti bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırır.

"Respublika".