Ömrü çağlar bulaq oldu
Sosial həyat

Ömrü çağlar bulaq oldu

44 günlük İkinci Qarabağ  müharibəsində qazanılan şanlı qələbədə qəhrəmanlıq göstərən qalib şəhidlərdən biri də Lerik rayonu, Hovil kəndində dünyaya göz açmış İmaməli Elman oğlu İbrahimov olub. Dağlar qartalının hünəri dövlət tərəfindən "Vətənə xidmətə görə" ordeninə və  medallara layiq görülübdür. Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşməsi naminə  tədbirlər çərçivəsində şəhid İmaməli İbrahimovun doğulduğu  Hovil kəndində xatirə bulağı tikilib. Açılış mərasimində tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiram əlaməti olaraq bulağın  üzərinə tər çiçəklər düzdülər.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev çıxış etdi. O, dedi: - Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Milli Ordumuz erməni işğalçılarını 44 günə darmadağın etdi.  Bu qanlı-qadalı müharibədə qəhrəmancasına vuruşaraq düşmənə sarsıdıcı  zərbələr vuran igidlərimiz arasında lerikli gənclərin də xüsusi yeri vardır. Dağlar diyarında Vətən müharibəsi şəhidlərinə və iştirakçılarına  böyük ehtiram bəslənilir, xatirələri əziz tutulur, adları əbədiləşdirilir, xatirə lövhələri vurulur, ad və anım günləri ilə bağlı tədbirlər, mərasimlər keçirilir. Onların Vətən qarşısında xidmətləri  daim yaşayacaq, hər zaman gənc nəslə örnək olacaq. İmaməli İbrahimov da Vətən yolunda şəhidlik zirvəsinə ucalıb. İndi böyük bir xalq öz qəhrəman oğlu ilə fəxr edir.

Şəhidin atası  Elman İbrahimov çıxış edib Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığını yüksək tutan, onların xatirəsinin daim yaşaması  naminə görülən işlərə görə ölkə Prezidenti İlham Əliyevə  və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.