Ömrümüzə nur saçanlar
Sosial həyat

Ömrümüzə nur saçanlar

"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram", - deyən ulu öndər Heydər Əliyev müəllimə, onun peşəsinə böyük dəyər, yüksək qiymət verirdi.

Oktyabr ayının 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar günün qeyd olunması haqqında qərar 1966-cı il 5 oktyabrda UNESCO tərəfindən təsdiq edilmişdir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncam 1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmışdır.

Bu gün onların günüdür - şərəfli, müqəddəs peşə sahibləri olan müəllimlərin. Dünyanın ən müdrik insanları, böyük şəxsiyyətləri belə bu müqəddəs varlıq qarşısında uşaqlaşır, adiləşir. Kimliyimizdən, hansı mənsəbə sahib olmağımızdan asılı olmayaraq hər zaman onlardan nəsə öyrənməyə ehtiyac duyuruq. Cəmiyyət müəllim əməyinin, zəhmətinin eyni zamanda, sevgisinin sayəsində formalaşır.  Savadlı, dünyagörüşlü, əxlaqlı insanlar yetişir. Həyatını xalqının işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramı bütün cəmiyyət üçün əlamətdardır. Müəllim adı tarixən fədakarlıq, əzm, Vətənə və xalqa  sevgi, vətənpərvərlik anlayışı ilə birgə çəkilib. Bu ad bir də ona görə şərəflidir ki, müstəqil Azərbaycanımızın gələcəyinin daha möhkəm təməllər üzərində qurulması yolunda onların əməyi ölçüyəgəlməz dərəcədə böyükdür. O, əməyi,  xidməti, sevgisi ilə müqəddəslik qazanıb. Müəllimlər cəmiyyətin  ən fəal iştirakçılarıdır.

Müəllimlərin peşə bayramlarının beynəlxalq səviyyədə keçirilməsi onların cəmiyyətdəki nüfuzunun və hörmətinin göstəricisidir. Hər bir fərdin cəmiyyətdə formalaşması müəllim əməyi, təxəyyülü və zəhmətli illəri hesabına başa gəlir. Öz şagirdinə qarşı sevgi və qayğı ilə yanaşan müəllim həm də onları gələcək həyata hazırlayır. Müəllim pedaqoq olmaqla yanaşı, həm də psixoloqdu. O, hər bir şagirdinin düşüncə tərzinə, elmi, biliyi qavrama səviyyəsinə bələd olmalıdır.  Müəllim öz yetirməsini həm də bir şəxsiyyət kimi yaxından tanımalıdır.

Əgər, bu gün dünyada sivil, inkişaf etmiş dövlətlər sırasında Azərbaycan da varsa, deməli, bu, birbaşa onun təhsilinin yüksək səviyyədə olmasından xəbər verir. Bəli, ölkəmizdə təhsil sahəsinə böyük diqqət və qayğı göstərilir. Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə   müəllim əməyini yüksək qiymətləndirib, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Əsası böyük şəxsiyyət tərəfindən qoyulan inkişaf strategiyası bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil işçilərinin əmək haqlarının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardandır. Dövlət tərəfindən göstərilən bu qayğı və diqqət  böyük müəllim ordusuna stimul verməklə yanaşı, həm də onların məsuliyyətini də artırır. Elə bunun nəticəsidir ki,  ölkəmizdə təhsil sahəsi çox sürətlə və keyfiyyətli şəkildə inkişaf edir. Qəbul olunmuş Dövlət proqramları və aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsinə böyük təkan verir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb.  Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir".

Dövlət başçısının müvafiq sərəncamları və tapşırıqları əsasında Azərbaycanda hər il 100-ə yaxın məktəb inşa olunur, ya da təmir olunub istifadəyə verilir. Bu işdə də Heydər Əliyev Fondu mühüm rol oynayır. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təhsil sahəsini hər zaman diqqətdə saxlayır. Fondun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib.  Görülən tədbirlər, verilən bütün qərarlar Azərbaycan təhsilinin uğurlu inkişafı üçün nəzərdə tutulur. Eyni zamanda, təhsilimizin yükünü,  məsuliyyətini öz çiyinlərində daşıyan müəllim ordusunun yaşayış tərzinin yaxşılaşdırılması naminə həyata keçirilir.

Həyatını xalqın işıqlı gələcəyinə, maariflənməsinə həsr edən müqəddəs peşə sahiblərinə hər zaman böyük hörmət, sevgi olub. Hər birimiz üçün müəllimlər valideynlərimiz qədər doğma və əzizdir. Onlar bizlərin həyat memarı, qurucusudur. Öz ömrünü xalqının şərəfli gələcəyinə həsr edən müəllimin əməyi böyükdür, danılmazdır.

Xalqın təfəkkür və düşüncəsində hər zaman müəllim adı ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi formalaşmışdır. Ömrünü şam kimi əridib, öz zəhməti, əməyi və biliyi sayəsində neçə-neçə insanların həyatını işığa, nura qərq edir, taleyinə nur saçır. Son 30 ildə başımıza gələn faciələrdən, Qarabağ müharibəsindən gələcək nəsildə təsəvvür formalaşdıran da  müəllimdir. Ermənilərin xalqımıza qarşı törətdikləri terrorlarla, işğal etdikləri ərazilərlə bağlı fikir və düşüncələrini də aşılayan onlardır. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 700-dən çox təhsil işçisi iştirak edib.  Onlardan 20 nəfəri şəhidlik zirvəsinə ucalıb. Vətəninin, torpağının bütövlüyü uğrunda cihada qalxıb.

 Əziz müəllimlər, sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik. Bu gün sizin bayramınızdır. Ölkəmizin hər tərəfində,  ucqar dağ kəndində, paytaxtımızda işləyən müəllim, hər biriniz bizim üçün əzizsiniz, doğmasınız. Bu təbrikin böyük bir hissəsi də paytaxtdan uzaqda,  amma könlümüzə sevinc bəxş edən Ağalıda işləyən müəllimlərə düşür. O müəllimlərə ki, 30 il yurd-torpaq həsrətindən sonra doğma məktəblərinə dönüblər. İlk təhsil illərinin ilk bayram sevincini Qələbə sevincinə qatırlar. İşğaldan azad edilən, azad Zəngilanın Ağalı kənd məktəbində.

Ramidə YAQUBQIZI,

"Respublika".