Ombudsman litvalı jurnalist Riçards Lapaitislə görüşüb
Digər xəbərlər

Ombudsman litvalı jurnalist Riçards Lapaitislə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva litvalı jurnalist Riçards Lapaitis və çəkiliş qrupu ilə görüş keçirib.
Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, görüşdə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanıb, özünün birbaşa şahidi və iştirakçısı olduğu Birinci Qarabağ müharibəsini və qanlı soyqırımı aktını işıqlandıran “Sonsuz dəhliz” sənədli filmi müzakirə olunub.

Hərbi jurnalist olan Riçards Lapaitis filmin çəkilişi zamanı Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşdüyünü, yaxınlarını itirənlərin ürək dağlayan hekayələrini dinlədiyini, eyni zamanda bu film vasitəsilə erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırdığını bildirib.

Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən yeni sənədli filmin çəkilişləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qonağa müharibə dövründə və müharibədən sonra Ombudsman tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyət, aparılan faktaraşdırıcı missiyalar barədə geniş məlumat verilib və gələcək birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Yekunda qonaq Səbinə Əliyevaya səmimi qəbula görə təşəkkürünü bildirib.

Zümrüd QURBANQIZI,

“Respublika”.