Ombudsman: Qərəzli qətnamələr regionda sülh prosesinə mane olur
MÜSAHİBƏLƏR

Ombudsman: Qərəzli qətnamələr regionda sülh prosesinə mane olur

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Fransa parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib.

Bu barədə AZƏRTAC-a Ombudsman aparatından məlumat verilib.

Bildirilib ki, Fransa parlamentinin aşağı palatası tərəfindən 2022-ci il noyabrın 30-da ölkəmiz əleyhinə qəbul edilmiş, özündə heç bir həqiqəti əks etdirməyən təxribat xarakterli qərəzli qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşdirilməsinə və sülhyaratma prosesinə ciddi zərər verməkdədir.

Hələ 15 gün əvvəl Fransa Senatında qəbul olunmuş "Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 2020-ci il 10 noyabr tarixli razılaşmaya riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi" adlı qətnamədən sonra yenidən ölkəmiz əleyhinə qətnamənin qəbulu Fransa parlamentinin beynəlxalq hüquqa hörmətsizliyini bir daha sübut edir.

"Hesab edirik ki, bir-birinin ardınca belə qərəzli qətnamələrin qəbulu nəinki Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olur, regionda siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına mənfi təsir göstərir.

Bu qətnamə ilə Fransa Ermənistanın Azərbaycana qarşı etnik və dini nifrət zəminində həyata keçirdiyi işğalçılıq siyasətini dəstəkləyir, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərindən olan suverenlik və ərazi bütövlüyü prinsiplərinə qarşı çıxır. 30 il müddətində başqa bir ölkənin ərazisini işğal etmiş Ermənistanı müdafiə etmək Fransa hökumətinin insan hüquq və azadlıqlarını heçə saydığının açıq təzahürüdür.

Bir daha Fransa parlamentinin aşağı palatasının ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirməsini qəti şəkildə pisləyir, onların bu hərəkətini təxribatçı addım kimi qiymətləndirirəm. Eyni zamanda, Fransanı regionda milli ədavəti qızışdırmaq və aparılan bərpa-quruculuq proseslərinə mane olmaq istiqamətindəki fəaliyyətindən əl çəkməyə çağırıram", - deyə ombudsman qeyd edib.

AZƏRTAC