Ombudsmanla Akademiyada görüş
Digər xəbərlər

Ombudsmanla Akademiyada görüş

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin rəhbərliyinin, əməkdaşlarının və kursantlarının Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva ilə görüşü keçirilib.

Akademiyadan redaksiyamıza bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Akademiyanın "Şöhrət" muzeyinin qarşısında ucaldılmış abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub. Sonra "Şöhrət" muzeyində dahi şəxsiyyətin, ümummilli liderimizin mənalı ömür yolunu əks etdirən fotostendlər və digər eksponatlarla yaxından tanışlıq olub.

Sonra tədbir inzibati binanın akt zalında davam edib. Tədbiri açıq elan edən Akademiya rəisinin vəzifəsini müvəqqəti icra edən Elşad Nəsirov görüş iştirakçılarını salamlayaraq, ölkəmizdə insan hüquqlarının qorunması sahəsində aparılan mühüm işlər barədə söhbət açıb.

Tədbirdə söz alan İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva Ombudsman təsisatının yaranma tarixi və fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü nəticəsində qəbul olunduğunu bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün istiqamətlərdə olduğu kimi insan hüquqları sahəsində də aparılan məqsədyönlü islahatlardan, əldə olunmuş nailiyyətlərdən danışan S.Əliyeva bu il Azərbaycanda Ombudsman təsisatının yaradılmasının 20 illiyinin qeyd olunduğunu, bu illər ərzində həyata keçirilmiş çoxsaylı layihələrin təsisatın inkişafına önəmli töhfə verdiyini, Ombudsman Aparatı və regional mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində son dövrlərdə görülmüş işləri görüş iştirakçılarının diqqətinə çatdırıb. Sonda Ombudsman Akademiyada kursantların təhsil alması üçün yaradılan şəraitin yüksək səviyyədə olduğunu xüsusilə vurğulayıb və Akademiyanın kursant heyətini Ombudsman Aparatının fəaliyyəti ilə tanış olmağa dəvət edib.

Yekunda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib və xatirə şəkili çəkdirilib.

Emin QASIMOV,

“Respublika”.